Modern.az

Ərəblərdə heyrətamiz Ramazan adətləri - Ərəb Əmirliklərində GÖRDÜKLƏRİM

Ərəblərdə heyrətamiz Ramazan adətləri - Ərəb Əmirliklərində GÖRDÜKLƏRİM

8 İyul 2014, 11:55


Abu-Dabi Dövlət Universitetinin əməkdaşı

Artıq bir həftədən çoxdur İslam aləmi mübarək Ramazan ayına qədəm qoyub. İbadət, mərhəmət, savab əməllər ayı olan ramazan ayı müsəlman əhli üçün ən müqəddəs aydır. İlahi kitabımız Qurani-Kərimin nazil olduğu mübarək  Ramazan ayında dünya müsəlmanları  sidq-ürəklə oruc tutur, namaz qılır, ibadət edir, Allah yolunda zəkat verirlər.    

Mübarək Ramazan ayı digər müsəlman ölkələrində olduğu kimi, Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) böyük coşqu, sevinc və təmtəraqla qeyd olunur. BƏƏ-də ramazanın xüsusi ənənələri, özəllikləri  vardır, demək olar ki, bir ay ərzində ölkənin hər bir tərəfində qələbəlik, bayram əhval-ruhiyyəsi yaşanır. İnsanların gündəlik həyat tərzi bu ay ərzində kökündən dəyişir. Hər il Ramazanda  BƏƏ-nin Əmək Nazirliyinin qərarına əsasən, ölkə sakinlərinin iş günü iki saat azaldılır.

Modern.azsaytı Birləşmiş Ərəb Əmirliklərində yaşayan ərəblərin Ramazan adətlərindən bəhs edən yazını oxuculara təqdim edir.

Ramazan ayında BƏƏ-də müəyyən qaydalar  tətbiq olunur. Ölkə ərazisində fəaliyyət göstərən bütün kafe, yeməkxana, restoranlar gün çıxandan gün batanadək bağlı olur. Əcnəbi vətəndaşlar, turistlər bu ayda qoyulan qaydalara hörmətlə yanaşaraq, riayət edirlər. İftar vaxtınadək ictimai yerlərdə  yemək yeyən, su içən əcnəbiyə rast gəlmək qeyri-mümkündür.
  

İslam dünyasında  birlik və həmrəylik simvolu olan Ramazan ayında insanlar toplum olaraq, heç bir sosial statusa fərq qoyulmadan iftar məclislərində, dini mərasimlərdə  birgə iştirak edirlər.

Ramazanın ilk günündən BƏƏ-nin bütün bölgələrində, şəhərlərində  "Xeyəm Ramadaniyyə" adlanan  Ramazan çadırları qurulur. Məscidlərin ətrafında, küçələrdə, məhəllələrdə fəaliyyət göstərən ramazan xeymələrində  gündəlik iftar məclisləri verilir.

Bundan əlavə, Ramazanda bələdiyyələr tərəfindən hər bir yerli ailəyə 5 kisə düyü, un, şəkər, xurma, yağ, müxtəlif növ şirələr, bir sözlə ailənin bir aylıq ehtiyacını ödəyən zəruri ərzaq məhsulları yardım edilir.

Ramazan ayı boyunca BƏƏ şəhərləri gecələr çırağbana dönür, küçələr al-əlvan işıqlarla bəzədilir. Ölkənin hər bir əmirliyində  bələdiyyələr tərəfindən ramazan tədbirləri düzənlənir, xeyriyyə aksiyaları təşkil olunur, ehtiyacı olan insanlara yardımlar edilir.

Dubay əmirliyində  ənənəvi olaraq hər il Ramazan ayında uşaqlar və yeniyetmələr arasında dünyanın ən böyük "Qurani-Kərim" (hifzi və qiraəti üzrə) müsabiqəsi keçirilir. Beynəlxalq müsabiqədə dünyanın dörd bir tərəfindən  dəvət olunmuş hafizlər iştirak edirlər.

Ramazan İslam aləmində savab, xeyirxah əməllər ayı olduğu üçün hər il Dubay hakimi və Əmirliyin baş naziri  Şeyx Məhəmməd bin Raşed əl-Maktumun təşəbbüsü ilə müxtəlif xeyriyyə aksiyaları təşkil olunur. Bu il Ramazan ayının ilk günündən başlayaraq  dünyada  susuzluq problemindən əziyyət çəkən 2.5 milyon insanın içməli su təchizatı ilə təmin olunması üçün "Sqya əl-İmarat" adlı xeyriyyə aksiyasına start verilib. Xeyriyyə aksiyasından əldə olunan vəsaitlə  Dubay hökuməti içməli su çatışmazlığından əziyyət çəkən Afrika və bəzi Asiya ölkələrində su quyularının  qazılması, sutəmizləyici qurğuların və nasosların quraşdırılmasını maliyyələşdirəcək. Xeyriyyə aksiyasında ölkənin hökümət idarələri, iri şirkətlər, iş adamları, banklar  yaxından iştirak edirlər. Artıq qısa müddət ərzində 70 milyondan çox vəsait toplanıb və hər gün bu xeyirxah təşəbbüsə qoşulanların sayı durmadan artır.  

Bundan əlavə, BƏƏ-də hər il Ramazan ayında "dünyada 1 milyon uşağı geyindirək" adlı xeyriyyə kampaniyası keçirilir. BƏƏ hökumətinin keçirdiyi bu aksiya Ramazan bayramında digər ölkələrdəki yetim və ya imkansız ailələrin uşaqlarına əsl bayram töhfəsi olur.

BƏƏ höküməti  eyni zamanda, "Hilal əl-Ahmar" (Qırmızı Aypara) cəmiyyəti və "Sanduq əl-Zəkat" (Zəkat Fondu)nun xətti ilə  ehtiyacı olan müsəlman  ölkələrinə iri məbləğdə maliyyə, ərzaq, tibbi yardımlar göndərir.

Mərhəmət və bağışlanma ayı olan Ramazanda hər il bayram münasibəti ilə BƏƏ prezidenti Şeyx Xəlifə bin Zayed əl-Naheyən tərəfindən əfv  sərəncamı imzalanır. Ölkə prezidenti tərəfindən imzalanan əfv fərmanı ilə müxtəlif vaxtlarda həbs cəzası 60 mindən çox yerli və xarici məhbus bağışlanaraq cəzalarından azad edilir. Bu humanist addımla insanlar ramazan bayramında azadlığa və öz ailələrinə, doğmalarına qovuşurlar. Əfv  fərmanı gəlmələrə, əcnəbi vətəndaşlara daha çox şamil olunur,onlar BƏƏ hökümətinin vəsaiti hesabına ölkələrinə yola salınırlar.  

BƏƏ prezidenti Şeyx Xəlifə bin Zayed əl-Naheyən tərəfindən hər il Ramazan ayında ölkə vətəndaşlarına evlər, torpaq sahələri hədiyyə olunur, banklara borcu olanların kredit borcları birdəfəlik ödənilir, ehtiyacı olan ailələrə iri məbləğdə pul yardım olunur. Ramazan ayında şeyxlərin şəxsi iqamətgahlarının, divanlarının, məclislərinin  qapıları  yerli əhali üçün açıq olur. Hər hansı bir problemi olan şəxs asanlıqla şeyxin qəbuluna düşərək, necə deyərlər, dərdinə əlac tapır.

Birləşmiş  Ərəb  Əmirliklərində Ramazan adətləri

 Hər bir xalqın özünəməxsus milli adət-ənənələri var. Milli adət-ənənələr bir xalqın milli irsindən, mədəniyyətinin zənginliyindən, qədim tarixi kökə malik olmasından xəbər verir. Bu baxımdan BƏƏ-nin dini və milli adət-ənənələri özünəməxsus xüsusiyyətləri ilə fərqlənir. Öz milli dəyərlərinə bağlı olan yerli ərəblər istiqanlı və qonaqpərvərdirlər. İstənilən yerli ərəbin qapısına gedən müsafir layiqincə qarşılanıb, yola salınır. Ev sahibi  qonaq  üçün  hörmət əlaməti olaraq  dəvə və ya qoyun kəsir. İstirahət günlərində ərəblərin evləri daha çox qonaq-qaralı olur. Onu da qeyd edim ki, ərəb ölkələrində istirahət günləri cümə axşamı, cümə və şənbədir.

BƏƏ ailələri adətən çoxuşaqlı olur (8-12 uşaq) və hər gün iftar süfrəsinə yığışan ailənin sayı ən azı 30-35 nəfər təşkil edir.  Evlənən oğullar, ərə gedən xanımlar övladları ilə birlikdə  gündəlik ata yurdlarında iftar süfrəsinin ətrafına toplaşırlar. Təbii ki, belə  tünlük  iftar məclislərinin öz ayrı ləzzəti olur.

İftar məclislərindən söz düşmüşkən, BƏƏ-nin mətbəx mədəniyyəti  öz zənginliyi ilə seçilir. Yerli ərəblərin gündəlik qida rasionunun əsasını düyüdən hazırlanan plov təşkil edir. "Aeyş" adlanan plov BƏƏ mətbəxinin şahı sayılır. Ölkənin milli mətbəxində plovun fərqli dada və görünüşə malik saysız-hesabsız növləri vardır. Ramazan ayında evlərdə müxtəlif çeşidli xörək və şirniyyatlar hazırlanır.

BƏƏ-nin milli mətbəxinə aid iftar süfrəsi üçün  hazırlanan ən məşhur xörək və şirniyyat növləri bunlardır:

"haris", "arsiya" (toyuq və düyüdən hazırlanır)  

  "xubs rqaq", "cbab", "mehlə", "xemir" (çörək növləri)

"xebeysa", "balalit" (xəmir xörəkləri)

 "liqeymət", "saqou", "um-ali" (şirniyyat növləri)

  "maçbus", "biryani" (aş növləri)

 "salona" (ət, toyuq, balıqdan hazırlanır)

 "sambusa" (müxtəlif növ tərəvəzlər, ət və toyuqdan hazırlanır)

"srid" (ət və ya toyuq "xubs rqaq"la (quru lavaş) qarışdırılaraq hazırlanır)

  "başamil" (ət və xəmir məmulatlarından hazırlanır)

  "mehaşi" (kusə-yaşıl badımcan, düyü və az miqdarda ətdən hazırlanır)

BƏƏ-də iftar süfrələrinin şahı və bəzəyi xurmadır. Müqəddəs Qurani-Kərimdə zikr edilən, bərəkətli və şəfaverici nemət olan xurma qədim zamanlardan ərəblərin  gündəlik qida rasionlarında  xüsusi yer tutur.



BƏƏ-də xurmanın 45-dən çox növü yetişdirilir. "Acva", "Xalas", "Barhi al-Madina", "Xoşkər", "Sukkari", "Maktumi", "Miskani", "Hiləli" adlı xurma növləri həcminə, rənginə, dadına  görə fərqlənirlər. Gündəlik iftar süfrələri üçün xurmadan müxtəlif çeşidli  şirniyyat  məmulatları və xurma şirələri hazırlanır. Bundan əlavə, BƏƏ-də hazırlanan xüsusi növ xurma doşabı ləzzətli dadı ilə yanaşı, bir çox xəstəliklərin müalicəsi üçün qiymətli dərmandır.

Yerli ərəblər orucu Peyğəmbərimiz (s.a.v) buyurduğu  kimi xurma ilə açırlar.  Xurma ilə açılan oruc Rəsulullahın (s.a.v) sünnəsindəndir. Xurmadan sonra su və ya "laban" adlandırılan ayran içilir.

Ramazan süfrələrində  təbii meyvə sirələrinə də üstunlük verilir, ən çox içilən isə qara tut və qarağatın qarışığı olan meyvə şirəsidir.

Hər bir evin xanımı gündəlik olaraq hazırladığı iftar təamlarindan "məğrib" azanından əvvəl qonum-qonşuya, yaxınlarına  pay göndərir ki, bu da, BƏƏ-də ən qədim ramazan ənənələrindən biridir. Bu səbəbdən hər evdə gündəlik iftar süfrələri coxçeşidliyi və zənginliyi ilə seçilir.

Ramazanda hər kəs sübh tezdən "suhur" yeməyinə  böyük bir həvəslə oyanır. Qədimlərdə oruc tutanları "suhur" vaxtı oyatmaq üçün "msahhar" adlandırılan məhəllə sakini "tablə" (davul) vuraraq oyadardı. Lakin zaman keçdikcə "msahhar"larin xidmətinə artıq ehtiyac qalmadı.

BƏƏ-də qədim ramazan adətlərindən biri də, iftar vaxtını bildirən yaylım atəşidir. Bu günümüzədək  ölkənin bir çox  bölgələrində, şəhərlərində  iftar vaxtı "məğrib" azanı oxunarkən,  toplardan yaylım atəşi açılır.   

Ramazan ayının bir çox özəllikləri, ənənələri var. Bu mübarək ayda insanlar arasında dostluq, qardaşlıq bağları daha da qüvvətlənir.Yerli ərəblər villalarının həyətlərində, bağ evlərində "meylis" adlanan qonaq çadırı qururlar. 



Hər bir evdə kişi və qadın "meylis"ləri ayrı olur. Qadın məclisləri "meylis il-hərim", kişi məclisləri isə "meylis il-ryayil" adlanır. "Meylis"lər adətən "cəlsə arabiyyə" adlanan, bədəvi adətinə xas olan xalça, mütəkkə və
 döşəkcələrlə  bəzədilir.



Yerli ərəb kişiləri məscidlərdə taravih namazını bərabər qıldıqdan sonra, meylislərə toplaşaraq  "fovvalə" adlanan meyvə və şirniyyat süfrəsi arxasında söhbətləşirlər.



"Fovvalə" süfrəsində yerli ərəb qəhvəsi, südlü çay, xurma, meyvə səbətləri, şirələr, müxtəlif növ şirniyyatlar olur.

Cavanların "meylis"ləri isə ayrı olur. Onlar ramazan axşamlarında öz aralarında müxtəlif növ əyləncəli  oyunlar təşkil edirlər.

Ramazan ayının gəlişi münasibəti ilə ailələr bir-birlərinə "səllətil ramadan" adlanan "ramazan səbəti" hədiyyə göndərirlər. Ramazan səbətinin içində evin xanımı üçün milli geyim olan "cəlləbiyə", yerli ərəb ətiri "dehn əl-oud", "buxur", xurma, şirniyyat bağlaması, qoz-fındıq məmulatları və s olur.

Yerli ərəblər ramazan bayramına xüsusi hazırlaşırlar. Bayram qabağı hər kəs bayram tədarükü görmək üçün bazar-dükanlara üz tutur. Yerli ərəblər qədim zamanlanlardan geyindikləri milli libaslarından  bu günümüzədək  gündəlik geyimlərində  istifadə edirlər.

Kişilərin milli geyimi:


"kandora" adlanan uzun ərəb paltarı, "kandora"nın altından "fanila" adlanan pambıq materialdan olan köynək və qarın nayihəsindən  bağlanan, təqribən bir metrlik "vizar" adlanan parçadan, baş geyimləri isə "qahviyyə", "aqal" və "
 ğatra " adlanan ərəb şalından ibarətdir.

Qadınlarin milli geyimi:


üstdən qara rəngli "abaya", baş örtükləri "şilə", əbanın altından geyinilən, "cəlləbiyə"  adlanan uzun, enli paltar və "srval" adlanan şalvardan ibarətdir.
    

Bayram tədarükü siyahısına  sadaladığım milli libaslar, eyni zamanda müasir brendlərin geyimləri, ətir, saat və s daxildir. Bir sözlə,"başdan- ayağadək" insana lazım olan hər bir geyim bayrama təzə alınır.

BƏƏ-nin milli adətlərindən biri də  yerli xanımların əl və ayaqlarına xına  çəkməyidir. Toyda, nişanda, bayramda, bir sözlə, hər hansı bir məslisdə iştirak edən xanımlar, qızlar mütləq əl və ayaqlarını "henna" adlanan xına ilə naxışlayırlar.


Sanki rəssam dəqiqliyi ilə bəzədilmiş  müxtəlif növ xına naxışları ərəb xanımlarının əllərinə  xüsusi gözəllik verir. Bayramdan bir gün öncə hər evdə xanımlar, qızlar yığışaraq xına çəkmə mərasimi təşkil edirlər.

Bayramqabağı xanımlar evlərdə xüsusi xoş ətirli "buxur" hazırlayırlar. "Buxur" yandırma ərəblərin ən qədim adətlərindən biridir. Deyilənə görə peyğəmbərlər "buxur" yandıraraq ibadət edirdilər. "Buxur"un tərkibi xüsusi növ ağac qabığından, müxtəlif  gül və efir yağlarından, ətirli maddələrdən ibarətdir.



BƏƏ-də hər bir evin özünəməxsus istifadə etdiyi müxtəlif ətirli "buxur"u var. "Buxur" xüsusi növ kömürlə yandırılır. "Buxur" yandırıldıqda  tüstülənir, ətrafa xoş ətiri yayılır və  "buxur"un iyi otaqda uzun müddət qalir.

Bundan əlavə, yerli xanımlar bayrama  "dehn əl-oud" adlandırılan  xüsusi növ ətriyyat  hazirlayırlar. "Dehn əl-oud" yerli ərəblərin qədimlərdən bəri ən çox istifadə etdikləri ətirdir. 



Qeyri-adi  xoş iyi ilə insanı bihuş edən "dehn əl-oud" yağ  şəklində olur və əsasən bədənin boğaz nayihəsinə vurulur. Yerli ərəblərin  gündəlik istifadə etdikləri "dehn əl-oud"un  tərkibi təbii  yağlardan ibarət olduğu üçün  qiyməti  çox bahadır.

"Ayid əl-Fitr" - Ramazan bayramı

 Müsəlman dünyasının ən sevimli bayramı olan "Ayid əl-Fitr" adlanan Ramazan bayramı BƏƏ-də böyük coşqu və təmtaraqla qeyd olunur,  məscidlərdə bayram namazları qılınır, fitrə zəkatları verilir. Bayramın ilk günü uşaqdan böyüyə hər kəs sübh tezdən oyaq olur, bayram namazına  yeni  libaslar geyinilir, məscidlərdə bayram namazı qılındıqdan sonra hər kəs doğmalarının  görüşünə gedir, əzizlərini ziyarət edir, "Ayid" (bayram) hədiyyələri paylanır, bir sözlə,  böyüklü-kiçikli  hamı sevinc içində biri-biri ilə bayramlaşır.

Mübarək ramazan bayramında uşaqlar da yaddan çıxmır. BƏƏ-nin ən qədim adətlərindən biri də bayramda uşaqlara "Ayidiyyə" adlanan bayram pulunun paylanmasıdır.



Hər bir ailədə böyüklər bayram sevinci içində olan uşaqlara gücü çatan məbləğdə "Ayidiyyə" verir. "Ayidiyyə" bayram namazından sonra qohum-qardaş, qonum-qonşu bir yerə toplaşdıqdan sonra paylanır. Əsl bayram əhval-ruhiyyəsi  yaşayan uşaqlar "Ayidiyyə" pulu ilə bayramın dadını istədikləri kimi çıxarırlar.

Bayramın ilk günündə ailələr, qonşular, yaxınlar yığışaraq "ğədə" adlanan günörta süfrəsinin ətrafına toplaşırlar. Günortadan sonra isə yaşlıları, ahılları ziyarətə, bayramlaşmaya yollanırlar.

BƏƏ-də bayram günləri bir neçə gün davam edir.

Beləliklə, islam aləminin mübarək ayı olan ramazan insanlar arasında sevgi, qardaşlıq, səmimiyyət  bağlarını gücləndirir, ehtiyac içində olanları  sevindirir,cəmiyyətdə birlik və bərabərlik əlaqələrinin möhkəmlənməsinə təkan verir.  

Allah bu mübarək ayda hər kəsin  orucunu, namazlarını qəbul,  dua və diləklərini müstəcəb etsin. Amin.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir