Amerikanın federal məhkəməsi “casus işi”ndə ittiham olunaraq həbs olunmuş 10 Rusiya vətəndaşının Birləşmiş Ştatlardan deportasiya olunması barədə qərar çıxarıb. Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, məhkəmənin hakimi Kimba Vud bəyan edib ki, casuslar təcili qaydada ABŞ-ı tərk etməlidirlər. Məlumata görə, casuslar məhkəmə prosesində öz günahlarını etiraf ediblər. Rusiya və Amerika arasında “casus işi” ilə əlaqədar əldə olunmuş razılaşmaya əsasən Rusiyada Qərbi kəşfiyyatı ilə əməkdaşlıqda ittiham olunaraq “vətənə xəyanət” damğası ilə həbs olunmuş 4 Rusiya vətəndaşı isə bu casuslarla dəyişdiriləcək. Rusiya prezidenti Dmitri Medvedev artıq 4 casus – İqor Sutyaqin, Sergey Skripal, Aleksandr Sıpaçev və Aleksandr Zaporjskinin əfv olunması barədə fərman imzalayıb.
Ən son məlumata görə, 10 rus casusu xüsusi təyyarə ilə Rusiyaya yola salınıb.