Modern.az

Ekologiya və Təbii Sərvətlər Nazirlyi: “Türkiyə Kürü Qara dənizə döndərsə, Azərbaycana problem olmayacaq”

Ekologiya və Təbii Sərvətlər Nazirlyi: “Türkiyə Kürü Qara dənizə döndərsə, Azərbaycana problem olmayacaq”

Ölkə

1 İyul 2010, 15:27

Türkiyənin ətraf mühit və meşə naziri Veysəl Əroğlu başlanğıcını bu ölkənin ərazisindəki Qızılgədik dağından götürüb Gürcüstan və Azərbaycandan keçərək Xəzər dənizinə tökülən Kür çayı ilə bağlı mübahisə doğuran açıaqlama verib. Nazir Türkiyə mətbuatına deyib ki, "Kürün suyu bizimdir və onu istədiyimiz yerə axıda bilərik”. V.Əroğlu Kürün Qara dənizə tökülən Çoruh çayına axıdılacağını, nəticədə əkin sahələrini suvaracaqlarını, elektrik enerjisi hasil edərək satacaqlarını və sellərin qarşısını alacaqlarını bildirib.

Bəs Türkiyə Kürü Qara dənizə axıtsa, Azərbaycanda hər hansı problem yaşana bilərmi? Axı Azərbaycanda da Kürün suyu müxtəlif məqsədlər üçün istifadə olunur.

Modern.az bu sualla Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət edib. Nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova saytımıza bildirib ki, əgər Türkiyə Kür çayını Qara dənizə axıtsa, bu addım Kür çayının ekoloji vəziyyətinə çox ciddi təsir etməyəcək: “Gürcüstan Hidrometeorologiya xidməti tərəfindən  Kür–Xartvisi məntəqəsində aparılan çox illik müşahidə məlumatları onu göstərir ki, Türkiyə ərazisindən Kürün Gürcüstanadək olan hissəsinə orta hesabla saniyədə 30-35 kubmetr su daxil olur. Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Departamentinin çoxillik məlumatlarına görə isə Gürcüstandan Azərbaycana daxil olan axın Kürqırağı Kəsəmən məntəqəsində orta hesabla saniyədə 270 – 300 kubmetr təşkil edir. Bu rəqəmləri müqayisə etsək görərik ki, Türkiyədən Gürcüstana Kür çayı ilə gələn suyun həcmi Gürcüstandan Azərbaycan gələn suyun həcminin 10-12 faizini təşkil edir. Ona görə də hesab edirik ki, Türkiyə əgər bunu etsə belə, Kür çayının ekoloji vəziyyətinə və Kür çayının su ehtiyatlarının azalmasına ciddi təsir göstərməyəcək. Bu o demək deyil ki,  su sərfi azalacaq”. Xatırladaq ki, Kür Cənubi Qafqazın ən böyük çayıdır. Onun uzunluğu 1515 km-dir. Kürün 906 km-i Azərbaycan ərazisindən keçir. Türkiyədən Gürcüstana qədər dağ çayı kimi axan Kür ensiz dağ vadilərindən - dərələrdən keçir. Belə vadilərdən ən böyüyü Gürcüstandakı Borjomi dərəsidir. Tbilisi yaxınlığında Kür düzən çaylarına məxsus forma alır, yatağı enlənir. Kürün ən böyük qolu Araz çayıdır, Sabirabad yaxınlığında Kürə tökülür. Kürün digər böyük qolları - Liaxvi, Çisandon, Araqvi, Qanıx (Alazan), Türyan, Ağstafa, Şəmkir və Tərtər çaylarıdır. Kür çayının su mənbəyinin 36 faizini əriyən qarlar, 30 faizini yeraltı qrunt suları, 20 faizini yağış, 14 faizini isə buzlaqlardan əriyib axan sular təşkil edir. Təhminə Paşayeva

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi