Modern.az

“Azərbaycan mətbuatı Mirzə Cəlili kənd müəllimliyindən xilas etdi” – MÜSAHİBƏ

“Azərbaycan mətbuatı Mirzə Cəlili kənd müəllimliyindən xilas etdi” – MÜSAHİBƏ

22 İyul 2014, 11:05

Bu gün Azərbaycan mətbuatının 139 yaşı tamam olur. 1875-ci ilin bu günündə  Həsən bəy Zərdabi “Əkinçi” qəzetinin ilk sayını buraxmaqla milli mətbuatla yanaşı, milli kimliyə sahiblənmə tarixinin də əsasını qoydu. Amma klassik mətbu irsimizin öyrənilməsi və təbliğində bu gün də ciddi problemlər qalmaqdadır. Modern. az  mətbuat tarixini tədqiq edən araşdırmaçı-jurnalist Tahir Aydınoğlu ilə bu istiqamətdə söhbəti təqdim edir:

- Azərbaycan milli mətbuatının yaranması faktı əslində nəyi meydana gətirdi? 22 iyulu milli kimliyə sahiblənmənin tarixi kimi göstərə bilərikmi?

- Azərbaycanın milli-ideoloji inkişaf yoluna nəzər salanda istər- istəməz mətbuat tariximizə də baş çəkirik. Bizim üçün baş ucalığı olan 139 il əvvəl Azərbaycanın adını sivil xalqlar sırasına yazmağa əsas verən daha bir faktı yaradan Həsən bəy Zərdabinin zəhmətini, xidmətini bir daha yad edirik. Azərbaycanın mətbuatının yaranması Azərbaycan xalqının  öz milli düşüncəsinə, öz taleyinə hələ də sahib olduğunu göstərən  faktdır.

- Həsən bəy Zərdabi və “Əkinçi” qəzetini hərdən xatırlayırıq.. Amma o qəzetdə kifayət qədər zəhmətləri olan elə müəlliflər var ki, adlarını heç biz jurnalistlər də eşitməmişik...

- Təəssüf ki, mətbuat tariximizə nəzər salanda bir çox unudulmuş, kölgədə qalmış, xidmətləri hələ də üzə çıxarılmamış adlara, nəcib simalara rast gəlirik. Elə ilk qəzetimiz “Əkinçini götürürüksə, Həsən bəy Zərdabiyə bu qəzetin çapında, yayılmasında kömək edən insanlar olub. Onlardan ikisinin adı mətbuat tariximizə  bir cümlə ilə düşür - Nəcəf bəy Vəzirov və Əsgər ağa Gorani. Onlar hər ikisi Bakı realni gimnaziyasında Zərdabinin sevimli tələbələri idi. Hər ikisi “Əkinçi” qəzetində bir sıra maraqlı yazılarla çıxış edərək Həsən bəy Zərdabinin amalını, məsləyini dərindən tanıdıblar. Onlar qəzetin poçtla yola salınmasına qədər öz müəllimlərinə kömək ediblər. Həsən bəy Zərdabinin xanımı, bizim milli ziyalı xanımlarımızın anası adlandırdığımız Hənifə xanım da qəzetin hazırlanmasında Həsən bəyə köməklik edib.

- Deyəsən, məsələ tək “Əkinçi” ilə bitmir. “Əkinçi”dən bu yana da unuda-unuda gəlmişik...

- “Əkinçi” bağlandıqdan sonra “Ziyayi Qafqaziyə”, “Kəşkül” kimi qəzetlərin ərsəyə gəlməsində Kamal, Cəlal, Səid Ünsizadə qardaşlarının xidmətləri bir cümlə ilə mətbuat tarixinə yazılıb. Onların fəaliyyəti, qəzetləri hasilə gətirmə prosesi kifayət qədər öyrənilməyib. Həmin dövrdə rusdilli mətbuatda Azərbaycanın rus dilini bilən ziyalıları çıxış ediblər. Onlar yada salınmalı, öyrənilməlidir.

- Bəs, bu problemləri aradan qaldırmaq, tədqiqatları artırmaq üçün nələr edilməlidir?

- Azərbaycan mətbuatının tarixini əhatəli öyrənmək üçün jurnalistika institutu yaranmalıdır. Ədəbiyyat tarixi geniş və əhatəli şəkildə öyrənilib. Çünki ədəbiyyat institutu var. Bizdə jurnalistika institutu olmalıdır ki, milli jurnalistikamızın tarixini sistemli şəkildə öyrənək.

- Bəs, nədən jurnalistlərimiz bu istiqamətdə passiv mövqe tutur?

- Mədəniyyət və turizm naziri Əbülfəz Qarayevlə Mətbuat Şurasında görüşdə bu təklifi kifayət qədər əsaslandırılmış şəkildə səsləndirdim və cənab nazir özü üçün qeyd etdi. Deputat Cavanşir Feyziyev də mətbuata çox yaxın insandır. Bu təşəbbüsə o da dəstək verib. Mətbuat muzeyində Azərbaycan mətbuatının tarixi ilə bağlı müəyyən görüntülər, əşyalar, predmetlər əksini tapacaq. Amma mətbuat tariximizin və onun görkəmli simalarının, kənarda qalmış qələm əhlinin gündəmə gətirilməsi, öyrənilməsi, üzə çıxarılması jurnalistika institutunun yaranmasını tələb edir. Artıq Azərbaycan müstəqil dövlətdir. Bir sıra beynəlxalq humanitar layihələrdə çıxış edirik. Bu xalqın bir jurnalistika institutu da olsun ki, istiqlal mücadiləsini ortaya gətirən, Azərbaycan müstəqilliyinin reallaşmasında, gerçəkləşməsində çox böyük rol oynayan milli mətbuatımız dərindən öyrənilsin.

- XX əsrin əvvəllərində Azərbaycan mətbuatı şanlı bir yol keçdi. O dövrün unudulmuş  simalarından əsasən kimlərin adını çəkə bilərik?

- Rusiyada çıxan rusdilli nəşrlərdə 3 görkəmli insanın adı ancaq bir-iki cümlə ilə gedir. Bunlar İsa Sultan Şahtaxtlı və Məhəmməd ağa Şahtaxtlı qardaşlarıdır. Hər ikisi Rusiya imperiyasında və Tiflisdə çıxan rusdilli nəşrlərdə müxbirlik ediblər. Məhəmməd Şahtaxtlı Moskva qəzetlərinin bir neçəsinin Qafqaz üzrə müxbiri idi. Onların hər ikisinin də fəaliyyəti öyrənilməlidir. Məhəmməd ağa Şahtaxtlı Rusiyanın çar dəftərxanasından “Şərqi rus” adlı Azərbaycan dilində gündəlik qəzet çıxarmağa icazə alan çox məşhur publisist idi.

- Onların uğuru həm də onda idi ki,  uzun müddət ana dilində işıq üzü görməyən mətbuatı yenidən yarada bildilər. Buna səbəb nə idi? Biz niyə ana dilimizdə “Əkinçi”dən sonra mətbu orqan yarada bilmirdik?

- Rusiyanın Şərq və Qafqaz siyasətində belə bir fikir yaranmışdı ki, deyəsən, mətbuat bunlara qəzet, jurnal verəndə hədlərini aşırlar. Ona görə “Kəşkül” bağlandıqdan sonra 10 il müddətində bizdə bir dənə də olsun qəzet nəşr olunmamışdı. Hacı  Zeynalabdin Tağıyev bu boşluğu doldurmaq üçün “Kaspi” qəzetini satın aldı. O zaman Əlimərdan bəy Topçubaşov təzəcə Həsən bəy Zərdabinin kürəkəni olmuşdu. Qızı Pəri xanımla ailə qurmuşdu. Hacı Zeynalabdin Tağıyev bir güllə ilə 2 quş vurmuşdu. Həm Zərdabinin Zərdabdan  çıxıb Bakıya gəlməsini təmin etdi, həm də Əlimərdan bəy Topçubaşov kimi ziyalının jurnalistikaya gəlməsinə şərait yaratdı. Amma əlbəttə, bu boşluğu dolduran birinci qüvvə “Şərqi-rus” qəzeti oldu. Məhəmməd ağa Şahtaxtlı Rusiyanın rəsmi dairələrində mətbuat sahəsində qazandığı hörmətə görə 1902-ci ildə “Şərqi rus” adlı gündəlik qəzetin nəşr edilməsinə nail olub. Bu qəzet bir sıra milli məsələləri gündəmə gətirdi. Kütləvi savadlanma, qadın azadlığı kimi mövzuları gündəmə gətirmişdi. Şərqi rusun mətbuat tarixi üçün bir önəmi də olmuşdu ki, Cəlil Məmmədquluzadəni kənd müəllimliyindən milli mətbuata gəlişi “Şərqi rus”la başlayıb.

- Amma bunlar sonradan unuduldu. Sovet hökuməti öz ideoloji fəaliyyəti ilə onların üzərindən xətt çəkə bildi. Üzərindən xətt çəkilənlər kimlər idi?

- Sovet dövründə onların adlarının üstündən xətt çəkilmişdi. Onların şərəfli adı yavaş-yavaş mətbuatımızda yet tutur. Bizim görkəmli nasir, jurnalist-publisist Haşım bəy Vəzirovu hələ də  xalqımız kifayət qədər tanımır. “İrşad” qəzetində çıxış edib.

Molla Nəsrəddin ədəbi məktəbi sovet dövründə xalqın içindən çıxan, mirzəlik edən, nisbətən aşağı təbəqədən olan insanlar idilər. Onları xalqa yaxınlaşdırmaq mümkün idi. “Füyuzat” başdan ayağa qədər milli ideoloji nəşr olduğuna görə başında duran şəxslər də onun fəal əməkdaşları da PANİSLAMİZM ADINDA ÜMUMİ ŞƏKİLDƏ damğalanırdı. Haşım bəy Vəzirov ilk dəfə həyatını mətbuat işinə həsr edən, bu yükün altına girən simalardan biridir. O, Zeynalabdin Tağıyevdən sonra milli mətbuatımızda messanatlığı ilə seçilən şəxsdir. Murtuza Muxtarovla əməkdaşlıq şəraitində bir neçə qəzeti, mətbəəni hasilə gətirmişdi. Haşım bəy Vəzirov Azərbaycan milli mətbuat tarixində öz yerini tapmalıdır. Faiq Nemanzadə Molla Nəsrəddinçi olduğuna görə müəyyən qədər öyrənilib. Ancaq onun haqqında da geniş məlumat almağa ehtiyac var.

- Mətbuatın maarifçilik funksiyası hansı yeniliklərin yaradıcısı oldu?

- Milli mətbuat yaranan gündən Azərbaycan ziyalılığının əsas tribunası olub. İstər yazıçı olsun,  istərsə də publisist, bütün maarifçilərin hamısının fəaliyyəti gəlib milli mətbuatımızda qovuşurdu. Əliabbas Müznib, İsgəndər Cəfərzadə Zərdabinin köməkliyi ilə ilk uşaq nəşr çıxarıb. Rəşid bəy Əfəndiyev, Əbdürrəhman Əfəndizadə “Məktəb” adlı jurnal nəşr etdilər. Sultan Məcid Qənizadə, Qafur Rəşad, Səməd Mənsur, Əliabbas Müznib  kimi insanlar öyrənilməlidir. Əksəriyyətinin adı sırf mətbuatla bağlıdır. Onların fəaliyyəti hələ də kölgədə qalıb.

Azərbaycan cümhuriyyətini yaradan Məhəmməd Əmin Rəsulzadə başda olmaqla Əlimərdan bəy Topçubaşovun fəaliyyətinin meydana çıxmağı o dövrdə bir-birini əvəz edən qəzetlərdə çıxışları ilə başlayıb. Onlar həm də publisist idilər. Ona görə də “Azərbaycan” qəzetini təsis etmək elə də çətin olmadı. Ancaq adlarını saydığım əksər ziyalılar qəzeti ərsəyə gətiriblər. Ceyhun Hacıbəyli “Kaspi” qəzetinin aparıcı publisistlərindən, “Azərbaycan” qəzetinin redaktoru idi. Səməd Mənsur, Əliabbas Müznib, Abdulla Sur, Qafur Rəşad Azərbaycan qəzetinin yazarları idilər.

Elmin Nuri

Ulduz İbrahimova

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?