Modern.az

Jirinovski yenə Azərbaycanı TƏRİFLƏDİ: “Şikayətlər eşitmirik”

Jirinovski yenə Azərbaycanı TƏRİFLƏDİ: “Şikayətlər eşitmirik”

Aktual

30 İyul 2014, 22:40

 

“Rusiya ilə Azərbaycan arasında əlaqələr yalnız pozitiv formatda inkişaf etməlidir. Yaxın illərdə müvəffəqiyyətli əməkdaşlıq məhsuldar olmalıdır, çünki Azərbaycan təkcə  Cənubi Qafqazda yox, Türkiyə və İranla da əlaqələrində mühüm rol oynayır”. Modern.az saytı xəbər verir ki, bu sözləri “Vestikavkaza” portalına açıqlamasında Rusiya Liberal-Demokrat Partiyasının lideri, Dövlət Dumasının deputatı Vladimir Jirinovski deyib.

O bildirib ki, Rusiya və Azərbaycan münasibətlərinin dərinləşdirilməsində hər iki ölkə lideri əhəmiyyətli rol oynayır. Onun sözlərinə görə Rusiya dövlət başçısı Vladimir Putin və Azərbaycan prezidenti İlham Əliyevin görüşləri zamanı bir çox məsələ haqqında razılaşma əldə etmək olar. “Bu ikitərəfli münasibətlərə impuls verəcək”,-deyə V. Jirinovski söyləyib.

RLDP sədri bir neçə gün bundan əvvəl olduğu kimi yenə də Azərbaycanla Ukraynanı müqayisə edib: “Ukraynada rus filmləri, dili, kitabları qadağan edilir. Azərbaycanda isə bu tendensiya yoxdur. Azərbaycandan fərqli olaraq Ukrayna asılı dövlətdir. Biz bu gün  görürük ki, Ukrayna Azərbaycandan fərqli olaraq Vaşinqtonun göztərişləri üzrə hərəkət edir”.  

V. Jirinovski deyib ki, Cənubi Qafqazda ən çox Azərbaycanda rus dilinə şərait yaradılıb. “Azərbaycanda ən əlverişli vəziyyətdə  çoxlu sayda rus məktəbləri var. Moskva Dövlət Universitetinin filialı işləyir, rusdilli qəzetlər çıxır, və biz etnik və dini təzyiqlərlə bağlı Azərbaycandan hər hansı şikayətlər eşitmirik”.  

Qeyd edək ki, həmişə Azərbaycan haqqında hədə və imperiya dili ilə danışan Vladimir Jirinovski son zamanlar  nədənsə, mövqeyini “dəyişmiş” kimi görünür. O, bundan əvvəl də Azərbaycan və onun rəhbərliyi haqqında müsbət fikirlər səsləndirib. Ekspertlər hesab edir ki, V. Jirinovskinin bu hərəkətləri, sadəcə olaraq Rusiyanın Azərbaycana önəm verməsi və onu öz tərəfinə çəkərək müttəfiq etmək istəməsi ilə bağlıdır.  

Aqşin Kərimov  


Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar