Modern.az

Jurnalistikaya sənəd vermiş abituriyentlərin inşalarını yoxlayan müəllim: “Səhvlər yaman çox idi” - MÜSAHİBƏ

Jurnalistikaya sənəd vermiş abituriyentlərin inşalarını yoxlayan müəllim: “Səhvlər yaman çox idi” - MÜSAHİBƏ

2 Avqust 2014, 11:13

Tələbə Qəbulu üzrə Dövlət Komisiyasının (TQDK) ali məktəblərin jurnalistika fakültələrinə qəbul omaq istəyən abituriyentlər üçün iyul ayının 30-da keçirdiyi qabiliyyət imtahanının nəticəsi dünən açıqlandı. Modern.az-ın məlumatına görə, qabilliyyət imtahanının nəticəsində cəmi 51 nəfər abituriyent jurnalist olmaq şansı qazanıb.

Qabiliyyət imtahanındakı yazıları yoxlayan şəxslərdən biri, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin müəllimi, dosent Vüqar Əliyev imtahanla bağlı maraqlı məqamlara toxunub.

Vüqar müəllim Jurnalistikaya qabiliyyət imtahanı verən abituriyentlər hansı mövzular əsasında inşa yazıblar?

- İnşalar TQDK mütəxəssisləri, Jurnalistika fakültəsinin müəllimləri və Mətbuat Şurasının ekspertlərinin birgə hazırladıqları mövzular əsasında yazılıb. Mövzular müəyyənləşərkən 11-ci sinif şagirdinin dünyagörüşü və təhsili, eləcə də mövzu ilə tanışlıq dərəcəsi sözsüz ki, nəzərə alınıb. Abituriyentlər təklif olunan 3 inşa mövzusundan birini seçərək, qələmə alıblar. İnşalar təxmini bu mövzular üzərində qurulmuşdu: “Həyatımda yadda qalan gün”, “Nümunə götürdüyüm adam”, “Jurnalist imici nədir və necə formalaşır?”. 

Yazıları yoxlayanda kimə aid olduğunu bilirdiniz?

- Xeyr bilmirdik. Çünki, yazilar kodlasdırılır və bunu bilmək mümkün deyil. Eyni zamanda hər yazi TQDK-da 2-3 dəfə ayrı-ayrı mütəxəssislərə təkrar yoxlamağa verilir ki, qiymət maksimum dərəcədə obyektiv olsun.

TQDK cəmi 51 nəfərin qabiliyyət imtahanından keçdiyini bildirib. Bu qədər az abituriyentin müsbət nəticə göstərməsinə səbəb nədir?  

- Ola bilər ki, buna səbəb abituriyentlərdən bəzilərinin jurnalistikanı ehtiyat variant kimi qeyd etmələri olub. Bal göstəriciləri yuxarı olduğundan və arzu etdikləri ixtisasa düşə bildiklərindən jurnalistikaya sənəd verməyə ehtiyacları qalmayıb. Və ya ola bilər ki, özlərinə arxayın olmayıblar və qabiliyyətdə iştirak etmək istəməyiblər. 51 nəfərin müsabiqədən keçməsi isə normal göstəricidir. Belə ki, bizi əsas maraqlandıran say deyil, keyfiyyətdir. Bu 51 nəfər sözsüz ki, öz yazıları ilə fərqləniblər ki, imtahandan nəticə əldə edə biliblər.

Yazılar yoxlananda daha çox nələrə diqqət edilirdi?

- Yazilar yoxlanılarkən bir sıra parametrlərə diqqət edilirdi. TQDK-nin mütəxəssisləri tərəfindən hazırlanan meyarlara əsasən, yazı işi həcminə, üslub xüsusiyyətlərinə, qrammatik cəhətdən savadlı yazılmasına, faktoloji materiallardan lazımi səviyyədə istifadə edilməsi göstəricisinə və mövzunun açılması dərəcəsinə görə ayrı-ayrı parametrlər üzrə qiymətləndirilir və sonda bu ballar cəmlənir. 

-  Abituriyentlər inşaları necə yazmışdı? Onların yazı qabiliyyətinə münasibətiniz, fikirləriniz maraqlıdır.

- Qrammatik səhvlər və üslub xətalari çox idi. Məsələn yazıların əksəriyyətində  adi “da”, “də” şəkilçilərinin bitişik və ya ayrı yazılmasında çox ciddi xətalar var idi. Hər halda 11-ci sinfi bitirən abituriyentin Azərbaycan dilinin qrammatik qaydalarına son dərəcə zəif bələd olması, eləcə də durğu işarələri ilə bağlı kütləvi səhvlərə yol verməsi arzuolunan hal deyil və düşündürücü məqamdır.

Bəs qarşınıza maraqlı yazılar çıxdı? Yəni unutmayacağınız yazılar var?

-  Təəssüf ki, məni təəccübləndirən və yadda qalan bir yazı olmadı. Yoxladığım yazıların əksəriyyəti orta səviyyədən də aşaği idi.

- Qabiliyyət imtahanından keçənlərin sayı universitetlərdə Jurnalistika fakultəsinə ayrılan yerlərdən qat-qat azdır. Bu, jurnalistika fakültəsinin bağlanmasına səbəb ola bilər?

- Xeyr. Jurnalistika fakültələrinin bağlanmalarına səbəb olmayacaq. Bizi maraqlandıran kəmiyyət deyil, keyfiyyətdir. İnanıram ki, qəbul olunanların hər biri sirf jurnalistikaya marağı olan, gələcəkdə bu peşənin ardınca getməyi arzu eden gənclərdir.

Pərvanə İBRAHİMOVA

Rüfanə GÜNƏŞ

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər