Modern.az

Sabiq dövlət başçıları indi məsləhətçi, şirkət rəhbəri, qaynaqçı işləyirlər.. - SİYAHI

Sabiq dövlət başçıları indi məsləhətçi, şirkət rəhbəri, qaynaqçı işləyirlər.. - SİYAHI

Reportaj

9 Avqust 2014, 09:30

Uzun illər siyasətlə məşğul olan, prezidentlik, baş nazirlik edən dövlət adamları səlahiyyət müddətləri başa çatdıqdan sonra fərqli sahələrdə özlərini sınayırlar. Bəziləri gərgin siyasi karyerasını sonlandırıb, istirahət edir, digərləri isə əksinə, ictimai fəaliyyətlə, biznes və xeyriyyəçiliklə məşğul olur. Modern.az saytı dünyanın sabiq ölkə başçılarının hazırki məşğuliyyətləri barədə araşdırmanı təqdim edir.


Jak Şirak.
1995-2007-ci illər ərzində Fransa prezidenti olmuş Jak Şirak vəzifə səlahiyyətlərinin bitməsindən sonra “Jak Şirak Fondu” yaradıb. Öz adını daşıyan fond mədəniyyətlərarası dialoq, kasıblığa qarşı mübarizə kimi müxtəlif humanitar məsələlərin həlli ilə məşğul olur.


Herhard Şröder.
1998-2005-ci illər ərzində Almaniya kansleri olmuş Şrödür kanslerlik kürsüsündən ayrıldıqdan 3 ay sonra Rusiyanın “Nord Stream Gas Pipeline Company” şirkətinin səhmdarlar komitəsinin sədri təyən olunub. “Nord Stream” şirkəti Rusiyadan Almaniyaya ötürüləcək və Baltik dənizinin dibindən keçəcək “Şimal Axını” qaz kəmərinin əsas operatorudur.


Paavo Lipponen
. 1995-1999-cu illərdə Finlandiyanın baş naziri olmuş Lipponen də həmkarı Şröder kimi “Nord Stream” şirkətində fəaliyyətə başlayıb. Sabiq baş nazir 2008-ci ildən şirkətin müstəqil məsləhətçisidr.


Toni Bler.
1997-2007-ci illərdə Böyük Britaniyanın baş naziri postunu tutmuş Bler beynəlxalq şirkətlərdə məsləhətçi kimi çalışır. Hazırda o, “Louis Vuitton-Moet-Henessy” şirkətində, JP Morgan Chase bankında və “Zurich Financial” maliyyə korporasiyasında məsləhətçi kimi çalışır.
Xatırladaq ki, 2009-cu ildə Azərbaycanda metanol istehsalı ilə məşğul olan zavodun açılış mərasimində iştirak etmiş Bler burada etdiyi 20 dəqiqəlik çıxışa görə 90 min funt sterlinq qonarar alıb. Britaniyalı sabiq baş nazir orta hesabla hər saniyəsi üçün təxminən 100 manat pul qazanıb.


Jozef Deys
. Cəmi 1 il ərzində - 2004-cü ildə İsveçrə prezidenti səlahiyyətlərini icra etmiş Jozef Deys səlahiyyət müddəti bitdikdən sonra BMT Baş Assambleyasının sədri postunda çalışıb. Hazırda isə o, Friburq Universitetinin sosioloji və iqtisadi elmlər üzrə kafedrasının dekanıdır.


Bill Klinton.
1993-2001-ci illərdə Amerika prezidenti olmuş Klinton “Bill Clinton Gglobal İnitiative” xeyriyyə fondunun təsisçisidir. Bundan başqa, 2011-ci ildə Haitidə baş verən dağıdıcı zəlzələ zamanı BMT-nin bu ölkədə xüsusi nümayəndəsi kimi çalışıb.


Lex Valensa.
1990-1995-ci illərdə Polşanın ikinci prezidenti olmuş Valensa postunu tərk etdikdən sonra əvvəllki qaynaqçı peşəsinə geri dönüb. 70 yaşlı siyasətçi qaynaqçı işlədiyi dövrü “həyatının ən yaxşı illəri” hesab edir.


Əsgər Akayev.
1990-2005-ci illərdə Qırğızıstan prezidenti olmuş Əsgər Akayev isə istefa verməyə məcbur edildikdən sonra Moskvaya köçüb. Hazırda o, Rusiya Elmlər Akademiyasında ali riyaziyyat üzrə proqramların koordinasiya olunması üzərində çalışır.


Ayaz Mütəllibov.
1990-1992-ci illər ərzində Azərbaycanın dövlət başçısı olan Mütəllibov postundan istefa verdikdən sonra 20 il Moskvada yaşamağa məcbur olub. O, həmin müddətdə Azərbaycandakı Vətəndaş Birliyi Partiyasının sədri, daha sonra Azərbaycan Sosial-Demokrat Partiyasının həmsədri kimi uzaqdan siyasi proseslərdə müəyyən şəkildə iştirak edib. Hazırda eks-prezident kimi təqaüddə olan Mütəllibov siyasi fəaliyyətdən kənarlaşıb, ayda 7500 manat pensiya alır.



Turbörn Yaqland
. 1996-1997-ci illərdə Norveçin baş naziri postunun tutmuş Yaqland bu gün də siyasi fəaliyyətindən qalmır. Belə ki, o, istefasından sonra Norveç hökumətində müxtəlif nazir vəzifələrini icra edib və 2009-cu il oktyabrın 1-dən Avropa Şurasının baş katibi vəzifəsini icra edir.


Leonid Kuçma.
1994-2005-ci illərdə Ukrayna prezidenti olmuş Kuçma isə hazırda “Ukrayna” adlı xeyriyyə fondunun təsisçisidir. Fond xüsusi qabiliyyətləri olan uşaqların tanınmasına və onların sərgilərinin keçirilməsinə yardımçı olur. Bundan başqa, Kiyev yaxınlığındakı Konçe-Zaspa dövlət malikanəsində yaşayan eks-prezident dövlət tərəfindən 4 sürücü, iki xadimə, ofisiant, aşbaz, mühafizəçi və köməkçi ilə təmin olunub.


Süleyman Dəmirəl
. 1993-2000-ci illərdə Türkiyənin 9-cu prezidenti səlahiyyətlərini icra etmiş  Dəmirəl ölkə siyasətinin ən qocaman nümayəndəsi hesab olunur. Bu il 90 yaşını qeyd edəcək Dəmirəl təqaüddə olduğu müddətdə bir neçə kitab yazıb. Bundan başqa, o, müxtəlif beynəlxalq tədbirlərdə və forumlarda, universitetlərdə mühazirələrlə çıxış edir. Onun yazılarına dövrü mətbuatda geniş yer verilir.


Mixail Saakaşvili.
2004-2013-cü illərdə Gürcüstan prezidenti olmuş Saakaşvili postunu tərk etdikdən sonra pedoqoji fəaliyyətlə məşğul olur. O, 2013-cü ilin dekabrından başlayaraq ABŞ-ın Tafts Universitetinin yanında fəaliyyət göstərən Fletçer adına hüquq və diplomatiya məktəbində müəllimlik edir.

Vüqar İsmayılov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı