Modern.az

Türkiyəli deputat: “Ərdoğan prezident seçiləcəksə, baş nazir-prezident qarşıdurması pik həddə çata bilər” - MÜSAHİBƏ

Türkiyəli deputat: “Ərdoğan prezident seçiləcəksə, baş nazir-prezident qarşıdurması pik həddə çata bilər” - MÜSAHİBƏ

22 İyul 2014, 13:50

Türkiyə Böyük Millət Məclisinin (TBMM) tərəfsiz millət vəkili İdris Bal baş nazir Rəcəb Tayyib Ərdoğanın Bakıya sonuncu səfəri ilə bağlı sensasiyalı şərh verib. Onun sözlərinə görə, Ərdoğan rəsmi Bakını  Qarabağla, yəni Türkiyənin Ermənistanla sərhədləri açacağı  və Azərbaycanın Türkiyədəki kapital qoyuluşuna əngəllər yaradacağı  ilə şantaj edib. Türkiyə parlamentinin deputatı bildirib ki, bundan sonra Azərbaycan ölkədə fəaliyyət göstərən Fətulla Gülən şəbəkəsinə məxsus təhsil ocaqlarını bağlamağa qərar verib.

Modern.az saytı hakim Ədalət və İnkişaf Partiyasının  (AKP) keçmiş üzvü olan İdris Baldan Türkiyədəki prezident seçkiləri və Azərbaycanla bağlı səsləndirdiyi fikirlərə bir daha aydınlıq gətirmək üçün müsahibə götürüb.

- Keçmiş AKP üzvü və hazırda müstəqil fəaliyyət göstərən deputat kimi Türkiyədə prezident seçkiləri ərəfəsində cərəyan edən siyasi proseslər və bunun gələcək təsirləri haqqında nə deyə bilərsiniz?

- Türkiyə ötən il dekabrın 17-də baş tutan rüşvət və korrupsiya əməliyyatlarından sonra böyük bir siyasi qütbləşməyə sürükləndi. Ciddi mənada iqtidar bir tərəfdə, müxalifət digər cəbhədə olan qütbləşmədə tərəflərin bir-birinə ittihamları daha da kəskin xarakter aldı. Bundan sonra Türkiyənin normallaşması lazımdır. Düşünürəm ki, prezident seçkisi vəziyyətin normallaşması üçün fürsətdir. Prezidentliyə üç namizəddən ikisinin şansları daha çoxdur. Təbii ki, onların biri baş nazir Rəcəb Tayyib Ərdoğan, digəri isə İslam Əməkdaşlıq Təşkilatının sabiq baş katibi, Türkiyə ana müxalifətinin vahid namizədi Ekmeleddin İhsanoğludur.

- Prezident seçkisində  bu iki namizəddən birinin qalib olmasının Türkiyə daxili siyasətinə təsiri də aktual məsələ olaraq qalır. Belə fikirlər səslənir ki,  baş nazir Ərdoğanın  prezident seçiləcəyi təqdirdə, Türkiyə parlamentli respublika modelindən imtina edəcək. Ümumiyyətlə, bu iki namizəddən birinin qalib olması rəsmi Ankaranın daxili siyasi çevrələri üçün hansı perspektivləri vəd edir?

- Baş nazir prezident seçiləcəksə, Türkiyədəki siyasi qütbləşmənin daha da dərinləşəcəyi və uçuruma doğru yön alacağı haqqında düşüncələr mövcuddur. Bundan başqa, Türkiyənin ana müxalifəti olan CHP və MHP arasındakı fikir ayrılıqları bir az da güclənəcək və müxalifətin nüfuzu məsələsi bir daha gündəmə gələcək. Bundan başqa, Ərdoğan seçkidə qələbə qazanacaqsa, Fətulla Gülən şəbəkəsinə məxsus olduğu və ona xidmət etdiyi iddia edilən dövlət içindəki “paralel” quruluşlara qarşı əməliyyatların miqyası daha da genişlənəcək. Təbii ki, təqsirkarlar, cinayətkarlar öz cəzasını almalıdır. Amma bu hisslərlə verilən qərarlarla yox, hüquq çərçivəsində öz həllini tapmalıdır. Bununla yanaşı, Ərdoğan dövlət rəhbəri seçiləcəksə ölkədə baş nazir-prezident qarşıdurması pik həddə gəlib çıxa bilər. Ərdoğan “mən bütün səlahiyyətlərimdən istifadə edəcəyəm və proseslərə təsirsiz qalmayacağam” deyərkən baş nazirlə problemlər yaranacağına və ya onu tam olaraq özünə tabe etdirəcəyinə işarə edir.  Bilirsiniz ki, parlamentli respublikada prezidentlik kürsüsü simvolik məna daşıyır. Düşünürəm ki, Ərdoğan əgər tarixi siyasi ənənəni dəyişəcəksə, dövlət daxilində böyük siyasi böhran yaşanacaq. Türkiyə siyasi partiyaları ilə dialoq problemi yarana bilər. Amma Ərdoğandan fərqli olaraq  Ekmeleddin İhsanoğlu isə daha barışdırdıcı, sülhpərvər mesajlar verir. İhsanoğlu prezident olacaqsa, cəmiyyətdəki qarşıdurmaların azalacağı qənaətindəyəm.  

- Amma nədənsə, Ərdoğanın şansları daha böyük görünür, nəinki Ekmeleddin İhsanoğlunun. Aparılan təbliğat-təşviqat kampaniyasından da bunu müşahidə etmək olar. AKP hökuməti nə qədər nüfuzdan düşsə də, müxalifətin də potensialının olmadığını iddia etmək məncə, doğru olardı. İstərdik ki, siz də müstəqil deputat kimi bu barədə obyektiv şərhinizi verəsiniz.

