Modern.az

Nəsli tükənməkdə olan insan və kütləvi qırğınlar...

Nəsli tükənməkdə olan insan və kütləvi qırğınlar...

2 İyul 2014, 14:43

Hazırda dünya əhalisi 7,1 milyard nəfərdən ibarətdir. BMT-nin proqnozuna görə, 2050-ci ildə dünya əhalisi 9,2 milyard nəfər çatacaq. Amma statistika bu artımın get-gedə daha ləng getdiyini göstərir. Artıma neqativ təsir göstərən tendensiya əvvəlki dövrlərdə müharibə və xəstəliklərdən ibarət idisə, müasir zamanda cəmiyyətin yüksək inkişafa çatması, qadınların hüquq bərabərliyi baxımından kişilərlə eyniləşməsi, abortun tətbiq olunması, qoruyucu vasitələrdən istifadənin geniş yayılması və daha azuşaqlı ailə planlanmasına keçidlə bağlıdır. Güman olunur ki, dünya əhalisi öz sürətli artım dövrünü geridə qoyub.

Modern.az saytı bu mövzuda araşdırma aparıb.

Müxtəlif dövrlərdə müxtəlif sayda baş verən müharibələr, xəstəliklər dünya əhalisinin kəskin azalmasına yol açırdı. Belə ki, 1618-1648-ci illərdə baş verən və tarixə “Otuz illik müharibə” adlı ilə daxil olan Ümumavropa müharibəsi zamanı əsas hərbi əməliyyat meydanı olan Almaniya 17 milyon sakinin 10 milyonun itirmişdi. Yaxud dünya demoqrafiya tarixinin ən neqativ epizodu – monqol istilaları.

Köçəri həyat tərzi keçirən bu xalq məşhur sərkərdə Çingiz xan tərəfindən birləşdirildikdən sonra həm Qərbə, həm də Şərqə dəhşətli yürüşlər ediblər. Monqol istilaları zamanı təkcə Çin 30 milyon insan itirib. Ümumiyyətlə, monqol yürüşləri Yer kürəsinin 70 milyon sakinin ölümünə yol açıb. Təsadüfi deyil ki, XIII əsrə nisbətən XIV əsrdə dünya əhalisi 17% azalmışdı.

1861-1865-ci illərdə şimal və cənub ştatları arasında qanlı vətəndaş müharibəsinin yaşandığı Amerika yarım milyondan artıq vətəndaşını itirmişdi. Yəni vətəndaşlarının 10%-ini. Hələ uzun illər bu demoqrafik çuxur özünü dul və subay qadınların çoxluğu ilə Amerika cəmiyyətində hiss olunurdu.

1808-1809-cu illər Rusiya-İsveç müharibəsi əsas mübarizə meydanı olan Finlandiyanın ümumi əhalisinin 20%-inin xəstəli, aclıq və müharibə səbəbindən itirməsinə yol açmışdı.

Üzərindən tam 100 il keçən I Dünya Müharibəsi zamanı da bəşəriyyət dəhşətli itiklərlə üzləşmişdi. Müharibənin iştirakçılarından Rumıniya əhalisinin 7%-ini, Serbiya isə 10%-ini itirmişdi. Fransa və Almaniya xüsusən 18-25 yaş qrupunda 1 milyondan artıq əsgər və zabitini itirərək ağır demoqrafik vəziyyətə düşmüşdü.

Milyonlara insanın ölümünə bais olan Koreya müharibəsi (1950-1953), Vyetnam müharibəsi (1964-1973), Əfqanıstan müharibəsi (1979-1989), İran-İraq müharibəsi (1980-1988) XX əsrdə də yüksək əqli inkişafa çatmış insanın qanlı savaş sevdasının keçmədiyin göstərdi.



Bəşər tarixinin sonuncu ən qanlı müharibəsi 1998-2002-ci illərdə 4 milyondan artıq insanın həlak olduğu “Böyük Afrika Müharibəsi” sayılır. Təəssüf ki, hazırda da Yer kürəsi hərbi əməliyyat meydanına səhnə olmaqda davam edir.

Dünyanın demoqrafiyasına ən neqativ təsir göstərən müharibə kimi ilk ağıla gələn, planetin əksər guşələrini xarabazarlığa çevirən II Dünya müharibəsidir. 1939-ci il sentyabrın 1-də başlayan və 1945-ci il sentyabrın 2-də Yaponiyanın kapitulyasiya etməsi ilə başa çatan müharibə 55-70 milyon insanın ölümünə səbəb olmuşdu. İnsanların milli, dini yaxud irqi fərqliliyinə görə kütləvi şəkildə məhv edilməsi təcrübəsi də II Dünya Müharibəsinin gətirdiyi mənfi təcrübələrdən biri idi. Almanların müxtəlif yollarla qətl etdikləri 6 milyon Avropa yəhudisinin öldürüldüyü “Holokost” faciəsi son 50 ildə bir çox regionda təkrarlandı.

1975-1979-cu illərdə kommunist “qırmızı kxmerlər” Kambocada hakimiyyəti ələ alaraq radikal iqtisadi siyasətləri və repressiyalar yolu ilə ölkə əhalisinin 30%-ini, yaxud 2 milyon nəfərini ölümə sürükləmişdi. 1994-cü ilin may-iyul aylarında, cəmi 100 gün ərzində Afrika ölkəsi Ruandada 800 min-1 milyon arasında insan tutsi-xutu tayfaları arasındakı etnik qarşıdurmanın qurbanı oldu.
Bosniyanı 90-cı illərin əvvəllərində saran vətəndaş müharibəsi on minlərlə Bosniyam müsəlmanının, serbin və xorvatın ölümünə yol açmışdı.

Dünya əhalisinin tarix boyu azalmasında müharibələrdən daha öldürücü qüvvə xəstəliklər və pandemiyalar hesab olunur. 1347-ci ildə İtaliyanın Genuya limanında Krımdan təşrif buyuran gəmi yan alır. Qərib ölkədə vəba xəstəliyinə yoluxan italiyalı dənizçilər qısa müddətə bütün Avropada ölüm saçacaq xəstəliyin ilk daşıyıcıları idilər. 1353-cü ilə qədər Avropanın bir çox ölkələrində - İtaliya, Fransa, Almaniya, Skandinaviya ölkələri, İngiltərə və Rusiyada pandemiya dəhşətli fəsadlar törədir. Orta əsr səhiyyəsinin gücsüz qaldığı yoluxucu virus müasir hesablamalara görə qitə əhalisinin 30%-dən çoxunu, rəqəmlərlə təxminən 20-25 milyon insanın həyatına son qoyur.

Vəba pandemiyası təkcə Avropaya deyil, Yaxın Şərq, Şimali Afrika və Mərkəzi Asiya regionlarında da “baş çəkir”. Bu qlobal təsirin nəticəsi həmin dövrdə dünya əhalisinə birbaşa təsir göstərir. Demoqrafiya üzrə ekspertlər 1300-cü ildə dünya əhalisinin 460 milyon, 1340-cı ildə 443 milyon, 1400-cü ildə isə təxminən 374 milyona düşdüyünü ehtimal edir. “Qara ölüm” yaxud vəba pandemiyasının qısa müddətdə planetə təsiri bundan ibarət olur. Yalnız 1500-cü ildə Yer sakinləri 500 milyon həddini keçir.

Əhalinin sayı baxımından ən neqativ rol oynamış pandemiya hadisəsi XX əsrdə baş verib. 20 milyon insanın ölümünə, 55 milyon insanın xəsarət almasına səbəb olan I Dünya Müharibəsi dəhşətləri yeni, öldürücü pandemiyanın təsirinə düşür. Daha çox “İspaniya qripi” yaxud “ispanka” adlandırılan pandemiya 1918-1919-cu illərdə 18 ay müddətində bütün planet boyu – Barselonadan Keyptauna qədər, Moskvadan Buenos-Ayresə və Tokiyoya qədər tüğyan edib. Təxmini hesablamalara görə 50-100 milyon arasında insan yəni Yer kürəsinin 2,7-5,3%-i xəstəliyin qurbanına çevrilib.

Əhalinin artım tempində iqtisadi böhranların da neqativ tolu qeyd olunmalıdır. 1929-1933-cü illərin Dünya İqtisadi Böhranı xüsusən, qabaqcıl Qərbi Avropa və Şimali Amerika ölkələrində doğumun kəskin aşağı düşməsinə təsir göstərmişdi. 30-cu illər nəsli Amerikada ən azsaylı nəsil hesab olunur və bu səbəbdən bu illərdən andan olan heç bir siyasətçi ABŞ Dövlət başçısı seçilməyib. 2008-ci ildə başlayan və cartıq səngiməkdə olan yeni iqtisadi böhran da təbii artım mənfi təsir göstərməsi ilə diqqət çəkir.

