Modern.az

Jurnalistlərin mənzil problemi müzakirə olunub

Jurnalistlərin mənzil problemi müzakirə olunub

6 İyul 2010, 19:16

Bu gün  “Xəbərlər- Azərbaycan” Beynəlxalq İnformasiya agentliyinin konfrans zalında Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının  təşkilatçılığı ilə  "Milli mətbuatın 135 illik yubileyi: Jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılması yolları"  adlı dəyirmi masa təşkil edilib.

      Modern.az xəbər verir ki, dəyirmi masada jurnalistlərin mənzil probleminin həlli yollarının axtarılıb tapılması yönümdə aparılan müzakirələrin əsasında KİV nümayəndələri adından ölkə Prezidentinə müraciət qəbul edilib.

Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının prezidenti Sevil Yusifova deyib ki, mətbuatın inkişafı yönümdə aparılan işlər təqdirə layiq haldır. “Amma etiraf etməliyik ki, jurnalistlərin əsas problemi onların sosial durumları ilə bağlıdır. Sosial vəziyyətin yaxşılaşdırılması istiqamətində hökumətin ata biləcəyi addımlara biz jurnalistlər də yardımçı olmalıyıq, təşəbbüslə çıxış etməliyik. Məhz buna görə mətbuat nümayəndələri və millət vəkilləri ilə birlikdə 135 illik yubiley ilində jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılması təklifini aidiyyatı orqanların diqqətinə çatdırmağı düşündük”.

S.Yusifova deyib ki, bu gün mətbuatda çox istedadlı, dəyərli jurnalistlər var ki, onlar aldıqları məvaciblə özlərinin mənzil problemini həll edə bilmirlər. “Evsizlikdən əziyyət çəkir, amma bununla belə əzmkarlıqlarını itirmir və bütün vicdanları ilə fəaliyyətlərini davam etdirirlər, təmiz adlarını qoruyurlar.

Millət vəkili Lalə Abbasova da bu məsələyə öz münasibətini bildirib. Jurnalistlərin dəstəyə ehtiyacları olduğunu dilə gətirən deputat onları özlərinə qiymət verməyə çağırıb. Onun sözlərinə görə, özünə qiymət verən jurnalist aşağı məvaciblə (300 manatla) işləməməlidir. O söyləyib ki, belə jurnalistlər daha yüksək (700-800 manat civarında) maaş tələb etməklə ipoteka vasitəsilə ev əldə edə bilər. Deputat deyib ki, dövlət tərəfindən bu sahədə mükafat alanlar evlə təmin oluna bilər: “Bu gün hamı əlinə qələm alıb yazır. Ölkədə elə qəzetlərimiz var ki, onlar heç nəyə yaramırlar. Hər əlinə qələm alana ev vermək olmaz. Onlar ələkdən keçirilməlidirlər. Bunun da zamana ehtiyacı var. Amma həqiqi jurnalistlər üçün mənzil imkanı yaradılmalıdır”.