- Sizin kampaniya ilə bağlı dediklərinizlə tamamilə razıyam. Ərdoğan daha təsirli və effektiv kampaniya aparır. İhsanoğlunun təbliğat-təşviqat kampaniyası isə effektiv deyil. Zənnimcə, İhsanoğlu daha güclüdür. Amma təbliğatını olduqca aşağı səviyyədə aparması onun nüfuzuna xələl gətirir. Onun kampaniyasının tərkib hissəsi olan “Ekmek için Ekmelleddin” şüarı olduqca primitiv və qeyri-peşəkardır. Onu vahid namizəd kimi irəli sürən CHP və MHP də kampaniyada əsaslı rol oynaya bilmir. Əgər bu şəxsin aktiv təbliğat bacarıqları olmadığını görürdülərsə, onu prezidentliyə vahid namizəd  göstərməməli idilər. Ondansa, müxalifət bir neçə namizədlə prezident seçkisində iştirak edə bilərdilər. Digər tərəfdən, Türkiyənin  sülh və təhlükəsizliyi üçün  elə də xoş çıxışlar etməyən Ərdoğan çox peşəkar kampaniya aparır.

- İdris bəy, BDP-nin namizədi Səlahəddin Demirtaşın prezident kürsüsündə əyləşməsi üçün ehtimallar varmı?

- BDP-nin namizədi PKK terror təşkilatı ilə əlaqəsi olan bir partiyanın rəhbəridir. Amma təəssüflər olsun ki, Səlahəddin Demirtaş da İhsanoğlundan daha yaxşı təbliğat aparır, daha cəlbedici mesajlar verir. Lakin düşünürəm ki, onun seçkiləri qazanmaq şansları yoxdur. Ümumiyyətlə, düşünürəm ki, prezident seçkisində birinci turda qalib bəlli olmayacaq. İkinci tur keçiriləcəksə, böyük ehtimalla BDP-nin səsləri də Ərdoğana veriləcək.

- CHP daxilində Ekmeleddin İhsanoğlunun namizədliyinin əleyhinə olanlar da çoxdur. Bu İhsanoğlunun prezident seçkisindəki qələbəsini şübhə altına almırmı?

- CHP özündə fərqli qrupları birləşdirən partiyadır. CHP-də sosial-demokratlar, milli maraqları üstün tutan, həmçinin “kürdçü” qruplar mövcuddur. Bu qruplar bir vücudun ayrı-ayrı orqanları kimi öz funksiyasını layiqincə yerinə yetirə bilmir. Onların bir kəsiminin dediyini digərləri qəbul etmir, hətta yalan çıxarır. CHP-də partiyadaxili qızğın mübarizə gedir. Bu mənada CHP daxilindəki qruplaşmanın  Ekmelleddin bəyin vahid namizəd olmasına qarşı çıxması başa düşüləndir. Təbii ki, bütün bunlar İhsanoğlunun seçki kampaniyasına mənfi təsir edir. CHP daxilindəki bölünmələr səbəbindən İhsanoğlu bölgələrdən dəstək ala bilmir. CHP və MHP mitinqlərin keçirilməsinə də köməklik etmir. Sadəcə, iftar süfrələrində iştirak etməklə işlər yekunlaşmır.

- Siz açıqlamalarınızın birində bəyan etdiniz ki, baş nazir Rəcəb Tayyib Ərdoğan Bakıya gerçəkləşdirdiyi səfərində  Azərbaycana Qarabağ şantajı və Türkiyədəki iş adamlarına təzyiqlər etməklə hədələyib və məhz  bundan sonra Azərbaycandakı Gülən şəbəkəsinə məxsus məktəblər bağlanıb. Bu dedikləriniz hansısa real fakta söykənir, yoxsa, sadəcə olaraq versiya səsləndirirsiniz?

- Türkiyə hökuməti başqa ölkələrdə fəaliyyət göstərən və Gülən şəbəkəsinə aid olan türk məktəblərinin bağladılması üçün xarici işlər nazirliyinə təlimat verib. Həmin məktəblərdə türkcə öyrədilir. Həmin məktəblər hesabına Türkiyənin dostları çoxalırdı. Həmin kolleclərdə Türkiyənin lobbiçiliyi qurulmuşdu və oradakı şəxslər Türkiyəni pulsuz təbliğ edirdilər Buna görə də məktəblərin bağlanması istiqamətində AKP hakimiyyətinin atdığı addımlar Türkiyə üçün xoş bir şey deyil. Ərdoğan hökumətinin Gülən məktəblərini bağlatdırmaq üçün səyləri millətə xəyanətdir. Buna görə Türkiyə siyasi dairələrində belə fikir yaranıb ki, Ərdoğan iqtidarı Azərbaycana Qarabağ kartı və Türkiyədəki azərbaycanlı iş adamları amilindən yararlanaraq təzyiqlər edir. Türkiyədə belə düşünürlər ki, rəsmi Ankara Ermənistanla sərhədi açmamasının qarşılığı olaraq Azərbaycandan liseylərin bağlanmasını tələb edir. Bunlar iddiadır. Mən isə həmin ittihamları şəxsi qənaətimlə bir az da ictimailəşdirdim. Amma mənim əlimdə bu haqda dəqiq məlumatlar, təkzibedilməz faktlar yoxdur. Təbii ki, bu iddiaların isbata ehtiyacı var.

Aqşin Kərimov

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?