Modern.az

82 yaşlı “Sovetski” sakini: “Dədə-babadan burda yaşamışıq, hara köçək, necə köçək!?” – REPORTAJ – FOTOLAR

82 yaşlı “Sovetski” sakini: “Dədə-babadan burda yaşamışıq, hara köçək, necə köçək!?” – REPORTAJ – FOTOLAR

Reportaj

28 İyun 2014, 10:12

Uzun müddətdir söküntüsünə başlanılan “Sovetski” adlanan ərazinin sakinləri evlərini tərk etmək istəmir. Bunun obyektiv və subyektiv səbəbləri var. Modern.az-a da burada uzun illərdir yaşayan sakinlər söküntü və köçürülmə prosesi ilə bağlı vaxtaşırı narazılıqlarını bildirirlər. Narazılıqları nəzərə alaraq sözügedən ərzidə olduq, sakinlərdən son vəziyyətlə bağlı məlumat aldıq.


Süleyman Rəhimov-11 ünvanında yaşayan Fuad Dərgahov söküntü prosesindən qətiyyən razı deyil. Onun sözlərinə görə, evi cəmi 15 kvadratmetrdir. Bunun müqabilində isə dövlət 22 min manat pul təklif edir. Həmin məbləğə isə nəinki şəhər içində, heç ətraf ərazilərdə də normal ev almağın mümkün olmadığını söyləyən ailə başçısı evdən çıxmayacaqlarını bəyan edib: “Abid Şərifov öz açıqlamasında bildirdi ki, heç kimi məcburi şəkildə çıxarmayın, mən də onun sözlərini əsas götürərək evdən çıxmıram. Ailədə 4 nəfərik, övladlarım 10-12 yaşındadır, məktəbə gedirlər, şəhərin mərkəzində pis-yaxşı yaşayırıq. Əvvəl bildirdilər ki, ev sahəsi az olanlara Lökbatanda, Ukrayna dairəsində ev tikilir, gah da dedilər ki, 50 min manat pul veriləcək, indi isə onlardan səs-soraq yoxdur. Sadəcə, evin sahəsini ölçüb gediblər. Rəsmi açıqlama verən yoxdur ki, nə edəcəyimizi bilək. Heç olmasa 50 min manat versələr, qızıllarımızı satıb başımıza çarə qılarıq. Bura şəhərin mərkəzidir, metro, bulvar iki addımlığımızdadır. Televiziyalarda bütün günü deyirlər ki, Bakı kəndlərində qaz, işıq, su yoxdur, amma bizim elə burda elə problemlərimiz yoxdur”.

Ərazidə xeyli söküntü işi aparılsa da, hələ ki evlərində yaşamaqda olan sakinlərin dediklərinə görə, işıq, su, qaz problemi ilə üzləşməyiblər. Həyətlərdən birində 5 ailə yaşayır, onlar baş nazirin müavini Abid Şərifovun son sözünü gözləyirlər.

Vətəndaşlar ümumiyyətlə, deputat Ülvi Quliyevi tanımadıqlarını bildirdilər: “Bir dəfə deputat kimi gəlib bizimlə maraqlanmayıb”. 

Qanuna görə, vətəndaşın evi sökülərsə, ona yaşadığı ərazidən 300 metr aralıda ev verilməlidir. Sakinlər isə bildirirlər ki, lap 1 kilometr aralıda olsa belə, buradakı evləri ölçüsündə mənzilə razıdırlar: “Əgər verməyib evi söksələr, başımıza daş da düşsə, evdən çıxmayacağıq. Biz dövləti dəstəklədiyimiz kimi, dövlət də vətəndaşına sahib çıxsın. Keçən aksiyada polislər qadınların üstünə cumurdular. Mən uşağımı normal böyütməliyəm ki, sabahın əsgəri də normal olsun. Burda da sıxıntı, əsgərlikdə də sıxıntı, artıq insanlıqdan çıxırıq”.

Məhəllə sakini Aybəniz Rəhimova deyir ki, ailədə 4 nəfərdilər, evin ölçüsü isə 22 kvadratmetrdir, buna görə isə 35 min manat pul verirlər. Az olmasına baxmayaraq razılaşdıqlarını söyləyən xanımın fikrincə, başqa çarələri yoxdur.

S.Rəhimov-11-də yaşayan Cabir Cəfərov 11 kvadratmetrlik evdə 7 nəfərin qeydiyyatda olduğunu, yer azlığından övladlarının kirayədə yaşadığını söylədi. 

“Sovetski”nin digər sakini 82 yaşlı sakini Rəcəb Ağaoğlu 28 kvadratmetrlik həyətdə 5 ailə yaşadığını bildirib: “Övladlarımı evləndirmişəm, onlarla bir yerdə qalırıq, dədə-babadan burda yaşamışıq, hara köçək, necə köçək?”


Gülsün Mirzəyeva Yasamal rayon İcra Hakimiyyətinin işçisidir. Gülsüm xanım da bildirir ki, evin axırıncı daşı başına düşsə də, evini tərk etməyəcək. Ümumi sahəsi 38 kvadaratmetr olan evdə yaşayan xanım 3 ailənin yaşaması üçün ayrıca ev, ya da münasib pul tələb edir: “Mən villa istəmirəm, əlavə pul istəmirəm, şəhərin mərkəzində evimi dəyməzin pula verib ətraf Suraxanıya, Ramanaya niyə getməliyəm?!

Evləri dar olduğu üçün sakinlər yeməyi divanın başında yeyir, asılqan kimi isə divardakı xalçadan istifadə edirlər.


Məhəllə sakini Faiq Qaracullayevin həyat yoldaşı bildirir ki, evi 100 kvadratmetr olsa da, 13 kvadartmetri az hesablayıblar: “Yoldaşım 2 gündür rəhmətə gedib, dedim heç olmasa 40-nı verib sonra evdən çıxım, icazə vermədilər. Hansı ədalətdən danışırlar? Artıq əşyalarmızı yığıb köçürük”. Söküntü ilə bağlı vəziyyətin pis olmasından gileylənənlərlə yanaşı, evinin yenicə təmirdən çıxdığını deyən sakinlər də var. Söhbət zamanı məhəllənin müxtəlif yerlərdən hasara alındığının da şahidi olduq. Sakinlərin sözlərinə görə, Yasamal rayon İcra Hakimiyyətinin nümayəndəsi Səməd İslamov bildirmişdi ki, camaat hamısı köçməyincə hasarlanma olmayacaq, amma buna baxmayaraq, bir həftədir hər yeri hasara alırlar.

Yaranmış vəziyyətlə bağlı Yasamal rayon İcra Hakimiyyəti başçısının 3 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə gedərək rəsmilərdən məsələyə münasibət öyrənmək istəsək də, orda oturan xanım “rəsmilər ərazidədir”, - deməklə kifayətləndi. Ərazidə olduğumuz müddətdə isə hər hansı rəsmi şəxsə isə rast gəlmədik...

 

Gülşən RAUFQIZI

Foto: Ayşən MÖHSÜNLÜ

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı