Modern.az

“Ön soz”, yoxsa “Ön söz əvəzi”?

“Ön soz”, yoxsa “Ön söz əvəzi”?

8 İyul 2010, 16:03

Rəşad Məcid: "“Ön söz”lə “Ön söz əvəzi” arasında fərq yoxdur" Şahbaz Şamıoğlu: "“Ön söz əvəzi” yerinə düşmür" Qulu Ağsəs: "“Ön söz” tənbəl oxucu üçündür"

Bu gün bədii, elmi, publisistik əsərlərə müxtəlif cür ön sözlər  yazılır. Son zamanlar isə bir çox əsərlərin çap olunduğu kitabların 1-ci səhifələrində “Ön söz” yerinə “Ön söz əvəzi” ifadəsi yazılır. Bunlardan hansı yalnış, hansı doğrudur? Yazıçılar Birliyinin katibi, "525-ci qəzet"in baş redaktoru  Rəşad Məcid “Ön söz” ifadəsi ilə “Ön söz əvəzi” ifadəsi arasında elə prinsipial fərq olmadığını deyib: ““Ön söz”də əsər barədə daha ətraflı və geniş məlumat verilir. Əsərin mahiyyəti, ideyası oxucu ücün qaranlıq olan məqamlar barədə fikirlər əks olunur. İndiki dövrdə yazılan “Ön söz”lər belə geniş əhatəli olmayanda, müəllif onu “Ön söz əvəzi” adlandırır. “Ön söz əvəzi”ndə “Ön söz”də olduğu kimi əsər barədə əhatəli söhbət açılmır. Bir neçə məqam vurğulanır. Ancaq “Ön söz” müəllifi lap geniş “Ön söz”ə də “əvəzi” ifadəsi yaza bilər, yəni əsər barədə tam dolğun və bütün fikirləri catdıra bilmədiyindən belə edər. “Ön söz” ifadəsi ilə “Ön söz əvəzi” ifadəsi arasında elə prinsipial fərq yoxdur. Ancaq əsər geniş və  əhatəlidirsə, “Ön söz”, qısadırsa o “Ön söz əvəzi” olmalıdır”.

 

Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat  İnsitutunun baş elmi işçisi, filologiya elmlər namizədi Şahbaz Şamıoğlu kitablarda “Ön söz əvəzi” ifadəsinin yazılmasını düzgün saymır: “Əslində “Ön söz” termini daha yerinə düşür. İstər bədii, istərsə də elmi, elmi-publisistik əsər olsun, oxucuya müəyyən mənada istiqamət vermək üçün, oxucunu oxuyacağı əsərə hazırlamaq üçün ya müəllifin özü, ya da həmin sahəsinin mütəxəssisi “Ön söz” yazır. Hesab edirəm ki, “Ön söz” demək daha düzgün olardı. “Ön söz əvəzi” yerinə düşmür. Axı nə üçün “əvəzi” ifadəsi olmalıdır? Məhz “Ön söz” yazılmalıdır. Məsələnin ikinci tərəfi odur ki, ola bilər ki, həmin o “Ön söz” məfhumu altında, yəni o məfhumu ifadə edə biləcək hər hansı bir yazı yazılır və ona müstəqil bir ad qoyula bilər. Bu da yenə “Ön söz”ü əvəzləyir. Mən hesab edirəm ki, doğurdan da müəyyən əsərlərə “Ön söz” yazılması vacibdir. Əgər bunun özü Ön söz”dürsə və “Ön söz” məqsədilə yazılmışdırsa, buna niyə biz “Ön söz əvəzi” deyək.  Onda belə çıxır ki, “Giriş” ifadəsi yerinə də “Giriş əvəzi” termini işələdə bilərik? “Əvəzi” sözünü işlətmək məncə bir az məntiqsiz görünən məsələdir. Ya “Ön söz” şəklində olmalıdır, ya da ki, “Ön söz” üçün yazılmış o mətnə müəllif və yaxud onu yazan digər şəxs müstəqil ad da qoya bilər”.

 

Tanınmış şair, "Ulduz" jurnalının redaktoru Qulu Ağsəs isə “Ön söz” və “Ön söz əvəzi” terminlərin ümumiyyətlə ləğv olunmasının tərəfdarıdır: “Bədii əsərlərə yazılan “Ön söz”, “Ön söz əvəzi” şərtidir. Bunlar ehkam deyil. Bu trafaret də deyil. Yazıla da bilər, yazılmaya da bilər. Hətta onu “Ön söz” və ya “Ön söz əvəzi” adlandırmaq da özü ehkam deyil. Sovet dönəmində belə qayda vardı. Başsağlığını axırıncı səhifədə verməli idin. Sonradan məlum oldu ki, başsağlığını birinci, ikinci, üçüncü səhifədə də vermək olar. “Ön söz” hansısa bir əsər və yaxud müəllifi bir az təqdir etmək baxımından yazılır. O vaxt təbii ki, hər kitab çap olunmurdu. Əgər çap olunurdusa, onun haqqında ən azı bir neçə kəlmə xoş söz getməli idi. “Ön söz əvəzi” bir söz oynatmasıdır. Əslində “Ön söz əvəzi” elə “Ön söz”dür. Eyni bir şeydir”.

 

Qulu Ağsəs deyir ki, bəzən “Ön söz”lər kitabdan daha maraqlı olur: “Məni narahat edən odur ki, çox gözəl “Ön söz” yazılır və sonra həddən artıq istedadsız, səviyyəsiz bir kitabın şahidi oluruq. “Ön söz” kitabdan maraqlı olur. Kitabın faciəsi bax ondadır. İndi “Ön söz”lərin çoxunu müəlliflər özləri yazır. Bir neçə yazıçı, alim var ki, onlar da müəllifin yazdığı Ön söz”lərə öz imzalarını qoyurlar.

Mən düşünürəm ki, çox yaxın bir vaxtda “Ön söz” , “Ön söz əvəzi” deyilən ifadələr aradan çıxacaq. Ümumiyyətlə, bunlara eytiyac yoxdur. Kitab yazıbsan qoy camaat oxusun. Bilirsiz bu nəyə bəznəyir? Elə bil ki, mənim uşağımın toyudur, başqa adam camaata “xoş gəldin” edir. Mənim kitabım mənim evimdir. Qapını da ev yiyəsi açmalıdır. Mən hesab edirəm ki, “Ön söz”lər  yazılmasa, daha yaxşıdır. Xüsusilə indiki dövrdə boğazdan yuxarı sözlər yazılır. Əksər hallarda müəlliflər özləri özləri haqda xoş sözlər yazırlar. Azərbaycanda “Ön söz” forma, məzmun baxımından urvatdan düşüb. “Ön söz” ifadəsinə artıq ehtiyac yoxdur. Bizdə o qədər biabirçılıqlar var ki... Məsələn, kitab təqdimatı keçiririk. Durub hamı kitabını tərifləyir. Sən bu kitabı birinci dəfə görürsənsə bu kitabı necə tərifləyə bilərsən..? Biz insanlara ədəbiyyat, qələm adamları olaraq yalan danışmamağı, vicdanlı, səmimi  olmağı təbliğ etmək istəyirik. Ancaq özümüz bu qədər qeyri-səmimi, vicdansız olandan sonar, oxucu bizdən nə götürə bilər… Başqa bir bəla odur ki, çox adam kitabı oxumur, ancaq “Ön söz”ü oxuyur. “Ön söz” tənbəl oxucu üçündür. Yəni, oxu xəbərin olsun ki, dünyada nə var. Ona görə bunları ümumiyyətlə ləğv etmək lazımdır ki, qoy əziyyət çəkib kitabı oxusunlar. “Ön söz”ün də, “Ön söz əvəzi”nin də, hətta “Ön söz əvəzi”nin əvəzinin  də əleyhinəyəm”. Təhminə Paşayeva

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi