Modern.az

Bülənt Arınçdan Ərdoğana ETİRAZ: “Bu, qeyri-insani hərəkətdir”

Bülənt Arınçdan Ərdoğana ETİRAZ: “Bu, qeyri-insani hərəkətdir”

Aktual

26 İyul 2014, 01:50

 

Türkiyə baş nazirinin müavini Bülənt Arınç ölkədə Fətulla Gülən şəbəkəsinə məxsus olduğu və dövlət içərisində “paralel quruluş”a xidmət etməkdə şübhəli bilinən polislərə qarşı aparılan əməliyyatlardan söz açıb. Modern.az saytı xəbər verir ki, NTV kanalına müsahibəsi zamanı Bülənt Arınç Türkiyə hökumətinin  siyasiləşmiş nurçu kəsimlə sülh əldə edəcəyinə dair sualları cavablandırarkən, bunun çətin olduğunu vurulayıb. “Mən onlarla qucaqlaşmağı ürəkdən istəyirəm. Bununla bağlı dəfələrlə çağırış etmişəm. Amma heç bir reaksiya yoxdur. Onlar “bizim içərimizdə yanlış hərəkət edənlər var, amma biz onlardan deyilik” desələr, sülh üçün zəmin yarana bilər.  Belə olmasa, gərginlik daha da artacaq”,-deyə baş nazirin müavini söyləyib.  

Türkiyə hökumətinin rəsmisi nurçuların lideri  Fətulla Gülənin “Hizmət” hərəkatındakı “paralel təşkilatlanma” ya qarşı aparılan əməliyyatlar çərçivəsində polis əməkdaşlarının həbs edilməsinə də diqqət çəkib. Bülənt Arınçın sözlərinə görə polisdə xidmət etmiş adamların əlinin qandallanması düzgün deyil: “Bu gün polisdə xidmət etmiş adamların əllərinin arxadan qandallanması qeyri-insani və xoş olmayan hərəkətlərdir. Onların cinayətkar kimi təhqir olunması, heç xoşuma gəlmədi”.  

Qeyd edək ki, ötən ilin dekabrında Türkiyədə həyata keçirilən böyük rüşvət və korrupsiya əməliyyatlarının başında nurçuların ABŞ-da yaşayan lideri Fətulla Gülənin durduğu bildirilirdi. Türkiyə hökuməti həmin əməliyyatları Gülən şəbəkəsinə məxsus olan polis və prokurorluq əməkdaşlarının keçirdiyini iddia edirdi.

Baş nazir Rəcəb Tayyib Ərdoğan çıxışlarında əməliyyatı həyata keçirənlərin dövlət içərisində siyasi gərginlik, qeyri-sabitlik, çaxnaşmalar yaratmaq istədiklərini bildirib. Baş nazir bundan sonra onların axırına çıxacaqlarını bəyan edən açıqlamalar da verib.  

Bir neçə gün bundan öncə isə “paralel təşkilatlanma” ya qarşı Türkiyə polisi əməliyyata başlayaraq bir neçə polis, təhlükəsizlik ximdətinin əməkdaşını həbs edib. Əməliyyatların baş nazir Ərdoğanın siyasi sifarişi ilə həyata keçildiyi güman edilir.

Onu da xatırladaq ki, Türkiyə baş nazirinin müavini B. Arınçın hələ də Ərdoğanla yollarını ayıran Fətulla Gülənə bağlı olduğu iddia edilir.    

Aqşin Kərimov

   

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!