Dünya əhalisini son illərdə narahat edən əsas problemlərdən biri yeni-yeni pandemiya növlərinin meydana çıxmasıdır. 2003-cü ildən dünyanı cənginə alan “H5N1” yəni “Quş qripi” virusu 2009-cu ildə öz yerini digər təhlükəli virus olan “H11N1” (“donuz qripi”) ilə əvəzlədi. Kütləvi ölümlərə səbəb olmasa da müəyyən dövrülüklə belə virusların yaranması əslində xəstəliklərin mutasiya etdiyini və hər dəfə daha təhlükəli formada yayıldığını göstərirdi. Bu tendensiya Dünya Səhiyyə Təşkiklatı tərəfindən də qlobal təhlükə kimi qeyd olunub.

Sonuncu belə virus pandemiyası Ebola virusu hesab olunur. 1976-cı ildə Afrikada ilk dəfə qeydə alınan bu dəhşətli virus hazırda “qara qitə”nin Qvineya, Syerra-Leone və Liberiya kimi ölkələrində ölüm saçır. Son məlumatlara görə 400-dən artıq insan xəstəliyin qurbanına çevrilib və bu rəqəm artmaqda davam edir. 90% halda pasinetin ölümünə səbəb olan Ebola pandemiyasının ən qorxunc cəhəti ona qarşı heç bir peyvənd yaxud müalicənin olmamasıdır.

Sadalan faktlar dünya əhalisinin kəskin ölümünə yol açan qlobal səbəblərin bir hissəsidir. İdealistlərə görə Tanrının iradəsi, materialistlərə görə təbiətin planetdə harmoniya saxlama niyyəti dünya əhalisinin artıb-azalmasına təsir edən başlıca səbəblərdir. Lakin üçüncü bir versiya da mövcuddur. Bəzi ekspertlər hesab edirlər ki, dünya əhalisinin say dəyişikliyi insan şüurunun yəni qlobal dünya mərkəzlərinin düşünülmüş planıdır. Planetin ərzaqla, su ilə təmin olunması və s. qayğılar səbəbindən bu mərkəzlər zaman-zaman müxtəlif vasitələr - xəstəliklər, süni müharibələr. təbii fəlakətlərlə əhalinin sayında tarazlığı saxlayırdılar.

Konspiroloji mülahizə tərəfdarları belə nüzuqlu mərkəzlərdən biri kimi “Roma klubu”nun adıənı çəkirlər. 1965-ci ildə varlı Rokfeller sülaləsinin üzvü Devid Rokfellerin İtaliyadakı “Bellacio” malikanəsində “Dünyanın idarəolunma qaydaları” adı altında təsis toplantısı keçirilən klub dünyanın gələcəyi ilə bağlı öz inkişaf modelini hazırlamışdı. Konspiroloqların fikrincə, sosial durumu baxımından cəmiyyətin ən varlı təbəqələrinin təmsil olunduğu “Roma klubu” dünyanı gizli idarə edən əsas mərkəzlərdəndir. Maraqlıdır ki. bu klubun üzvlərindən biri, dünyanın ən zəngin insanlarından sayılan “Microsoft” korporasiyasının qurucusu Bill Geyts təsis etdiyi xeyriyyə fondlarının köməyi ilə Afrikada əhalinin azalmasına böyük məbləğdə vəsaitlər ayırır. Onun kasıb afrikalı gənclərə təklif etdiyi yeni peyvənd insanlarda reproduktiv aktivliyin 10-15% azalmasına və Afrikadakı sürətli artımı nəzarətdə saxlamağa imkan verəcək.

Mülahizə səviyyəsində olan bu iddialar təkzibedilməz sübutlara malik deyil. Bununla belə dünya əhalisinin artımı və 7 milyard insanın ehtiyaclarının ödənilməsi perspektivləri ilə bağlı dünyanın analitik və intellektual mərkəzlərinin araşdırma və layihələr hazırladıqları sirr deyil.

Vüqar İsmayılov     

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı