Modern.az

Milli mətbuat yönü - İnsanlıq maarifçiliyi

Milli mətbuat yönü - İnsanlıq maarifçiliyi

Təhsil

22 İyul 2014, 11:17

Dünyada insanlıq adına çoxlu yollar, dünyabaxışlar, əqidələr var. Çox zaman bu, təbii sayılır. Ancaq İnsanlıq adlanan, heç bir zamana, adam halına tabe olmayan ölçü və bu ölçüyə uyğun tək-tük yaşayanlar olub, indi də var. Çətinlik haqqında hamı danışır, ancaq hamı çətinlikdə yaşamaq istəmir. İnsan kimi yaşamaq, var olmaq isə hamının arzusudur. Hətta buna inanmayanlar da bacardıqları qədər insanilik ölçüsünə uyğun davranırlar. Deməli, göründüyümüzdən artıq olmaq imkanımız var. İnsan o ölçüyə uyğun yaşaya bilər, yaşamalıdır. Yalnız bu sayaq yaşam yönünü insanlığa uyğun saymaq olar. 
*** 
Başqa cür yaşamaqlar isə əslində yaşamaq deyil, sürünməkdir. Biz insanı peşəsinə görə fərqləndirmirik, yüksəltmirik, yalnız insaniliyinə görə dəyərləndiririk. Bizim üçün yalnız ali bir ölçü var – İnsanlıq! İnsan sayılmaq istəyən İnsaniliyə uyğun yaşamağı bacarmalıdır. Bu mənada illərlə mətbuatda çalışan qələm adamı olaraq heç zaman gerçək peşəmə uyğun tanınmağı qarşıma məqsəd qoymadım. Mənim üçün başlıca istək harada çalışıramsa-çalışım, bütün məqamlarda insaniliyimi göz-bəbəyim kimi qorumaq oldu. Cəmiyyətdə adətən şan-şöhrətli məqamlar, titullu görüntülər əsas sayılıb, təəssüf ki, bu gün də sözügedən ölçü hakimdir. Mənim üçün isə İnsanlıq rütbəsindən uca, fəxarətli bir məqam olmayıb. 
*** 
Heç zaman güzərançılığa, yəni maddiyyatçılığa, şöhrətpərəstliyə, fürsətcilliyə tabe olmadım. Həmişə minimal dolanışıqla yetərləndim. Madiyyatçılıq yarışına qoşulmadım. Qəzetçiliyimdə heç zaman həşir yaratmadım. İnsançılığımın maarifçilik yönünü özüm yaratdım. Bu mənada 19-cu yüzilin sonları, 20-ci yüzilin başlanğıcında yaşamış Azərbaycan maarifçilərini, ümumən dünya maarifçilərini gözəl anlayıram. Ancaq mənim maarifçiliyim qətiyyən onlarınkına bənzəmədi. 
Mənim maarifçiliyim – İnam, İdrak, Mənəviyyat, İradə maarifçiliyidir. Yüzillərdir dünyada mövcud olan, Azərbaycanda da əsasən dəb şəklini alan qəzetçilik şərindən, həşirçiliyindən imtina etdim. Adamlarla ilişkilərimi insançılıq üstə qurdum. 
*** 
Ən çətin məqamlarda belə ümidimi itirmədim. Ən haylı-küylü məqamlarda belə adamlığın yox, insanlığın səsini eşitdim. 
Həmişə adamları mənəvi yöndən qaldırdım, yüksəltdim. Yazılarımda kimsəni aşağılamadım. Adamların halını dərindən öyrəndim. İlk olaraq özümdəki adamı öyrəndim – özümdən yüksəyə qalxdım. 
Qəzetçilik sınırlarında və dışında inqilabçı olmadım, intibahçılıqdan da yüksək olmağa çalışdım. Ocaq insanı yüksəlişçi kimi görmək istəyir. 
Stəkanda fırtına qoparmağı igidlik saymadım. Böyük ideyaların zaman səviyyəsində, zamana uyğun gerçəkləşəcəyinə heç vaxt inanmadım. İnandım ki, yalnız böyük ömür yiyələri böyük ideyaları gerçəkləşdirmək gücünə malik ola bilərlər. 
*** 
Qəzetçilik fəaliyətimdə insanları sevgiylə insanilik üstə kökləməyə çalışdım. Azərbaycanımı ruhu bütöv gördüm: tarixi faciələrimizə ayıq baxdım. Çünki İnam Atadan (Asif Atadan) gələn Mütləqə İnam ölçüm var. 
Söhbətdaşlarımı ixtisasına, toplumdakı mövqeyinə görə ayırmadım. Hamısını uca tutdum, hamısında İnsan gördüm. 
İnsanları sevdiyim üçün çoxusundan özümə qarşı ciddi sayğı duydum. Sayğı görmədiklərimdən küsmədim. Çünki məsəl var, uman yerdən küsərlər. Kimsədən nəsə ummadım. Özümdən umdum, özümü İnsanlara mənəvi borclu saydım. 
*** 
Çağdaş mətbuatımızın fədakarlıq və Azərbaycan obrazına münasibət kimi iki başlıca problemi var. 
Bütün hallarda hamıya vicdançılıq, təmənnasızlıq və fədakarlıq ölçüsü əsasında yaşamaq gərəkdir: insanı var edən, mühitə, zamana, gerçəkliyə sığmağa qoymayan. Ötən illərdə dediyim kimi yaşamağa çalışdım. 
Milli dəyər – Millətin mənəvi-əxlaqi səviyyəsinin ifadəsi olub, xalq həyatının, mədəniyyətinin bütün sahələri haqqında sistemli fikirlərin məcmuyu, həmin fikirlərin ali mahiyyətidir. Yalnız xalq olaraq ruhumuzdan yaranan özümüzünküdür, milli dəyərdir. Azərbaycan mətbuatı bu kimi məsələlərdə çox diqqətli olmalıdır. 
Azərbaycan mətbuatının yaşaması üçün bundan sonra fədakarlığa, vicdançılığa, təmənnasızlığa hava-su kimi gərək olacaq. Jurnalistika bütün hallarda zamanı aşmalıdır. Yüksək əqidədaşlıqdan danışanlar bütün hallarda söz-iş birliyinə çatmalıdırlar ki, söz həmişə diri qalsın. 
***
Tarixi "Əkinçi" qəzeti ilə başlayan Azərbaycan milli mətbuatının bu və bundan sonrakı ildönümləri müəyyən məqamlarla yadda qala bilər. Belə ki, artıq bir neçə ildən sonra hətta Azərbaycanda da qəzetlərin azalacağı, lap yoxa çıxacağından danışılır. Bu məntiqlə insanlar bir azdan canlı kitabdan da imtina edəcəklər. Ancaq dünyanın gedişatı nə qədər çevik görünsə də, yenə qəzet və kitaba, canlı ünsiyyətə hər zaman gərək olacaq. Bu isə o deməkdir ki, İnsan var olacaqsa, söz də əməldən ayrılmayacaq. Söz-əməl birliyinə yetmək gərək.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir