Modern.az

Əməkdar jurnalist Flora Xəlilzadənin “yadigarlar”ı

Əməkdar jurnalist Flora Xəlilzadənin “yadigarlar”ı

22 İyul 2014, 13:49

 Qərənfil Dünyamin qızı

Bu günlərdə İTV-in efirində “Yadigarlar” adlı bir verilişə baxdım. Və elə verilişə baxa-baxa yadıma ataların bir kəlamı düşdü: “Çörəyi ver çörəkçiyə, birini də üstəlik”. Doğrudan da hər sahənin başında işini bilən, ona sədaqətlə qulluq edən olarsa sözsüz ki, orada uğurlarlar bir-birini əvəz edər. Son bir ildən çoxdur ki, İctimai Televiziya və Radio verilişləri Şirkətində nə qədər gözəl yeniliklər əldə edilib. Yeni lahiyələr yaranıb, şirkətin strukturunda dəyişikliklər edilib. Təbii bütün bunlar İctimai Televiziya və Radio Yayımları Şirkətinin Baş direktoru Cəmil Quliyevin səyi nəticəsində əldə edilib.       

Belə yeni lahiyələrdən biri də “Yadigarlar”dır. Veriliş Azərbaycanın ictimai-siyasi və mədəni həyatında önəmli rolu olan, tanınmış simalar haqqındadır. Bu verilişdə həmin insanların yadigarlarının onlar haqqında xatirələri, fikir və rəyləri çözələnir. Verilişin aparıcıları  “Əməkdar jurnalist” Flora xanım Xəlilzadə və gənc teleaparıcı Bəhruz Niftəliyevdir.   

Əvvəlcədən onu qeyd edim ki, veriliş boyu aparıcıların əksər aparıcılarımızdan fərqli olaraq qonaqlarının sözünü kəsərək ona aman verməmək “mədəniyyəti”ndən nə qədər uzaq olması daha çox diqqətimi cəlb etdi. Flora xanımın bir az həzin, bir az da gövrək səsilə başlanan veriliş sona qədər öz baxımlı ovqatını itirmədi.

Bu gün Azərbaycan gəncliyinin milli mənəvi dəyərlərə bağlı olan belə məzmunlu verilişlərə nə qədər böyük ehtiyacı var. Yalnız tamaşaçını yüngül şou xarakterli verilişlərlə cəlb etmək yox, onu düşündürmək, təbiyələndirmək, maarifləndirmək lazımdır. Axı, KİV-in ən böyük vəzifələrindən biri də budur. Gənclik efirdən dünənini görməlidir  ki, sabahını düz qura bilsin. Gənc, müstəqil dövlətinə və dövlətçiliyinə dayaq olsun! Milli qürurunu, milli ruhunu dünyaya bəyan edə bilsin!

Bax bu baxımdan “Yadigarlar” kimi keçmişimizi tanıtdıran, dünənimizə işıq saçan, sabahımızı doğru yola istiqamətləndirən daha neçə-neçə lahiyələrin efrimizdə yeri görünür...

...“Yadigarlar”ın ilk səhifəsində Azərbaycanın xalq yazıçısı adını almış ilk qadın ədibimiz, “Şöhrət” ordenli, Prezident təqaüdçüsü, filologiya elmləri doktoru, professor Əzizə Cəfərzadənin ruhu yad edildi. O, Əzizə xanımın ki, təpədən-drnağa vətənpərvər, millətsevər, xalqına, millətinə, onun adət-ənənələrinə sadiq qalan, əxlaqi və mənəviyyatı ilə bir nümunə məktəbi olan əsl Azərbaycan xanımı istedadlı yazıçı, cəfakeş alim, sevimli pedaqoq kimi ömürlük yaddaşlara həkk edildi. O, Əzizə xanım ki, bu böyük titullarına baxmayaraq öz ailəsində, evində qayğıkeş ev xanımı, sədaqətli ömür-gün yoldaşı, cəfakeş, mehriban nənə, xeyir-şər adamı idi.

Qəribədir verilişin bu sayının musiqisi də, səhnə tərtibatı da Əzizə xanımın zövqünə, mənəviyyatına, xanımlığına uyğun secilmişdir. Hər şeydə bir sadəliklə yanaşı gözəllik və klassika duyulurdu. Çünki, Əzizə xanım geyim-kecimində də yaradıcılığında da klassikaya çox bağlı bir xanım, Flora xanımın təbirincə desək “munis bir şəxsiyyət” idi.   

Bir-birindən xoş, kövrək xatirələrə bürünmüş “Yadigarlar” mənim də Əzizə xanım haqqında olan xatirələrimi yada saldı və xəyallarımda yanan işıqı daha da nurlandırdı. Əslində Əzizə xanın Azərbaycan ədəbiyyatında heç nə yazmasaydı belə, saf əxlaqı və mənəviyyatı ilə bir nümunəvi pedaqoq kimi yenə həmin uca zirvə də durmağa layiq idi.

Əzizə xanım mənim müəllimim olmayıb. Amma BDU-da kecirilən tədbirlərdən, görüşlərdən onu yaxşı tanıyırdım. Əzizə xanımla daha yaxından “Ədalət” qəzetində işləyərkən tanış oldum. Bir neçə dəfə müsahibim olaraq görüşdük. Belə müsahibələrimdən biri də 1990-cı ilin sentyabrında oldu.

 Əzizə xanım Türkiyənin Kayseri şəhərindəki Erciyes Universitetində keçirilən “Birinci Millətlərarası Böyük Azərbaycan Konqresi” adlı konfransa dəvət edilmişdir. Yekdil səslə konfransın sədri seçilən Əzizə xanım “XIX yüz illiyin birinci yarısında Azərbaycan şeri” adlı məruzəsi və xanım-xatınlığı ilə bütün konfrans iştirakclarının diqqətini cəlb edir. O zaman bizim mətbuatla yanaşı türk mətbuatı da bu xoş xəbərə geniş yer ayırdı...   

Hər dəfə onunla görüşəndə ondakı hafizəyə heyran qalırdım. Ədəbiyyatdan, tarixdən, folklorşünaslıqdan elə səlis, aydın faktlar əsasında danışırdı ki, bilmirdin Əzizə xanım pedaqoqdur, şairdi, tarixçidir, nasirdir...   

Mənə elə gəlir ki, “Yadigarlar”ın ilk səhifəsinin Əzizə xanım dühasına və dünyasına həsr edilməsi çox gözəl bir fikirdir. İlk olaraq bütün varlığı ilə millətinə, vətəninə layiq olan bir insanın ruhunu şad etmək çox düşərli və xeyirlidir.  

 “Yadigalar”ın növbəti görüşündə Azərbaycan ədəbiyyatının, mətbuatının, mədəniyyətinin, milli musiqinin, ictimai fikir tarixinin yaranmasında, yaşanmasında ölçüyəgəlməz dərəcədə rolu, əməyi, haqqı-sayı olan Xan Şuşinski, Həsənbəy Zərdabi, Mirzə Cəlil, Üzeyir bəy, Mirzə Ələkbər Sabir, Əziz Mirəhmədov, Mir Cəlal, İlyas Əfəndiyev, Məmməd Araz, Qulu Xəlilov, Aydın Qaradağlı, Səməndər Rzayev, Bəşir Səfəroğlu, İsmayıl Şıxlı, Qulam Məmmədli, Nəriman Zeynalov, Nürəddin Babayev, Abbas Zamanov  və daha neçə dühaların xatirəsinin yad edilməsi arzusu ilə Sizə uğurlar diləyirəm, verlişi ərsəyə gətirən “Yadigarlar” kollektivi!

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!