Modern.az

TQDK I və IV qrupun abituriyentlərinə müraciət etdi, ixtisas seçiminə dair izahat verdi

TQDK I və IV qrupun abituriyentlərinə müraciət etdi, ixtisas seçiminə dair izahat verdi

Aktual

18 İyul 2014, 13:44

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən ali təhsil müəssisələrinə I və IV ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarının nəticələri elan olunub. Komissiya bu ixtisas qrupları üzrə ixtisas seçiminə buraxılmaq üçün tələb olunan minimal müsabiqə şərtlərində dəyişiklik edib.

Modern.az saytı TQDK abituriyentlərə müraciət edib. Müraciətdə dəyişiklik izah edilib:

Bu il I qrup üzrə ixtisas seçimində ümumi balı 150-dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.
Ümumi balı 300 və daha çox olan abituriyentlərin ixtisas seçiminə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur.
Dövlət sifarişi əsasında ayrılmış yerlərin ixtisas seçimində I qrupda ümumi balı 250-dən, IV qrupda isə 300-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.
Qeyd olunan müsabiqə şərtlərini ödəmiş abituriyentlər iyul ayının 24-dən avqustun 5-dək internetlə ixtisas seçimi ərizələrini təsdiqləməlidirlər. İxtisas seçmək hüququ olan abituriyent ali təhsil müəssisələrinin imtahan verdiyi eyni ixtisas qrupuna aid olan 15-ə qədər ixtisas kodunu qeyd edə bilər.
Abituriyentlər həmin vaxtadək öz ixtisas seçiminə bir daha nəzər salmalı, seçimlərini dəqiqləşdirməlidirlər. TQDK bu işdə onlara kömək məqsədilə bütün statistik məlumatları – ali təhsil müəssisələrinin ixtisaslarının plan yerlərini, müsabiqədə iştirak edən abituriyentlərin imtahan nəticələrinin bal intervalları üzrə paylanmasının saylarını, ötən illərin tələbə qəbulu müsabiqəsində ayrı-ayrı ixtisaslar üzrə formalaşmış keçid ballarını ictimaiyyətə təqdim edib.

Əvvəlcə abituriyentlər arasında bəzən düzgün anlaşılmayan bir məsələyə aydınlıq gətirmək istəyirik. Müsabiqədə iştirak etmək üçün tələb olunan minimal bal həddi ilə hər hansı ixtisasa keçid balı arasında fərq varmı, yoxsa bunlar eyni şeydir? Əlbəttə, bunlar tamamilə fərqli anlayışlardır. Müsabiqə şərti TQDK tərəfindən bu və ya digər ixtisas qrupu, yaxud ixtisas üzrə müsabiqəyə buraxılmaq üçün qoyulan minimal tələbdir. Bu o deməkdir ki, hər bir qrup üzrə ixtisasların müsabiqəsində yalnız tələb olunan müsabiqə şərtlərini ödəmiş abituriyentlər iştirak edə bilərlər. Tutaq ki, cari ildə I ixtisas qrupunda imtahan verən hər hansı abituriyent 160 bal toplayıb. Lakin onun istənilən iki və ya daha çox fəndən nisbi balları 10-dan azdır. Bu halda mövcud müsabiqə şərtini yerinə yetirmədiyinə görə onun müsabiqədə iştirak etmək hüququ olmayacaq. Və yaxud I ixtisas qrupunda imtahan verən hər hansı abituriyent 260 bal toplayıb. Lakin onun istənilən bir fəndən nisbi balı 10-dan azdır. Bu halda o, dövlət sifarişli yerlərin müsabiqəsində iştirak edə bilməyəcək.

Keçid balı isə müsabiqə aparıldıqdan sonra hər ixtisas üzrə ayrı-ayrılıqda formalaşan və müvafiq ixtisasa ən aşağı balla qəbul olan abituriyentin balına bərabər olan göstəricidir. Keçid balı müəyyən ixtisas üzrə müsabiqədə iştirak edən abituriyentlərin sayı, həmin ixtisas üzrə plan yerləri və abituriyentlərin imtahan nəticələrindən asılı olur. Fərz edək ki, hər hansı ixtisas üzrə qəbul planı 50 yerdən ibarətdir. Həmin ixtisası ərizəsində müsabiqə şərtlərini ödəmiş 200 nəfər göstərib. Bu zaman həmin 200 nəfərdən ən yüksək bal toplayan 50 abituriyent bu ixtisasa qəbul edilir və 50-ci abituriyentin balı həmin ixtisas üzrə formalaşmış keçid balı olur.
Biz abituriyentlərə, onların valideynlərinə ixtisas seçimi ərəfəsində yuxarıda qeyd olunan materillarla yanaşı, həmin materiallardan, təqdim olunmuş statistik məlumatlardan düzgün nəticə çıxarmalarına kömək məqsədilə aşağıda əlavə izah vermək istəyirik.

I ixtisas qrupu

Bu il I ixtisas qrupunda 12319 abituriyent müsabiqədə iştirak etmək hüququ əldə etmişdir. Bu qrupda qəbul aparılan plan yerlərinin sayı 12052 yerdən ibarətdir. (2013-cü ildə qəbul planı 11596 olub). Ötən illə müqayisədə qəbul planı 3.93 faiz artıb. Bu rəqəmlərdən də görünür ki, qəbul planı ilə müsabiqə iştirakçılarının sayı arasında elə də fərq yoxdur və düzgün ixtisas seçimi edən abituriyentlərin tələbə adını qazana biləcəyi şübhə doğurmur. Ancaq təcrübə göstərir ki, bəzi hallarda abituriyentlər müsabiqə vəziyyətinin reallıqlarını düzgün qiymətləndirə bilmirlər. Misal üçün son illər bu ixtisas qrupunda ən gərgin müsabiqə vəziyyəti Ali Neft Məktəbinin müvafiq ixtisasları üzrə olub. Bundan başqa bu qrupda neft-qaz mühəndisliyi, informasiya texnologiyaları üzrə olan ixtisaslara da yüksək keçid balları formalaşıb. Bu tendensiya son illər davam edir və cari ildə də müsabiqə zamanı onun təkrarlanacağına şübhə yoxdur. Buna baxmayaraq, aşağı nəticə göstərən abituriyentlər həmin ixtisaslara qəbul olmaq şanslarının minimuma bərabər olduğunu bildikləri halda həmin ixtisasları öz ərizələrində göstərirlər. Hüquqi baxımdan buna hər hansı maneə yoxdur, lakin müsabiqə vəziyyətinin reallığını unutmaq da doğru deyil.
Cari ildə ayrılmış qəbul planları ilə əlaqədar yeniliklərdən biri də odur ki, əksər ali məktəblər üzrə ötən ildən fərqli olaraq Azərbaycan və rus bölmələrinə birgə müsabiqə aparılmayacaqdır. Azərbaycan bölməsində plan yerləri ilə müqayisədə müsabiqədə iştirak edənlərin daha çox olması bir sıra hallarda eyni ixtisaslara rus bölməsi üzrə daha aşağı müsabiqə vəziyyətinin yaranacağını şərtləndirir. Odur ki, birgə müsabiqə aparılmayan ixtisaslarda rus bölməsində daha aşağı keçid ballarının formalaşacağını indidən proqnozlaşdırmaq olar.
Bu ixtisas qrupu üzrə aşağıda göstərilmiş ixtisasların həm dövlət sifarişi üzrə, həm də ödənişli əsaslarla ayrılmış yerlərinin ixtisas seçimində ümumi balı 150-dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər:
- Aqromühəndislik;
- Meliorasiya və su təsərrüfatı tikintisi mühəndisliyi.

IV ixtisas qrupu

Bu qrup üzrə imtahan verən abituriyentləri iki hissəyə ayırmaq olar. Yüksək müsabiqə vəziyyətinin formalaşdığı tibb, biologiya istiqaməti və xüsusi qabiliyyət tələb edən fiziki tərbiyə və idman ixtisaslarına ərizə verən abituriyentlər. Təsadüfi deyil ki, IV qrup üzrə imtahan vermiş 11229 nəfərdən 4771-i məhz fiziki tərbiyə və idman ixtisaslarının müsabiqəsində iştirak edənlərdir. Bu qrupda xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqə iştirakçıları istisna olmaqla 2941 abituriyent müsabiqədə iştirak etmək hüququ qazanıb və onlar 3467 plan yerinə qəbul olmaq şansına malikdirlər. Bu da onu deməyə əsas verir ki, IV qrupda müsabiqə vəziyyəti abituriyentlər üçün daha rahatdır. (Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qəbul planı 1015 yerdir). Beləliklə IV qrupda daha sadə müsabiqə vəziyyətinin formalaşdığı məlumdur. Lakin bu qrupda ən yüksək müsabiqə vəziyyətinin olduğu tibb ixtisasları üzrə müsabiqə vəziyyətinin ənənəvi olaraq gərgin olduğunu da nəzərdən qaçırmaq olmaz. Çünki bu ixtisas qrupunda yüksək bal toplayan abituriyentlər ötən il olduğu kimi kifayət qədər çoxdurlar. Həmin ixtisaslara Azərbaycan və rus bölməsi üzrə birgə müsabiqə aparıldığından yüksək müsabiqə vəziyyətinin olacağını qətiyyətlə demək olar.
IV qrupda ayrılmış plan yerlərinin müəyyən hissəsi (520 yer) Azərbaycan Dövlət Aqrar Universitetinin müvafiq ixtisasları üzrədir. Bu ixtisaslar üzrə hazırda əmək bazarında yaxşı mütəxəssislərə ehtiyac olduğu halda, gənclər son illər bu sahədə oxumağa o qədər də meyil göstərmirlər. Qeyd edək ki, Azərbaycan Dövlət Aqrar Universitetinin IV qrupa daxil olan ixtisaslarını seçmək üçün abituriyentin ümumi balı 150-dən az olmamalıdır (fənnlər üzrə cavablara nisbi bal məhdudiyyəti tətbiq olunmur). Aşağıda göstərilmiş ixtisasların həm dövlət sifarişi üzrə, həm də ödənişli əsaslarla ayrılış yerlərinin ixtisas seçimində ümumi balı 150-dən az olmayan abituriyentlər iştirak edə bilərlər (fənnlər üzrə cavablara nisbi bal məhdudiyyəti tətbiq olunmur):
- Torpaqşünaslıq və aqrokimya;
- Aqronomluq;
- Zootexniklik;
- Balıqçılıq və balıqçılıq təsərrüfatı işi;
- Meşəçilik;
- Baytarlıq;
- Ekologiya;
- Su bioehtiyatları və akvabitkilər;
- Əczaçılıq (yalnız Azərbaycan Dövlət Aqrar Universiteti üzrə).

Bəzi hallarda isə biz abituriyentlərin öz seçimləri əsasında qəbul olduqları ixtisas üzrə oxumaqdan imtina etməsini də müşahidə edirik. Bu halların baş verməməsi üçün ödənişli ixtisasları seçənlərdən ailəsinin maddi durumunu, başqa regionda yerləşən ali məktəbi seçənlər isə oxuduğu müddətdə həmin şəhərdə yaşamaq imkanlarını ciddi götür-qoy etməlidirlər. Nəzərə alın ki, həmin yerə qəbul olub, sonradan imtina etdikdə oraya qəbul aparılmır və beləliklə burada oxumağa hazır olan digər şəxsləri də bu imkandan məhrum etmiş olursunuz.

Rafiq Qənbərov 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!