Modern.az

Söz aciz qalanda...

Söz aciz qalanda...

Ədəbi̇yyat

13 İyul 2014, 23:15

Qızılgül Abdinova


Qarşımda bir ömür var: kitab-kitab, vərəq-vərəq... cümlə-cümlə, söz-söz...

Kədərli ruhlar boylanır o vərəqlərdən, sözlərdən... qəribə hisslər keçirirəm. İkinci dünya müharibəsinin param-parça elədiyi insan taleləri, sovet Azərbaycanında bir xoş gün görə bilməyən qadınlar, kişilər, böyüklər, kiçiklər. uşaqlar... nələr var bu kitablarda...

Bu talelərin arxasından isə başqa bir kədərli tale boylanır mənə sarı... kədərli ruh. Qorxuram, üşənirəm də bir az. Düşünürəm ki, nə qədər ağrılı taledir bu: bütün ömrünü bu gün mənim qarşıma töküb vərəqlədiyim kitablara həsr edib İsmayıl Qarayev. Amma yazdıqları vərəq üstündə qalıb, vərəq-vərəq qalıb. Onların kitab olduğu işıq üzü gördüyü günü görməyib. Bir yazıçı üçün nə ağır tale...

Ömrünün 35 ilini yazı-pozuya həsr eləmiş İsmayıl Qarayevin bu bəxti bağlı kitablara qədər 7 kitabı nəşr olunub. 1960-70-ci illər arasında işıq üzü görən bu kitabları oxucular yaxşı qarşılayırlar. “O və mənim anam” adlı ilk kitabı 8 min tirajla buraxılır. Bu kitablardan başqa da müxtəlif jurnal və qəzetlərdə hekayələr povestlərlə çıxıəş edən İsmayıl Qarayevin necə böyük enerji sahibi olduğuna heyran qalmamaq olmur. Çox müxtəlif insan taleləri, obrazlar, fərqli insan xarakterləri... bu hekayələri darıxdırıcı olmağa qoymur, yorulmadan oxumaq istəyirsən onları.

Bununla belə bu günkü oxucu üçün İsmayıl Qarayev imzası o qədər də tanış deyil. Bu da bütün ömrünü  yaradıcılığa həsr etmiş, sözün həqiqi mənasında bu yolda can qoymuş bir yazıçı üçün ağır taledir. Xüsusən də ona görə ki, o, unudulmağa layiq deyil.

Bəs harda dönərgəsi dönüb bu yazıçının, harda taleyi daşa dirənib? Bir az geri qayıdaq...


İsmayıl Qarayev 1927-ci ildə Goranboy rayonunun Tapqaraqoyunlu kəndində doğulub. Natamam orta təhsilini kənddə alıb. 1941-46-çı illərdə kolxozda işləyib. Sonra Gəncə Tibb Texnikumuna daxil olub. 1946-49-cu illərdə xəstəxanalarda çalışır. Lakin yazmaq həvəsi onu rahat buraxmır. Buna görə də 1954-cü ildə Bakıya gəlib, “Xəzərneft” idarəsində işə düzəlir və bu idarənin orqanı olan “Xəzər kommunisti” qəzetində məqalələrlə çıxış edir. 1963-66-cı illərdə doğma kəndinə qayıdıb, müəllimlik edir. Nəhayət, yazmaq həvəsi onu qəti qərar verməyə məcbur edir. İsmayıl Qarayev indiki Bakı Dövlət Universitetinin filologiya fakültəsinə daxil olur.

Əvvəlcə “Azərbaycan gəncləri” qəzetində ədəbi işçi, 1966-cı ildə “Gənclik” nəşriyyatında redaktor, baş redaktor kimi çalışır. Yazıçılar İttifaqına üzv olur. Bu illərdə yazıçının “Görəsən gələcəkmi”, “Qardaş”, “Bir gecə”, “O məni sevindirdi”, “Ömrün bir günü, “Sınaq”, “Nəvəmə sözüm var”, “Anamın qatili” və s. əsərləri respublikanın aparıcı jurnal və qəzetlərində dərc olunur.

1960-70-ci illər arasında yazıçının 7 kitabı çap olunur.

Ismayıl Qarayevin şer yazmasından isə dostları yalnız onun ölümündən sonra xəbər tutublar. Onun şer və poemalarının bir hissəsi 2008-ci ildə nəşr olunmuş “Getmə, oğul!” adlı kitabda toplanıb.

Ismayıl Qarayev V.Şklovskinin “Marko Polo”romanını və Robert Batullinin “Fasil və Vəsilə” hekayəsini də Azərbaycan dilinə tərcümə edib.

Yazıçı uzun müddət “Kirpi”satirik jurnalı ilə əməkdaşlıq edib.   

...1976-cı ildə isə İsmayıl Qarayev həbs olunaraq 8 il azadlıqdan məhrum edilir. “Ona oyun qurdular” deyirlər onu tanıyanlar. Kimsə badalaq gəlib, kimsə fürsət gəzib. Amma onun yazdıqları ilə tanış olanda kökün bir az dərində olduğunu düşünürsən. O, sovet ölkəsinin bədbəxtlərindən yazırdı!

“O və mənim anam” hekayəsində namuslu bir qadının kənd dedi-qodusuna qurban getməsi təsvir olunub. O zamanın tənqidçiləri isə əsərdən çıxan bədii nəticənin müharibəyə bağlı olduğunu qeyd ediblər. “Oxucu burada top-tüfəng, güllə səsi eşitməsə də hiss edir ki bütün bu faciələrin səbəbi mənfur müharibədir”.

Kənd mühitində dedi-qoduların “qılınc oynatması” yazıçının daha bir əsərində - “Ömür” romanında da güclü əks olunub. Haqqın nahaq qarşısında aciz qalması, yalanın ayaq tutub yeriməsi... bütün bu hekayələrdən qırmızı xətt kimi keçən fikir budur. Pozgun, əxlaqsız müdirin oyuna salıb həbs etdirdiyi fağır sürücü, işdən qovduğu katibə, qazancı az olduğu üçün ailə xoşbəxtliyini itirən gənc alim, daha kimlər, kimlər... onlar öz haqlarını ala bilmirlər və hekayə belə də bitir. Bu cür sonluqlar əlbəttə ki, sovet həyatına uyğyn deyildi. Amma neyləsin ki, İsmayıl Qarayev gördüklərini yazırdı!

İsmayıl Qarayevin həyatının ən çətin dövrü isə heç də həbsdə olduğu 8 il olmayıb. Onun həyatının ən dəhşətli dövrü məhz həbsdən azad olduqdan sonrakı illər olub. Çünki bu illərdə onun heç bir əsəri dərc olunmayıb. Bu qeyri-rəsmi qadağa yazıçını mənən öldürüb, məhv edib. Nəhayət, Mərkəzi Komitəyə müraciət etməyə məcbur olur: “Mən məhkəmənin hökmü ilə çap hüququndan məhrum edilməmişəm. bəs nə üçün mənim əsərlərim işıq üzü görməsin?.... Əgər əsərlərimin nəşri qeyri-mümkündürsə mən belə azadlığı istəmirəm. Ya əmr edin məni yenidən həbsə alsınlar və ömrümün axırına qədər orada saxlasınlar, ya da mən sovet vətəndaşlığından imtina etməyə məcburam”.  
Zənnimcə bu yazıçı üçün yazıb0yaratmağın nə demək olduğu təkcə bu məktubdan tamam aydın olur. “Sovet vətəndaşlığından imtina etmək” – bu ifadəni o zaman kim işlədə bilərdi?

Əlbəttə ki, İsmayıl Qarayevin məktubu nəticə vermir və mənən öldürülmüş yazıçı bu dərdə dözə bilməyib, yatağa düşür. 1989-cu ildə İsmayıl Qarayev dünyasını dəyişir. “Yazıçı həyatının son illərini anadan olduğu Tapqaraqoyunlu kəndində tək-tənha keçirib orada vəfat edib. Yaxın yoldaşlarının qələm dostlarının iştirakı olmadan orada da torpağa basdırılmışdır”. İlahi ədalət isə öz hökmünü vaxtında verir: 1990-cı ildə ona bir yazıçı olaraq zülm edən sovet rejimi süqut edir.   

...Onun qeyri-rəsmi həbs qoyulmuş əsərlərini oğlu, tanınmış naşir Qoşqar Qarayev həbsdən qurtarmağa çalışıb. 1998-2005-ci illər arasında İsmayıl Qarayevin 20-dən çox kitabı çap olunur. Lakin amansız tale oğul Qarayevin də bu işini yarımçıq qoyur. 2010-cu ildə  Qoşqar Qarayev vəfat edir.

...Çoxdan, lap çoxdan sevimli müğənnimiz Flora Kərimovanın bir müsahibəsini oxumuşdum. Deyirdi ki, lap cavan yaşlarında qəflətən sanki kimsə qulağına pıçıldayıb taleyini. Qorxub, qaçmaq istəyib, amma qaça bilməyib taleyindən.

İsmayıl Qarayevin də qələmindən çıxan bütün əsərlərində sanki taleyin sərt üzü boylanır. Öz taleyi, oğlu Qoşqarın yarımçıq ömrü... Bu yazını hazırlayarkən bu ailədən daha bir ağır itki bizi üzdü. Azərbaycan Yazıçılar Birliyinin üzvü, şairə Xanım İsmayılqızının oğlu Fərid dünyasını dəyişdi... Söz tale qarşısında necə də acizdir...

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!