Modern.az xəbər verir ki, bu gün Gənclər Təşkilatları Milli Şurası Avropa Parlamentinə, Avropa Şurasına, Avropa ölkələrinin parlamentlərinə müraciət edib. Bu barədə saytımıza millət vəkili, Şuranın sədri Fuad Muradov məlumat verib.
Müraciətdə iyunun 19-da cəbhənin Tərtər rayonunun Çaylı kəndi istiqamətində Ermənistan silahlı qüvvələrinin hücumunu dəf edərkən şəhid olmuş 22 yaşlı gizir Mübariz Ağakərim oğlu İbrahimovun cəsədinin qaytarılmasına kömək istənilib. “Biz beynəlxalq dünyaya müraciət ünvanlamaqla Ermənistanın beynəlxalq konvensiyaları pozduğunu bəyan etmişik, azərbaycanlı gizirin meyitinin 48 saat müddətində Azərbaycana qaytarılması tələbni irəli sürmüşük.
Əks təqdirdə Birləşmiş Millətlər Təşklatına və digər beynəlxalq qurumlara da müraciət edəcəyik. Dünya ictimaiyyəti Ermənistanın hətta azərbaycanlıların meyitini girovluqda saxladığını, onun dəfninə imkan vermədiyini bilməlidir”.
Şəhid Mübariz İbrahimov 2006-cı ildə Biləsuvar rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılıb. Ötən il daxili qoşun hissələrində xidmətini başa vurduqdan sonra o, gizir kimi orduda hərbi xidmətini davam etdirirdi. Modern.az