Modern.az

“Həsən bəy Zərdabi əvəzinə pambıq tarlası” - Sovet qəzetləri “Əkinçi”ni necə gizlədirdilər

“Həsən bəy Zərdabi əvəzinə pambıq tarlası” - Sovet qəzetləri “Əkinçi”ni necə gizlədirdilər

22 İyul 2014, 09:37

 

Bu gün “Əkinçi” qəzetinin yaranmasının 139 ili tamam olur. 1875-ci il  iyulun 22-də Həsən bəy Zərdabinin böyük zəhməti hesabına ilk milli qəzetimiz işıq üzü görüb. Cəmi 56 nömrəsi işıq üzü görən “Əkinçi” özündən sonrakı mətbu orqanlar üçün məktəb rolunu oynadı. “Əkinçi” ilk qəzet olmasına baxmayaraq, dövrünün aynası ola bildi, öz fəaliyyətində jurnalistikanın təməl prinsiplərini gözlədi. Təsadüfi deyil ki, Azərbaycanda müstəqillik elan olunduqdan sonra “Əkinçi” qəzetinin yaranma tarixi Milli Mətbuat Günü kimi qeyd olunur. Bəs, sovet dövründə nəşr olunan mətbu orqanlar iyulun 22-ni necə xatırlayırdılar? Həmin tarixdə nəşr olunan qəzetlər oxucularına hansı materialları təqdim edirdilər?  

Modern.az mətbuat günü ilə əlaqədar bu istiqamətdə araşdırma aparıb. Araşdırma aparan zaman o dövrün qəzetlərinə nəzər salarkən məlum olur ki, onların səhifələrində “Əkinçi”nin yaranış günü ilə bağlı heç bir material belə təqdim olunmayıb. Əvəzində isə sovet quruluşuna, cəmiyyətinə uyğun məqalələr, xəbərlər əsas yer tutub.  

Kommunist” qəzetinin 1960-cı il, 22 iyul nömrəsində “Əkinçi”yə aid heç bir informasiya yoxdur. Bunun əvəzində qəzetdə “Moskva zəhmətkeşlərinin mitinqi”, “Sovet hökümətinin ABŞ hökümətinə bəyanatı”, “Polşanın azadlıq gününün 16 illiyi” kimi yazılar var. “Kommunist” qəzetinin 1969-cu il, 22 iyul buraxılışında da “Əkinçi” qəzetinin yaranması ilə bağlı heç bir material yer almayıb. Qəzetdə gedən yazılar Leninin 100 illiyi münasibəti ilə Azərbaycanın paytaxtında Sovet İttifaqı və Yaponiya fəhlə gənclərinin dostluq və həmrəylik festivalının başlanması, “M. Əzizbəyov adına Azərbaycan Dövlət Akademik Dram Teatrının iki tamaşasına elan” və digər materiallar var. “Kommunist” qəzetinin 1975-ci il, 22 iyul nömrəsində də ilk qəzetimizlə bağlı heç bir material dərc olunmayıb. Dərc olunan materiallar sırasına “Yalan ayaq tutar, yeriməz” felyetonu (Kənd Təsərrüfatı Nazirliyinin Göyçaydakı 52 nömrəli mexanikləşdirilmiş səyyar dəstəsinin rəisi T. Bayramovun vəzifədən sui-istifadəsi haqqında), inqilabçı Ə. M. Piriverdiyevin 80 illik yubileyi ilə bağlı məqalə, Ağ evin bəyanatı, taxılçıların əmək raportları, Milli Polşa Xalq Respublikasının 31 illiyi münasibəti ilə Brejnevin təbriki və s. daxildir.  

“Azərbaycan gəncləri” qəzetinin 1982-ci il, 22 iyul tarixli buraxılışında da “Əkinçi” nin adı çəkilən material gözə dəymir. Bunun əvəzinə qəzetdə “Bu da bir cəbhədir” (Bərdənin pambıq tarlalarında bol məhsul yetişdirilməsindən bəhs edilir), “Qışa ehtiyat görürlər” (Mirbəşir (indiki Tərtər-red.) rayonunda qışa hazırlıq), “Yeni rəşadətlər dövrü” (Bakı şəhər Komsomol Komitəsinin III plenumundan qeydlər), “Kənddə emalatxana” kimi yazılar çap olunub. “Azərbaycan gəncləri” qəzetinin 1989-cu il, 22 iyul nömrəsində də “Əkinçi”yə aid məlumat yoxdur. “Ədəbiyyat və İncəsənət”, “Bakınskiy raboçi” qəzetləri də yubiley günlərində “Əkinçi”yə aid bir cümlə yer ayırmayıblar. Görünür, Həsən bəy Zərdabi və yaratdığı “Əkinçi” qəzetinin Azərbaycanın milli  mətbuat tarixində böyük rolu olsa da, onun xatırlanmağı, düzgün qiymət verilməyi üçün məhz tarixi şərait yetişməli idi.

Misranə Həsənzadə  


Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhədimiz POZULDU - Hərbçilərimiz ATƏŞ AÇDI