Modern.az

Qarabağ separatçılarının həbs edilən əsas sponsoru - 675 cütlüyü evləndirən Ayrapetyan kimdir?

Qarabağ separatçılarının həbs edilən əsas sponsoru - 675 cütlüyü evləndirən Ayrapetyan kimdir?

6 Avqust 2014, 17:48


İyulun 15-də Rusiya mətbuatının yaydığı xəbər dünya ermənilərini şoka saldı. Dağlıq Qarabağ separatçılarının və dünyada fəaliyyət göstərən bir neçə erməni diaspor təşkilatının ən əsas maliyyə donoru Levon Ayrapetyan Yerevandan Moskvaya qayıdarkən Domodedovo hava limanında Rusiya hüquq-mühafizə orqanları tərəfindən həbs olundu. Ermənistan, Dağlıq Qarabağ və dünya erməni diasporu onun müdafiəsi üçün öz səslərini qaldırdılar.

Modern.az saytının bu yazısında L.Ayrapetyanın həbsinin təfərrüatlarına sonra qayıdacağıq, hələliksə Qarabağ əsilli erməni biznesmenin bioqrafiyasına və fəaliyyətinə nəzər salaq.

Ayrapetyanın biznesmenə çevrilməyi...

Levon Ayrapetyan 1949-cu ildə Azərbaycan SSR-in tərkibindəki Dağlıq Qarabağ Muxtar Vilayətinin Ağdərədə rayonunun Vəng kəndində müəllim ailəsində anadan olub. Kənddəki orta məktəbi bitirdikdən sonra o, sənədlərini Moskva Dövlət Universitetinə verir və fəlsəfə fakültəsində təhsil alır. Universitet illərindən başlayaraq, sovet mətbuatında yazılarla çıxış edir. Uzun illər “Komsomolskaya Pravda”, “Sobesednik” qəzetlərində, “Oqonyok” jurnalında jurnalist kimi çalışır.
Bəlkə də 40 yaşını haqlayan Ayrapetyan orta səviyyəli jurnalist kimi ömrünü başa vuracaqdı. Lakin 80-ci illərin sonlarında Dağlıq Qarabağda baş qaldıran separatçı meyllər onda da millətçi hisslərin qəfil oyanmasına səbəb olur. Onun sözlərinə görə, məhz Dağlıq Qarabağda baş verən hadisələr bizneslə məşğul olmasına və separatçılara maliyyə yardımları etməyə təkan verir. Hələ jurnalist işlədiyi dövrdə bir çox siyasətçilərlə və maliyyə dairələri ilə tanış olan Qarabağ ermənisi biznes mühitinə asanlıqla daxil olur. Tanışları və dairələri onun anadangəlmə təşkilatçı olduğunu qeyd edir.



Məhz Levon Ayrapetyan Amerikanın nəhəng “General Motors” avtokonserninin Rusiya bazarına daxil olmasına və rəsmi dilerliyinin açılmasına cavabdeh olur. Bundan başqa, hazırda Rusiyanın ən böyük 30 bankından biri olan “Yuniasrtum Bank”ın yaradılmasında iştirak edir. Bu işdə o, Rusiya Olimpiya Komitəsinin o zamankı rəhbəri Leonid Tyaqaçovun köməyindən yararlanır. Maraqlıdır ki, Ayrapetyan 2004-cü ildə “Yuniastrum bank”ın prezidenti və Direktorlar Şurasının rəhbəri postuna soydaşı Qaqik Zakaryanın seçilməsində önəmli rol oynayır. Bundan başqa, o, Moskvanın mərkəzində yerləşən “Prezident Otel” mehmanxanasının da pay sahiblərindən birinə çevrilir.

Levon Ayrapetyan bu işləri 90-cı illərdə, Rusiyada yeni bazar münasibətlərinin bərqərar olunmağa başlandığı, dövlət obyektlərinin total özəlləşdirildiyi məqamda həyata keçirirdi. Çox zaman qanunun kobud sürətdə pozulması ilə həyata keçirilən bu iqtisadi sövdələşmələr qarabağlı erməninin hədsiz varlanmasına səbəb olur. Çirkli yollarla, siyasi və inzibati resursları olan kriminal ruhlu insanlara arxalanaraq, qazanılan vəsait Ayrapetyana çoxdankı ideyalarını gerçəkləşdirməyə imkan verir

Ayrapetyanın Dağlıq Qarabağdakı layihələri – siyahı



İri biznesmen olduqdan sonra Levon Ayrapetyanın əsl siması üzə çıxdı. 80-ci illərin sonunda onun əsl erməni milliyyətçisi olduğu aşkarlandı. Əksər bölgələri müharibə nəticəsində xarabazarlığa çevrilən, investisiya baxımından heç bir perspektiv vəd etməyən və başda Samvel Babayan olmaqla hərbçilərdən ibarət separatçı xuntanın idarə etdiyi Dağlıq Qarabağ Ayrapetyana anti-Azərbaycan fəaliyyəti göstərmək üçün əlverişli meydana çevrildi.

Ayrapetyanın bu illərdə Dağlıq Qarabağda maliyyələşdirdiyi layihələrə baxaq:

2000-2002-ci illərdə doğulduğu Vəng kəndi yaxınlığında yerləşən və XIII-cü əsrin ortalarında alban hökmdarı Həsən Cəlal tərəfindən inşa edilən Qandzasar monastırını təmir etdirdi. Bu dini məbəd Qarabağ ermənilərinin memarlıq incisi elan edildi.

Doğulduğu Vəng kəndində atası Qurgen Ayrapetyanın adını daşıyan orta məktəb, uşaq bağçası, inzibati binalar, “Yuniastrum bank”ın filialını, mehmanxana, “Titanik” adlı istirahət mərkəzi, ağac emalı zavodunu inşa etdirdi, müasir yol infrastrukturu qurdu. Bundan başqa, 2007-ci ildə Xaçın çayı üzərində 7 milyon dollar dəyərində su elektrik stansiyasının qurulmasını təmin etdi.

“Qarabağda ən azı 300 min erməni yaşamalıdır”


Millətçi Ayrapetyanın ən böyük arzularından biri isə Dağlıq Qarabağda daha çox sakinin yaşamasıdır. Yoxsulluqdan, korrupsiya və özbaşınalıqdan baş götürüb Rusiya və Qərb ölkələrinə qaçan Qarabağ ermənilərini gördükcə, biznesmen sarsıntı keçirirmiş.

“Məqsədimiz Dağlıq Qarabağda demoqrafik artımı stimullaşdırmadır. Qarabağda azı 300 min erməni yaşamalıdır” -deyə o, erməni mətbuatına müsahibələrində deyib. 

Bu məqsədlə 2008-ci il oktyabrın 16-da “Böyük Qarabağ Toyu” adlı mərasim keçirilib. 675 cütlüyün eyni vaxtda toyu təşkil olunub. İdeyanın əsas müəllifi olan Ayrapetyan bununla əhalisinin artımına malik olmaq istəyirdi. O, niyyətini belə ifadə edir:

“Bu 675 cütlük doğulan hər birinci uşaq üçün 2 min dollar, 2-ci uşaq üçün 3 min, 3-cü uşaq üçün 5 min, 4-cü uşaq üçün 10 min, 6-cı uşaq üçün 50 min və 7-ci uşaq üçün isə 100 min dollar mükafat alacaq”.

Məsələnin maliyyə tərəfini həll etmək üçün bir çox varlı diaspor erməniləri birləşir. Lakin son 5 ildə separatçıların doğumla bağlı öz rəsmi statistikası paradoksal olsa da, doğumun aşağı düşdüyü üzə çıxır. Gələcəyindən əmin olmayan erməni qadınları Ayrapetyan və digər biznesmenlərin təklif etdiyi böyük maliyyə qarşısında da doğmağa meylli deyillər.

Yarımçıq qalan hərbi məktəb



Levon Ayrapetyanın daim Azərbaycan ordusunun qorxusu altında yaşayan Qarabağ ermənilərinin təşvişini azaltmaq üçün daha bir plan cızır. Vəng kəndi yaxınlığında “Suvorov və Mədətov adına hərbi məktəb”in inşasına start verir. Hərbi məktəbin “Dağlıq Qarabağın müdafiəsi” üçün təcrübəli kadrlar hazırlayacağı elan olunur. Layihənin kuratoru kimi isə 1992-ci ilin mayında Şuşa şəhərinin işğal əməliyyatına rəhbərlik edən sovet ordusunun general-leytenantı 73 yaşlı Arkadi Ter-Tadevosyan təyin olunur. Hərbi məktəbin adında rus sərkərdəsi Suvorovun soyadının olmasını Ayrapetyan ermənilərə məxsus tarixi saxtakarlıq instinkti ilə - Suvorovun anasının erməni olması ilə əlaqələndirir. Ayrapetyanın məlum həbsi ilə bağlı inşası hazırda dayandırılan hərbi məktəbin nə vaxtsa tikilib istifadə verilməsi də böyük sual altındadır.

Ayrapetyan və Əsgəran mafiyası

Ayrapeyanın Dağlıq Qarabağdakı sahibkarlıq fəaliyyəti maneəsiz olmur. Böyük tayfa-klan maraqlarının olduğu ərazidə moskvalı biznesmenin at oynatması yerli hakimiyyətin xoşuna gəlmir. 1997-2007-ci illərdə Dağlıq Qarabağın separatçı rejiminin rəhbəri olmuş Arkadi Qukasyanla Ayrapetyan arasında nüfuz savaş başlayır.

“Qukasyan azərbaycanlıların ən yaxın dostuna çevrilib”, - deyə Ayrapetyan öz açıqlamalarında deyirdi. Onun sözlərinə görə A.Qukasyanı Qarabağda keçirilən qondarma seçkilərdə dəstəkləmədiyi üçün onun yerli biznesinə təzyiqlət başlanır.

“Mənim Vəngdə açdığım “Ta Vank Les” ağac emalı zavodu yarıkriminal-yarıfeodal əraziyə sivil biznes mühiti gətirib. Lakin tənəzzül edən Qarabağ iqtisadiyyatı fonunda bu kiminsə xoşuna gəlmədi. Əsas səbəb Arkadi Qukasyanın qarşıdakı seçkilərdə onun namizədliyini dəstəkləməyimlə bağlı müraciətini rədd etməyimdi”, – deyə o şikayətlənmişdi. Müəssisənin ildə 3-4 dəfə cərimələndiyini bildirən biznesmen bunun Qukasyan və onun “Əsgəran mafiyası”nın işi olduğunu vurğulayıb.
 
“Vergi orqanları əsasızı yerə bizi cərimələyir. Seçkilərdən sonra silahlı şəxslər müəssisəni qanunsuz ələ keçiriblər. Sənədlərə baxanda aydın olur ki, bizi cərimələyən vergi müfəttişi əsgəranlıdır, işə məhkəmədə baxan hakim əsgəranlıdır, prezidentin özü də əslən əsgəranlıdır. Sual verirəm, “Qukasyan qeyri-əsgəranlıya etibar edə bilmir?”- deyə o hadisələrə etiraz edib”.
 
Bu gərginlik 2008-ci ildə separatçıların lideri kimi hadrutlu Bako Saakyanın seçilməsi ilə aradan qalxır. Erməni biznesmen yenidən pul kisəsinin ağzını açaraq, Qarabağ separatçılarını maliyyə ilə təmin edir.



Ayrapetyanın biznes imperiyasının və azadlığının sonu

Həbsdə olan keçmiş senator İqor İzmestyev Ayrapetyana qarşı yeni ifadələr verir. Onun ifadələrindən aydın olur ki, 90-cı illərin əvvəllərində Levon Ayrapetyan İzmestyevi Başqırdıstan prezidenti Murtaza Rəhimovun oğlu Ural Rəhimovla tanış edir. Ortaqlar Başqırdıstanın ən böyük neft şirkəti olan “Başnefti” özəlləşdirmək üçün cinayətkar sövdələşməyə daxil olur. Bazar qiymətindən dəfələrlə ucuz qiymətə özəlləşdirilən şirkət Rusiya büdcəsinə milyonlarla dollar zərər vurmaqla bərabər, cinayətkar “üçlüyün” bir o qədər varlanmasına səbəb olur.

Xidmətləri qarşılığında U. Rəhimov Ayrapetyana “Başneft” səhmlərinin 0,01%-ni və Başqırdıstanın mərkəzi Ufa şəhərində 3 neft ticarəti şirkəti bəxş edir. “Başneft”də sıravi mühəndis olan İzmestyev isə bu fırıldaq sayəsində nüfuz sahibinə çevrilir və siyasi fəaliyyətə başlayır.

Beləliklə, çirkli yollarla qazanılan pulların mənşəyi uzun illər sonra üzə çıxır. İndi Levon Ayrapetyan Rusiya Cinayət Məcəlləsinin “dələduzluq” və “çirkli pulların yuyulması” maddəsi ilə istintaq təcridxanasındadır. İstintaqın getdiyi müddətdə erməni sosial şəbəkələrində onun azad olunması ilə bağlı tədbirləri, Vəng sakinlərinin Rusiya prezidenti Vladimir Putinə kollektiv məktubu, izdihamlı aksiyalar və s. təşkil olunub. Lakin bu canfəşanlıq heç bir nəticə verməyəcəyi aydındır.

Maraqlıdır ki, 2011-ci ildə Levon Ayrapetyanı Ermənistanın ən yüksək mükafatı – “Şərəf Ordeni” ilə təltif edən Serj Sərkisyan və indiki Ermənistan hakimiyyətinin əksər üzvləri, Dağlıq Qarabağda uzun illər Ayrapetynanın ayırdığı vəsaitləri dağıtmaqla dolanan separatçı rejim nümayəndələri sükutlarını pozmurlar. Daim diaspor ermənilərini Ermənistanda, Qarabağda sərmayə yatırımları etməyə çağıran Sarkisyan Rusiyanın həbs etdiyi sponsorunu müdafiə etməyə cürəti çatmırr. Levon Aytapetyan artıq onun üçün keçmişdə qalıb, Sərkisyan gələcəyə baxaraq,  sponsorluq üçün yeni diaspor ermənisi axtarır.

Həbsdə olan və istintaq müddətində bir neçə dəfə huşunu itirən şəkərli diabet xəstəsi Levon Ayrapetyan isə öz millətçi düşüncəsi və kriminal biznes fəaliyyəti ilə özü-özünə quyu qazmış oldu.















Vüqar İsmayılov     

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir