Modern.az

Qarabağı gözləyən Avrasiya İttifaqı: Moskva “Madrid prinsipləri”ni demontaj edir - TƏHLİL

Qarabağı gözləyən Avrasiya İttifaqı: Moskva “Madrid prinsipləri”ni demontaj edir - TƏHLİL

Aktual

30 İyun 2014, 15:18


Rusiyanın işğal olunmuş 3 rayonu Azərbaycana qaytarmaq istəməsi barədə məlumat  bir neçə gündür KİV-lərdə aktiv müzakirə olunur. Ağdam, Zəngilan və Cəbrayıl rayonlarının Avrasiya İttifaqına qoşulacağımız təqdirdə geri veriləcəyi barədə deyilənlər bir bir sıra məqamları aydınlaşdırmağı vacib edir.

İlk olaraq Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi barədə aparılan sülh danışıqlarından başlamaq lazımdır. Stola qoyulmuş “Madrid prinsipləri” adlı sülh modelinə görə, Ermənistan Dağlıq Qarabağa aid olmayan  işğal etdiyi 6 rayonu geri qaytarmalıdır. Sülh planına görə, bundan sonra regionda bütün kommunikasiyalar açılacaq, azad edilmiş torpaqların reabilitasiyası üzrə donor konfransı keçiriləcək. Regionda sülhməramlı müşahidəçilər yerləşdiriləcək, evlərinə qayıdan köçkünlərin təhlükəsizliyi təmin ediləcək.
Növbəti mərhələdə Laçın və Kəlbəcər rayonları tamamilə azad edilir, azərbaycanlı icma Dağlıq Qarabağa qayıdır, bundan sonra Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağın  hüquqi statusu müəyyən edilir. ATƏT-in Misnk Qrupunun həmsdərlərinin təklif etdiyi sülh planı budur: Bakı və Yerevan neçə ildir ki, bu sülh planı əsasında müzakirələr aparır, Ermənistan və Azərbaycan dövlət başçılarının görüşləri baş tutur.  

Avrasiya İttifaqı Qarabağı almaq üçün cazibədar platformadır?

Sülh danışıqlarının dondurulduğu bir məqamda birdən-birə 3 rayonun qaytarılması barədə informasiyanın yayılması ilk növbədə geopolitik savaşın bir həlqəsi sayılmalıdır. Bu baxımdan ABŞ və Rusiyanın öz maraqları uğrunda apardığı savaş artıq dünənə qədər müxtəlif regional münaqişələrlə bağlı birgə, razılaşdırılmış hərəkət planını geri atıb. Suriyada və Ukraynada gedən bu savaşın sərhəddi artıq xeyli genişlənib. Bu rəqabətin xüsusi bir ideoloji platforması yoxdur. Məqsəd aydındır: daha böyük bazarları ələ keçirmək və qazanmaq! O baxımdan Putinin Avrasiya İttifaqı ideyasını Qərbin qarşılaşdığı sürpriz gediş saymaq olardı.  Moskva bu ideya ilə MDB məkanında SSRİ dağıldıqdan sonra pərakəndə şəkildə fəaliyyət göstərən qüvvələrin bir araya gəlməsi üçün çoxdan bəri arzulanan ideoloji platformanın əsasını qoydu. ABŞ üçünsə bu arzuolunmaz bir platformadır. 1918-ci ildə də Sovet Rusiyası imperiyanın keçmiş ərazilərini vahid məkanda birləşdirmək üçün bu gedişdən yararlanmışdı. Təsadüfi deyil ki, bolşeviklər Dağlıq Qarabağda öz hakimiyyətini yarada bilməyən Azərbaycan Demokratik Respublikasının cəhdlərini erməni qiyamı ilə qarşılayaraq, milli höküməti rusların  danışıqsız şərtlərini qəbul etməyə vadar edirdilər.  Məhz 1920-ci ildə Sovet Rusiyası Azərbaycanı işğal edəndən sonra ruslar bu “Qarabağ kəndirini” Azərbaycanın xeyrinə olmaqla özləri kəsdilər. Çünki artıq hədəf vurulmuşdu və Bakı Sovet Rusiyasının əlində qalmışdı. Analogiya aparsaq, bu gün də eyni siyasi taktikanın təzahürlərini görmək mümknüdür. Avrasiya İttifaqı məhz “yeni SSRİ”nin əsas ideoloji platforması olmaqla, keçmiş İttifaqın suqutunda əsaslı rol oynamış Qarabağ münaqişəsinin həll edilməsi üçün cazibədar platforma kimi təqdim olunur.

Moskva “Madrid prinsiplərini” demontaj edir

Moskva var gücü ilə Qarabağ probleminin həllini beynəlxalq vasitəçilərin  ortaq mövqeyindən çıxarmaq və əsas söz yiyəsinin özü olduğu barədə fikir formalaşdırır. Bu baxımdan 3 rayonun qaytarılması barədə məlumatlar “Madrid prinsipləri”nin  demontajı üçün bir cəhddir.  Avrasiya İttifaqının son sammitində Qazaxıstan prezidenti Nursultan Nazarbayevin Ermənistana öz sərhədləri daxilində İttifaqa daxil olmasının mümkünlüyü barədə xəbərdarlığı bu baxımdan önəmli mesajdır. Yerevana başa salırlar ki, Bakı Avrasiya İttifaqının əsas sütunlarından biri sayılır və onun istənilən xahişi həll olunacaq. Putinin bir güllə ilə iki sərçə vurduğunu  demək olar: Rusiya Sərksiyana Avropa İttifaqı ilə assosiastiv sazişi bağlamağa imkan verməməklə onu Qərbdəki nüfuzlu erməni diasporu ilə üz-üzə qoydu, SSRİ dönəmindəki ərazi sərhədlərini xatırlatmaqla “oyun qaydalarına” riayətin vacib olduğunu anlatdı.  Hazırda rəsmi Bakıya Avropadan axan rəsmi ziyarətçi axını Azərbaycanın çox mühüm bir mövqeyə malik olduğunu bir daha təsdiq edir. Azərbaycan öz şərtlərini diqtə etmək üçün ünikal imkan əldə edib. Odur ki, belə həssas məqamda əsas hədəfi Qarabağ münaqişəsinin Bakının xeyrinə həll olunmasına yönəltmək üçün rıçaqları nəzərdən keçirmək zərurətə çevrilib. ABŞ-lı həmsədr Uorlikin ötən ay “Madrid prinsipləri”ni xatırlatması təsadüfi sayıla bilməzdi. Vaşinqton bu sülh planını bir daha xatırlatmaqla Moskvaya münaqişənin həllində birgə iştirakla bağlı götürülən öhdəliyi yada salır. Bu baxımdan Avropanın strateji tərəfdaşı elan edilmiş Bakının Moskva ilə əlaqələrinin perspektivi özündə Cənubi Qafqazdakı siyasi prosesləri kökündən dəyişə biləcək gücü daşıyır.

Xaqani SƏFƏROĞLU   

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır