İyulun 8-də Zaqatalaya səfər edən prezident İlham Əliyev oradan Balakən rayonuna gedib. Dövlət başçısı əvvəlcə mərhum prezident Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsini ziyarət edərək gül dəstəsi qoyub.
Prezident Balakən rayonuna səfəri çərçivəsində “Qubek” mehmanxanasının açılışında iştirak edib. Dövlət başçısı açılışı bildirən lenti kəsdi və dördulduzlu mehmanxana ilə yaxından tanış olub.
Ona məlumat verilib ki, Heydər Əliyev adına mədəniyyət və istirahət parkının yaxınlığında yerləşən 100 yerlik mehmanxanada 9 lüks və 54 sadə nömrə, 80 nəfərlik konfrans zalı, 80 nəfərlik yay və qış restoranları var. Bina fasiləsiz elektrik enerjisi ilə təmin edilibr. Burada, həmçinin qazanxana və avtomobil qarajı da fəaliyyət göstərir. Mehmanxanada 80 nəfər işlə təmin olunub.
Mehmanxananın əsas özəlliyi onun turizm üçün son dərəcə əlverişli bölgədə yerləşməsidir. Bu cür obyektlər Balakənin, ümumilikdə bölgənin turizm imkanlarının inkişafına müsbət təsir göstərir.
Prezident İlham Əliyev yaradılmış şəraiti yüksək qiymətləndirib.
Prezident İlham Əliyev “Balakən-1” kiçik su elektrik stansiyasının təməlqoyma mərasimində iştirak edib.
“Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyev inşa ediləcək bu energetika qurğusu barədə ətraflı məlumat verib. Deyib ki, “Balakən-1” su elektrik stansiyasında ildə 10 milyon kilovat/saat enerji istehsal ediləcək. Bu, rayonun elektrik enerjisinə tələbatının 25 faizini təşkil edir.
Yerli “AZENKO” şirkətinin inşa edəcəyi su elektrik stansiyasında hər birinin gücü 0,5 meqavata çatan 3 hidroturbin və hidrogenerator, eləcə də 10 kilovoltluq yarımstansiya quraşdırılacaq, elektrik xətləri çəkiləcək.
Bildirildi ki, stansiyanın tikintisini 2011-ci ilin ikinci yarısında başa çatdırmaq nəzərdə tutulub.
Prezident İlham Əliyev su elektrik stansiyasının təməlini qoyub.
İlham Əliyev Balakən Olimpiya-İdman Kompleksinin açılışında da iştirak edib. Balakənin idman ictimaiyyətinin nümayəndələri dövlət başçısını hərarətlə qarşılayıblar.
Prezident İlham Əliyev açılışı bildirən lenti kəsib və komplekslə yaxından tanış olub.
Dövlət başçısı müasir idman qurğusunun bölmələrini gəzib, idmançıların məşq prosesini izləyib.
Prezident İlham Əliyev hovuza, futbol stadionuna, açıq voleybol, tennis və mini futbol meydançalarına, kotteclərə baxıb, yaradılan şəraiti yüksək qiymətləndirib.