Müzakirəyə qatılan millət vəkili  Qüdrət Həsənquliyev də vaxtilə jurnalistlərin mənzillə təmin olunmaq məsləsini parlament jurnalistləri tərəfindən gündəmə gətirildiyini və təşəbbüsün nəticəsiz qaldığını xatırlatdı: «Görünür başqa forma axtarmaq lazımdır ki, dövlət bu problemin həllində necə yaxından iştirak eləsin? Azərbaycanda elə bir vəziyyətdir ki, əhalinin mətbuata marağı azalıb. İnsanlar qəzet oxumurlar. Bunun subyektiv və obyektiv səbəbləri var. Elektron informasiya almaq daha genişlənib. Ancaq hesab edirəm ki, qəzetə hər zaman ehtiyac olacaq. Sadəcə bu dövrü adlayıb keçmək lazımdır”.   Millət vəkilinin sözlərinə görə, dövlət indiki çətin şəraitdə jurnalistləri qorumağa çalışmalıdır. Onun fikrincə, jurnalistlərin yüksək əməkhaqqı tələb etməsi qeyri-realdır. Çünki qəzetin sahibinin jurnalistə ondan artıq vəsait imkanı yoxdur və ya vermək istəmir. Çünki qəzeti dotasiya ilə yaşadanların jurnalistə ondan artıq məvacib vermək, jurnalistin isə seçim imkanı yoxdur. Bu, jurnalistlərin çox ciddi problemidir. Reallıq budur ki, bu gün dördüncü hakimiyyət adlandırılan mətbuata prezidentdən tutmuş sadə vətəndaşa qədər hamının ehtiyacı var. Ona görə də dövlət mətbuatın qayğısına qalmalıdır. Əgər hakimiyyət istəsə problemi həll etmək elə də böyük maliyyə tələb olunmur: «Jurnalistlər üçün torpaq sahəsi ayrılsın. Mətbuat Şurasına səlahiyyət verilsin ki, hansısa sahibkarla müqavilə bağlasın. Həmin binanın birinci mərtəbəsi sahibkarın ixtiyarına verilsə, o evin maya dəyəri aşağı da düşə bilər”. Q.Həsənquliyevin sözlərinə görə, jurnalistlərin problemini çox az vəsaitlə həll etmək mümkündür. Faizsiz kreditlə 20-25 il ərzində jurnalist ev problemini həll edə bilər. Jurnalistlərə torpaq sahəsinin ayrılmasına gəlincə, millət vəkili bildirib ki, mütləq deyil ki, jurnalistlərə veriləcək torpaq sahəsi şəhərin mərkəzində olsun: «Əgər hər il 100 jurnalist evlə və ya torpaq sahəsi ilə təmin olunsa, onların problemi həmişəlik həllini tapar». Q.Həsənquliyev onu da vurğulayıb ki, bütün jurnalistlər əlbir olsalar, səslərini qaldırsalar problemin həllinə nail olmaq olar. Q.Həsənquliyev təklif etdi ki, prezidentə ünvanlanacaq müraciətlə bərabər Heydər Əliyev Fonduna da müraciət qəbul olunsun: «Hesab edirəm ki, bu müraciətin müəyyən bürokratik əngəlləri aşması üçün Mehriban xanımın dəstəyinə ehtiyac var».

Mətbuat Şurasının üzvü Umud Mirzəyev jurnalistlərin çoxluğundan da şikayətlənib: «Təsəvvür edin, jurnalistlərə ev verilməsi haqqında qərar qəbul olunsa, əhalinin 80 faizinin cibindən jurnalist vəsiqəsi çıxacaq. Ancaq evlər öz qəlbləri, əməkləri, peşəkarlıqları ilə fərqlənən jurnalistlərə verilməlidir. “Azərbaycan dövlətinin büdcəsi nə qədər artsa belə o büdcənin kifayət qədər xərcləri var. Amma bu o demək deyil ki, jurnalsitlərin problemi həll olunmamalıdır. Onun fikrincə, jurnalistlərin sosial probleminin həlli üçün kompleks tədbirlər planı hazırlanmalı və ölkə rəhbərliyinə təqdim olunmalıdır”.

Daha sonra çıxış edən Parlament Jurnalistləri Birliyinin sədri Elşad Eyvazlı bildirib ki, onlar tərəfindən bu məsələ ilə bağlı bir neçə dəfə müvafiq orqanlara müraciətlər olunsa da, məsələ nəticəsiz qalıb. Jurnalistləri həmrəyliyə çağıran birlik sədri söyləyib ki, əgər bütün jurnalistlər həmrəy olarsa, bu məsələnin həll etmək mümkün olar.

“Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli Prezidentə ünvanlanan müraciətin mətni ilə tədbir iştirakçılarını tanış edib. Tədbir iştirakçıları müraciəti imzalayıblar. Sonda  jurnalistlərin evlə təmin olunması ilə bağlı Pezident İlham Əliyevə müraciət qəbul olunub. Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi