Modern.az

Müdafiə naziri jurnalistləri təbrik etdi

Müdafiə naziri jurnalistləri təbrik etdi

22 İyul 2014, 09:50


Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun Milli Mətbuat Günü münasibətilə jurnlaistləri təbrik edib.

Hörmətli mətbuat nümayəndələri!

"Sizi əziz bayramınız – Milli Mətbuatımızın yaradılmasının 139 illiyi münasibətilə ürəkdən təbrik edir, hər birinizə yaradıcılıq uğurları arzulayıram.
Bugünkü Azərbaycan mətbuatı "Əkinçi" qəzetinin ləyaqətli varisidir.
Ulu əcdadımız Həsənbəy Zərdabinin redaktorluğu ilə qocaman "Əkinçi" XIX əsrin qaranlıq mühitində Azərbaycan oxucusunun beyninə və qəlbinə maarifçilik, Vətənpərvərlik və işıq toxumu səpdi. O zamandan başlayaraq xalqımız öz zamanına və dünyaya işıqlı gözlərlə baxmağa başladı.
"Əkinçi"dən sonra nəşr edilən qəzet və jurnalların sayı çoxaldı, nəhayət, "Molla Nəsrəddin" kimi müdrik və müqtədir bir jurnal yaranıb bütün Şərqə nur saçdı. 
Arzu edirəm ki, bu gün Siz ulu sələflərimiz Həsənbəy Zərdabinin, Cəlil Məmmədquluzadənin, Əlibəy Hüseynzadənin ruhuna və məramına layiq olasınız, müstəqil dövlətimizə və xalqımıza şərəflə xidmət edəsiniz. Böyük şairimiz Səməd Vurğun 1941-ci ilin qanlı günlərində yazırdı: 
"Bu gün bir süngüdür əlimdə qələm,
Mənim bayrağıma göz dikir aləm".
Bu gün Azərbaycan işğalçı Ermənistanla müharibə vəziyyətindədir. Avropanın və dünyanın gözü üçrəngli Azərbaycan bayrağındadır. Bu bayrağın Xankəndi, Şuşa və digər işğal olunmuş şəhərlərimiz üzərində ucalacağı günü, xeyrin şər üzərində qələbə gününü gözləyir. 
Arzu edirəm ki, Siz ordu mövzusunda yazanda qələminizi süngüyə çevirəsiniz, hər yazınızla Silahlı Qüvvələrimizin qüdrətinin artırılması məqsədilə dövlətimizin maraqlarını qoruyaraq düşmən üzərində qələbəmizi yaxınlaşdırasınız.
Mən bu yolda Sizə yeni uğurlar, dəqiqlik, obyektivlik, ümumxalq mənafeini uca tutmaq və peşəkarlıq arzulayıram.
Siz Azərbaycan mətbuatının o xoşbəxt nəslisiniz ki, Ulu Öndər Heydər Əliyevin və onun əvəzsiz varisi Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi dövründə yaşayıb yaradırsınız. Taleyin bu qismətinə layiq olmağınızı arzulayıram.
Bir daha bayramınız mübarək olsun!"

Modern.az  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi