Modern.az

Vahid məktəbli forması və hərbi geyimlərin tikildiyi fabrik - REPORTAJ-FOTOLAR

Vahid məktəbli forması və hərbi geyimlərin tikildiyi fabrik - REPORTAJ-FOTOLAR

7 Avqust 2014, 15:45


Bu il də məktəblilər vahid forma ilə dərsə gedəcək. Onların hazırlanması da yenidən “Bakı Tikiş Evi”nə həvalə olunub.

Elə burdaca məqamı gəldiyindən qeyd edək ki, formalarının hazırlanması ilə bağlı Modern.az-da oxuduğunuz bir xəbərdə yanlış anlaşılmaya yol verilib. Xətamızı düzəldək: “Gilan tekstil” şirkəti məktəbli formalarının yox, onların parçalarının hazırlanmasını öhdəsinə götürüb. Amma bu da 2015-ci il üçün nəzərdə tutulur.

“Bakı Tikiş Evi” ASC-nin fabriki 1937-ci ildən fəaliyyət göstərir. “Köhnənin adamları” xatırlayar, əvvəllər ona “Volodarka” deyərdilər. Sovet adından qurtulan Səhmdar Cəmiyyətin müəssisəsində hazırda 600-dən çox işçi var və onların çoxunu qadınlar təşkil edir.

ASC İdarə Heyətinin sədr müavini Eldar Haqverdiyev bildirir ki, fabrikdə təkcə məktəbli formaları yox, hərbi geyimlər də istehsal edir.

“Fəxr edirik ki, hərbçilərimiz məhz bizim istehsalımız olan paltarları geyinirlər”. Fabrikin əsas istiqaməti hərbi geyimlərin hazırlanması olsa da, 2010-cu ildən məktəbli formalarının istehsalına başlanılıb.

“Məktəbli formaları Bakının mərkəzi mağazalarına və digər bölgələrdəki mağazalara göndərilir. Hazırda fabrikin 19 satış mərkəzində məktəbli formaları satır”.



E. Haqverdiyev bir daha təsdiqləyir ki, məktəbli formalarının parçaları Türkiyənin “Bossa” firmasından alınır. Lakin gələcəkdə bu parçalar “ Gilan tekstil” şirkətindən alınacaq.

“Dünyadakı aparıcı parça fabriklərini gəzmişik. “Gilan tekstil“in hazırladığı parçalar onların istehsalından əsla geri qalmır. Xaricdən parçaları gətirmək maliyyə baxımdan da baha başa gəlir. Ölkəmizdə belə fabrikin olması yaxşı haldır, 2015-ci ildən onlardan parça alacayıq. Bu il isə məktəbli formaları yenə də “Bossa” firmasının parçaları ilə tikiləcək. Çünki vaxta az qalıb. “Gilan tekstil”dən ilk örnəyi almışıq. Çox gözəldir. Bu işə həmçinin türk mütəxəssislər də cəlb olunub. Hazırda bunun üzərində işlər davam etdirilir”.

Bu il də formaların qiymətlərində heç bir dəyişiklik olmayacağını deyən sədr müavini qeyd edir: “Oğlan və qız geyimlərinin qiyməti belədir: I və VI siniflər üçün –  40 manat, VII-XI siniflər üçün – 52 manat. O cümlədən balaca ölçülü kostyum – 30 manat (26-44), jilet 5 manat, köynək – 5 manat. Böyük ölçülü (34-54) kostyum – 40 manat, jilet 5, köynək də 7 manatdır”.



Eldar Haqverdiyev deyir ki, bu iş maraqlı, həm də məsuliyyətlidir. “Hər bir ailəyə girirsən, onların evində olursan. İlk başlayanda çətinliklərlə üzləşdik. Sonra kollektiv yaratdıq və hər bir məktəblə əyani tanış olduq, problemlərlə maraqlandıq. Ətəklərin  qısa və uzun olması barədə müzakirələr çox getdi. Nəhayət, örnəklər hazırlayıb, onlara göstərdik və məsələnin öhdəsindən gəldik”.
O deyir ki, fabrikin malları əhali tərəfindən bəyənilir.
“Bizim məhsulları əhali bəyənir və burdan almağı üstün tuturlar”.

Satış şöbəsinin rəisi Etibar Əzimov deyir ki, onlar ilin bütün günü işləyirlər. “Məktəbli formalarının hazırlanmasına çoxdan başlamışıq. Lakin şəhər sakinləri məktəbin açılmasına son gün qalmış müraciət edirlər. Vaxtında almırlar və bu zaman sıxlıq yaranır. Əhali bundan şikayət edir. Yaxşı olar ki, onlar istirahətə getməmişdən qabaq formanı alsınlar”.



Qeyd edək ki, fabrik Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və Səhiyyə Nazirliyinin uyğunluq və gigiyenik  sertifikatına malikdir. “Bu məhsullar zirzəmilərdə hazırlanmır, “Çin malları” deyil. O cür paltarları uşaqlara geyindirmək olmaz. Fabrik daim bu məsələyə diqqət ayırır. Parçasını aldığımız Türkiyə firmasının da Avropa sertifikatı var”

Son qeyd:  Bakı Tikiş Evi”nin hazırladığı məktəbli geyimləri həmin müəssisənin daxilində fəaliyyət göstərən “Məktəbli geyimləri satış mağazaları”nda satılır. Valideynlər, tələsin, dərslərin başlamasına az vaxt qalıb.



Məltəm Talıbzadə

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı