Modern.az

Türkiyə prezidentliyinə namizədlərin ailələri: oğlanları və qızları - FOTOLAR

Türkiyə prezidentliyinə namizədlərin ailələri: oğlanları və qızları - FOTOLAR

Dünya

9 İyul 2014, 15:58

Avqustun 10-da Türkiyədə prezident seçkiləri keçiriləcək. 90 illik Türkiyə Cümhuriyyəti tarixində prezident ilk dəfə ümumxalq səsverməsi yolu ilə müəyyən olunacaq. Bu, 2007-ci ildə Konstitusiyaya edilən dəyişikliklərdən sonra mümkün olub.

Dövlət kürsüsünə əsas namizədlər iqtidardakı dini təmayüllü Ədalət və İnkişaf Partiyasının sədri Rəcəb Tayyip Ərdoğan, sağ təmayüllü Cümhuriyyət Xalq Partiyası və Millətçi Hərəkat Partiyasının ortaq namizədi Ekmələddin İhsanoğlu və daha çox kürd seçicilərin dəstəyinə arxalanan “Xalqların Demokratik Partiyası”ndan Səlahəddin Dəmirtaşdır.

Siyasi platformaları, seçicilərə vədləri diqqət çəkdiyi kimi bu siyasətçilərin şəxsi həyatı da seçkiyə qədərki müddətdə mətbuatına marağında qalır. Modern.az saytı Türkiyə prezidentliyinə namizəd olan hər 3 siyasətçinin şəxsi həyatı, ailəsi və uşaqları barədə bilgiləri təqdim edir.


Rəcəb Tayyip Ərdoğanın həyat yoldaşı Əminə Gülbaran 1955-ci il fevralın 21-də Türkiyənin şərqində yerləşən Siirt şəhərində anadan olub. Ailədəki 5 uşağın kiçiyi olan Əminə İstanbuldakı Mithat Paşa Akşam adına incəsənət məktəbində təhsil alıb. Lakin təhsilini yarımçıq saxlayıb. O, paralel olaraq siyasi fəallığı olan qadınları öz sıralarında birləşdirən təşkilatlara üzv olub. Əminə ilə Rəcəb Tayyip siyasi konfransların birində tanış olublar. 1978-ci il iyulun 4-də onların toy mərasimi keçirilib. Bu nikahdan cütlüyün 4 övladı – oğulları Əhmət Burak, Nəcməddin Bilal və qızları Əsra və Süməyya Ərdoğan doğulub.

Burak Ərdoğan 1979-cu ildə İstanbulda anadan olub. Rəcəb Tayyip Ərdoğanın ilk övladı olan Burak Anadolu İmam Hatip məktəbində orta təhsil alıb. Daha sonra isə Londonda təhsilini davam etdirib. 2007-ci ildə “MB” dənizçilik şirkətini yaradıb. Ümumilikdə o, 92 min ton yük daşıya bilən 5 gəminin sahibidir. 2001-ci il fevralın 23-də Burak Ərdoğan İmam Hatip liseyində birgə təhsil aldığı sinif yoldaşı Sema Ketenci ilə ailə həyatı qurub.

Nəcməddin Bilal Ərdoğan 1980-ci ildə anadan olub. İmam Hatip Məktəbini bitirdikdən sonra 2003-cü ildə ABŞ-a gedərək Harvard Universitetində təhsil alıb. Təhsilini başa vurduqdan sonra isə Dünya Bankında işləyib. Hazırda Bilal Ərdoğan Türkiyədə dənizçilik biznesi ilə məşğul olur. 2013-cü ildə o öz əmisi Mustafa Ərdoğan və kürəkəni Ziya İlgenlə ortaq “BMZ Dənizçilik və İnşaat Şirkəti” təsis ediblər. Daha çox yükdaşımaları ilə məşğul olan şirkətin bir neçə gəmidən ibarət donanması mövcuddur. O, 2003-cü ildə Reyvan Uzunerlə İstinbulda ailə həyatı qurub. Cütlüyün Əli Tahir və Ömər Tayyip adlı 2 oğul uşaqları var.

Əsra Ərdoğan 1981-ci ildə İstanbulda anadan olub. İmam Hatip liseyində təhsil aldıqdan sonra ABŞ-ın İndiana Universitetində oxuyub. Daha sonra isə Kaliforniyadakı Berkli Universietinin məzunu olub. Əsra Ərdoğan Türkiyədə ictimai-sosial layihələrin genişləndirilməsində iştirak edib.

Rəcəb Tayyip Ərdoğanın qızı 2004-cü ildə “Çalık Holdinq”in prezidenti Lütfi Kırdarla ailə həyatı qurub. İstanbulda keçirilən nikah mərasimində İordaniya kralı Abdullah, Pakistan prezidenti Pərviz Müşərrəf, Rumıniya prezidenti Adrian Nstasi, Yunanıstan baş naziri Kostas Karamanlis və o zamanlar xarici işlər naziri Abdulla Gül iştirak edib. Onların 2006 və 2009-cu illərdə Əhməd Akif və Mahinur adlı övladları dünyaya gəlib.

Süməyya Ərdoğan 1985-ci ildə anadan olub. Məktəb təhsilini Trabzonda aldıqdan sonra ABŞ-ın İndiana Universitetində sosiologiya və siyasi elmlərlə bağlı dərs alıb. Süməyya Ərdoğan bundan sonra London İqtisadi Məktəbində iqtisadiyyat üzrə təhsil alaraq Türkiyəyə geri dönüb. O, 2010-cu ildən atasının sədri olduğu Ədalət və İnkişaf Partiyasının xarici əlaqələr və dünya mətbuatı ilə bağlı rəsmi nümayəndəsidir.

***



Ekmələddin İhsanoğlu
Türkiyə dövlət başçısı kürsüsü uğrunda mübarizədə Rəcəb Tayyip Ərdoğanın ən ciddi rəqibi hesab olunur. 1943-cü ildə Qahirədə anadan olmuş, uzun illər İslam Əməkdaşlıq Təşkilatının baş katibi işləmiş E.İhsanoğlu Füsun İhsanoğlu ilə evlidir.

Füsun İhsanoğlu 1951-ci il dekabrın 26-da anadan olub. Onun atası Ankara tarix-Coğrafiya fakültəsinin dekanı olduğu üçün öz qızının da bu universitetə daxil olmasına təsir göstərir. 1970-ci ildə universitetin əczaçılıq fakültəsində təhsil alan zaman o gələcək əri Ekmələddin İhsanoğlu ilə ilk dəfə tanış olur. Artıq 1971-ci ildə onları ailə həyatı qururlar. Cütlüyün 3 oğlan övladı dünyaya gəlir.

Ailənin böyük oğlu Tuğrul İhsanoğlu 1978-ci ildə anadan olub. O hüquq fakültəsinin məzunudur və öz ixtisası üzrə çalışır. Ortancıl oğul Əziz isə 35 yaşındadır. O, mühəndislik sənətinə yiyələnib. Qardaşların ən kiçiyi olan Orxan İhsanoğlu isə 1986-cı ildə anadan olub. O, inzibatçı təhsili alıb.   

***



“Xalqların Demokratik Partiyası”ndan prezidentliyə namizəd Səlahəddin Dəmirtaş öz rəqiblərinə nisbətən çox gəncdir. 1973-cü il aprelin 10-da Elazığ vilayətinin Palu qəsəbəsində dünyaya gəlib. 2 qardaşı və 4 bacısı olan Demirtaş Ankara Universitetinin hüquq fakültəsindən məzun olub. Bir müddət vəkilliklə məşğul olduqdan sonra “Barış və Demokratiya Partiyası”na (BDP) qoşulub. 2011-ci ildə partiyasının həmsədrlərindən biri və Türkiyə Böyük Millət Məclisinin deputatı seçilib. Doğma zaza dilindən əlavə, kürdcə, türkcə və ingiliscə də danışa bilən Demirtaş 2003-cü ildə ixtisasca müəllimə olan Başak Demirtaşla ailə həyatı qurub.
2004-cü ildə cütlüyün Dilal adında qızları dünyaya gəlib. Uşağa verilən ad kürd dilində “sevgili, əziz” mənasını ifadə edir.
 2007-ci il iyulun 22-də Səlahəddin və Başak Demirtaş cütlüyünün 2-ci qız övladı dünyaya gəlib. Ona isə kürdcə “ürəkdən gələn” mənasını verən Dılda adını veriblər.

Vüqar İsmayılov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir