Modern.az

“Girovların məhkəməsi(?)” – “Azərbaycan vəkil göndərməkdən imtina etməlidir”

“Girovların məhkəməsi(?)” – “Azərbaycan vəkil göndərməkdən imtina etməlidir”

Aktual

21 İyul 2014, 14:28
  

“Ermənilərin girov götürdüyü Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı bütün beynəlxalq qanunlar və hüquq bizim tərəfimizdədir”. Bunu Modern.az saytına açıqlamasında hüquqşünas Erkin Qədirli erməni hərbi birləşmələrinin girov götürdüyü Dilqəm Əsgərov və Şahbaz Quliyevin probleminin beynəlxalq hüquq müstəvisində həllindən danışarkən deyib.

Onun sözlərinə görə qanunların Azərbaycanın xeyrinə olmasına baxmayaraq onların icrası müşkül məsələyə çevrilib: “Ermənistan girovlara qarşı məhkəmə keçirərsə, o zaman Azərbaycan onlara vəkil tuta bilər. Separatçı Dağlıq Qarabağ rejimi girovlara qarşı qondarma cinayət işi açmaqla məhkəməni Azərbaycanın işğal altında olan torpaqlarına keçirməyi planlaşdırır. Ermənistan bununla Azərbaycanı böyük bir oyunun içərisinə sürükləmək niyyətindədir. Separatçı rejimin heç yerdə tanınmır. Buna görə də əgər girovların məhkəməsi işğalçı rejimdə keçirilərsə, biz ora vəkil göndərməkdən birmənalı şəkildə imtina etməliyik. Əslində separatçıların qurmaq istədiyi oyun ondan ibarətdir ki, Azərbaycan tərəfi onların “məhkəmə”sinin qərarını tanısın”.

Qeyd edək ki, Azərbaycanın işğal altında olan torpaqlarında bir neçə gündür ermənilər tərəfindən  girov götürülən Kəlbəcər sakinləri Şahbaz Quliyev və Dilqəm Əsgərovun taleyi barədə dəqiq məlumatlar yoxdur.

Beynəlxalq Qırmızı Xaç Komitəsi isə hələ də girovlarla görüşə bilməyib.

Aqşin Kərimov


Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!