Modern.az

Bir ailənin inanılmaz mübarizəsi və onun səsini prezidentə çatmağa qoymayan məmurlar.. - FOTOLAR

Bir ailənin inanılmaz mübarizəsi və onun səsini prezidentə çatmağa qoymayan məmurlar.. - FOTOLAR

Reportaj

24 İyul 2014, 22:47


İyulun 24-də prezident İlham Əliyev Bakı Olimpiya Stadionunda tikinti işlərinin gedişi ilə tanış olmaq üçün “Koroğlu” metrostansiyasına yaxın əraziyə gəlib. Bundan qorxuya düşən Sabunçu rayon İcra Hakimiyyəti Olimpiya stadionunun inşa olunduğu ərazidə sökülməmiş yeganə evinin sahibi Ələkbər Hüseynovu öz ailəsilə brigə gizlədib.

Böyükşor yaşayış massivində evinin sökülməsinə etirazını bildirən və onu tərk etməyən Ələkbər Hüseynov Modern.az-a deyib ki, prezidentin ərazisyə gələcəyindən təşvişə düşən vəzifəlişəxslər onu və qardaşını Sabunçu rayon Polis İdarəsinə aparıblar.
Ə.Hüseynovun 2 azyaşlı oğlunu və həyat yoldaşını isə zorla Sabunçu rayon İcra Hakimiyyətinə aparıblar. Və prezident əraziyə baxış keçirib gedəndən sonra onları buraxıblar.

Sabunçu rayon Polis İdarəsində bir neçə saat saxlan Ələkbər Hüseynov və qardaşını isə polisə müqavimət ittihamı ilə məhkəməyə aparıblar, Məhkəmə onlara xəbərdarlıq etdikdən sonra sərbəst buraxılıblar.

Ə.Hüseynov deyir ki, Sabunçu rayonu rəhbərliyi tərəfində həyara keçirilən bu qeyri-qanunu saxlamanın məqsədi onların haqq səsinin prezidentə çatmasının qarşısını almaq olub. Bunun üçün bir gün əvvəldən gəlib evin dörd yanını hünürdür dəmir lövhələrlə çəpərləyiblər ki, tənha tikili prezidentin diqqətini cəlb eləməsin. Yalnız prezident ərazidən gedəndən sonra dəmir çəpəri söküblər.


“Səhər saat 9 radələrində 2 nəfər polis evimizə gəldi. Dedilər ki, prezident qarşısına çıxmayaq deyə, bizə nəzarət edəcəklər. Bir müddət sonra Sabunçu rayonunun icra başçısı Adil Vəliyev gəldi və polislərə məni şöbəyə aparmaq göstərişi verdi. Məni və qardaşımı ayaqyalın, zorla polis maşınına mindirib  Sabuççu rayon Polis İdarəsinin 12-ci bölməsinə apardılar. Fikirləşdilər ki, birdən biz evdən çıxıb prezidentə dərdimizi, məmurlardan şikayətimizi deyərik. Ona görə də qorxdular. Axşam saat 5-dək şöbədə saxladılar. Sonra bizi polisə müqavimət ittihamı ilə məhkəməyə apardılar. Məhkəmə bizə xəbərdarlıq etdikdən sonra sərbəst buraxıldıq”.

Qeyd edək ki, Böyüşor qəsəbəsində 1700-dən çox ev olub. Onların hamısı sökülüb, təkcə Ələkbər Hüseynovun evindən başqa. Ə.Hüseynov deyir ki, onun evi 130 kvadratmetr olduğu halda, 48 kvadratmetr ölçüblər. 48 kvadratmetr müqabilində Hüseynovların bank hesabına cəmi 63 min 534 manat keçirilib. Ailə isə buna etiraz edərək, 1 ildən çoxdur yarıuçuq evindən çıxmır, ərazidə tək-tənha yaşayır.

“Mübarizəmizi sona kimi aparacağam. Mən haqq-ədalət istəyirəm. Evimin həcmini daşdan-daşa düzgün ölçülməsini və bizə ədalətli kompensasiya verilməsini tələb edirəm”.

Maraqlıdır ki, Sabunçu rayon Polis İdarəsindən "Azadlıq" radiosuna Ələkbər Hüseynov və onun qardaşının polisə gətirilməsi ilə bağlı deyilənləri təkzib ediblər.

Sabunçu rayon İcra Hakimiyyətindən də məsələdən xəbərsiz olduqlarını bildiriblər.




İndi Olimpiya stadionunun inşa olunduğu ərazidə yalnız bir ev sökülməmiş qalır. Bu evin sahibi olan Ələkbər Hüseynov ona verilən kompensasiyanın miqdarından narazıdır. Mübahisəyə Sabunçu rayon Məhkəməsində də baxılıb, amma proses Hüseynovlar ailəsinin əleyhinə bitib.
Toz-torpağın içində qalan bu evin işığı, suyu və qazı kəsilsə də, ev sahibi tikilidən çıxmayacağını deyir... Ailə məcbu olub suyu pulla alır, elektrik üçün geenartordan istifadə edir, yemək bişirmək üçün qaz balonu işlədir... Ötən qışı da bu çətinliklə geridə qoyublar. İndi də necə deyərlər, hələ ki dirənirlər..

2015-ci ildə burada I Avropa Olimpiya Oyunları keçiriləcək. Bununla bağlı Böyükşor yaşayış massivində yeni Olimpiya stadionu inşa olunur. Stadionun tikintisi və yeni yolların çəkilişinə görə buradakı bütün evlər plana düşüb və sökülüb. Sakinlərə hər kvadratmetr üçün 1020 manat ödənilib. Ələkbər Hüseynovun problemini niyə həll etmirlər?
İndi maraqlıdır, ərazidəki bu yarıuçuq evi nə vaxtadəık gizlədəcəklər?

Axı bir müddət sonra bura xarici ölkələrdən yüzlərlə jurnalist gələcək. O zaman istisna deyil ki, onlardan kimlərsə bu faktı beynəlxalq mediada işıqlandırıb Azərbaycanı biabr etməyəcək.

Yaxşı olar ki, hər dəfə president əraziyə baxmağa gələndə Hüseynovlar ailəsini gizlədən müvafiq dövlət qurumları bunu nəzərə alıb məsləni ədalətlə həll etsinlər. Cənablar, bu barədə fikirləşməyə dəyər...

Olimpiya stadionunun yaxınlığındakı Böyükşor qəsəbəsi, 12A ünvanda yerləşən yeganə evin sakini Ələkbər Hüseynov deyir ki, o, Azərbaycan Respublikasının vətəndaşı kimi qanuni haqqını tələb edir, heç kimdən artıq heç nə istəmir.












A.Qorxmaz

Whatsapp
Bizə yazın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?