Modern.az

"Azərbaycan" qəzeti telekanalların bostanına yenə daş atdı...

"Azərbaycan" qəzeti telekanalların bostanına yenə daş atdı...

3 Oktyabr 2009, 21:34

Rəsmi dövlət qəzeti olan “Azərbaycan”ın son iki sayında ölkə teleməkanındakı mövcud vəziyyətə dair müəllif yazıları dərc olunub. Qəzetin 2 oktyabr sayında Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Azərbaycanın efir məkanı: problemlər və vəzifələr” sərlövhəli məqaləsində həddən artıq bayağı verlişlər yayımlayan telekanallar tənqid olunub.
“Azərbaycan”ın 3 oktyabr sayında isə qəzetin əməkdaşı İxtiyar Hüseynli “Telebazar” adlı məqaləsi ilə ölkə telekanallarının fəaliyyətinə dair mövzunu davam etdirib.

Teleşirkət rəhbərlərinə “bespredeli" aradan qaldırmaq üçün son çağırış

Müəllif qeyd edib ki, KİV-in sərbəst fəaliyyətinin təmin olunduğu Azərbaycanda bu münbit şərait bir çox hallarda düzgün dəyərləndirilmir. O, müəyyən media orqanlarını öz fəaliyyətlərində sui-istifadə hallarına geniş yer verməklə ictimai xadimlərin, ziyalıların şərəf və ləyaqətinə kölgə salaraq, onlara qarşı total qarayaxma kampaniyası aparmaqda, həmçinin üzdəniraq "jurnalistlərin" "reket qəzet"lər yaradaraq milli mətbuat ənənələrinə zidd addımlar atmaqda ittiham edib.
İ.Hüseynlinin fikrincə, bu prosesin teleməkandakı təzahürü milli-mənəvi dəyərlərə qarşı yürüdülən "səlib yürüşü", maarifləndirici funksiyanın ucuz şoularla əvəzlənməsidir: “Belə xoşagəlməz halların kütləvi xarakter alması və ziyanlı miqyasını dayanmadan genişləndirməsi ölkə ictimaiyyətinin müxtəlif təbəqələrini əslində, bu problemin qarşısını almaq üçün səfərbər edib. Lakin qarşı tərəf hər zaman səslənən iradları qulaqardına vurub və öz "ayıblarına kor olaraq" etiraz müəlliflərinə yönəlik cılız şər kampaniyası aparıblar”.
Müəllif yazısında sözügedən problemin sadə vətəndaşlarla yanaşı, dövləti də ciddi narahat etdiyini, məsələyə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev səviyyəsində kəskin münasibətin bildirilməsini təsadüfi hal saymayıb. İ.Hüseynlinin fikrincə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin yazısı dövlətin bu sahədəki "bespredeli" aradan qaldırmaq üçün teleşirkət rəhbərlərinə fəaliyyətlərində dönüş yaratmaqla bağlı son çağırışıdır.

Müəllif AzTV və İTV-ni özəl telekanallardan fərqləndirir

Bu yazıda təsnifatına görə telekanallar üç qrupa bölünüb: səhmləri dövlətə məxsus olan, ictimai yayımla məşğul olan və özəl kanallar. İ.Hüseynli AzTV və İctimai Televiziyanın fəaliyyətinin tamaşaçı qınağına məruz qalmadığını, onların keyfiyyətli (tam olmasa da) verilişlər hazırladığını qeyd edib.
Özəl teleşirkətlərin efirlərinin isə səviyyəsiz şoular, ucuz əyləncə verilişləri, şit maqazin proqramları ilə doldurulduğu vurğulanıb. “Günün hansı saatında bu kanallara baxırsan bax, fərqi yoxdur, hər zaman eyni simalar - mahnısından çox qalmaqalları ilə məşhur olan müğənnilər, sponsor sayəsində "sənətkara" çevrilənlər, şou-biznesi əxlaqsızlıq və bayağılıq kimi qəbul edənlər... ya verilişlərin qonaqlarıdırlar, ya da ki, özləri proqram aparıcısıdırlar. Şübhəsiz, sənətdən bixəbər və istedaddan uzaq olan bu tipli şəxslərin efirlərə qonaq, yaxud da aparıcı kimi çıxmaları onların həmin kanallara ödədikləri pul vəsaitləri, yaxud da cəlb etdikləri reklamlar vasitəsilə mümkün olur. Amma maarifçilik və milli-mənəvi dəyərləri qorumaq kimi vacib bir vəzifəni fəaliyyətində realizə etməyə borclu olan telekanalların əksinə, bazar münasibətlərini, "qaz vurub qazan doldurmaq" niyyətlərini fəaliyyət prioritetinə çevirmələri günümüzün acı reallığıdır! Hər yerindən duranı, arxalı-sponsorlu təsadüfi adamları efirə buraxmaq, verilişlərdə qalmaqal yaratmaqla reytinq yığmaq, nitq qabiliyyətindən və mənəvi keyfiyyətlərdən xali olan şəxsləri aparıcı statusuna yüksəltmək və digər bu kimi neqativ proseslər Azərbaycanın özəl teleyayım şirkətlərinin gündəlik fəaliyyət metodlarıdır!”-deyə, “Azərbaycan”ın əməkdaşı vurğulayıb.

Müəllif: “Aygün Kazımova ATV-nin simasına çevrilib”

İ.Hüseynli ATV kanalında şou-biznes verilişlərinin faizinin daha çox olmasını bir daha xatırladıb: “Həqiqətən də, hər bir aparıcı həmin telekanalın simasıdır. Görəsən, gənclər Aygün Kazımovadan və onun siması olduğu ATV-dən nə örnək götürə bilərlər? Bəlkə, efirdəki boşboğazlığı, qonaqların hər addımbaşı səviyyəsizcəsinə təhqir olunmasını, yüngüllüyü, yaxud da əxlaq naqisliyini özlərinə nümunə seçməlidirlər?! Azərbaycanda şou-biznesin ən səviyyəsiz, cılız yönümlərini və mənəviyyatsızlığı həyat tərzinə çevirən təmsilçilərini hər gün efirimizə və evimizə zorla yeridən ATV vaxtilə özünün belə tərbiyəsi, əxlaqı ilə bağlı ən sərt ifadələrlə ittiham etdiyi bu müğənnini indi həftədə 10 saat millətə "tərbiyəçi" kimi sırıyır! Bəli, başa düşürük ki, tamaşaçıların zövqləri müxtəlifdir və bu xanımın da öz auditoriyası var. Lakin bu məntiqlə yanaşsaq, unutmayaq ki, pornoqrafik filmlərin, intim mövzuda verilişlərin də kifayət qədər böyük izləyici təbəqəsi var. İndi onların rəyinə əsaslanıb, efiri hər gün erotik mövzularamı həsr etmək lazımdır?! Bəs harada qaldı teleyayımın maddi və mənəvi dəyərlər sisteminə, milli adət-ənənələrin qorunub saxlanmasına, ictimai şüurun yüksəlməsinə xidmət etməli olan fəaliyyəti? ATV görəsən, 10-15 faizlik auditoriyasını qalan 85-90 faizin səviyyəsinə qaldırmaq əvəzinə, niyə özü ilə bərabər teleauditoriyanın mütləq əksəriyyətinin efirə həsr etdiyi zamanı da çirkaba, girdaba yuvarladır?!”

Qadın qarderobunda alt paltarı axtaran "Yağ kimi"

İxtiyar Hüseynlinin yazısında ATV-nin ayrı-ayrı verilişləri ciddi tənqid atəşinə tutulub:
-Bütün proqramlarını demək olar ki, xarici telekanalların format və məzmununun təkrarı üzərində quran ATV bəs, həmin kanallardan bu verilişin hazırlanma səviyyəsini, aparıcının qabiliyyətini niyə əxz edə bilmir? Qadın qarderobunda üç-dörd il alt paltarı axtarışına çıxan "Yağ kimi" bu gün mətbəxlərdəki məişət üfunətini can-dildən gün ərzində efirdə yayır, bu azmış kimi, axşam bir daha təkrar yayımlayır! Səhər kanalında aparıcılıq edən 20 yaşlı qız gəlin-qayınana münasibətləri ilə bağlı "ekspert" rəyi verir, yoldaşından şikayət edən ailəli xanıma ərindən ayrılmağı tövsiyə edir, "müasir kişilərin öz kişiliklərini itirməsindən" gileylənir.
Milli köklərimizə, SOYumuza qənim kəsilən verilişləri ilə ATV kanalı səviyyəli tamaşaçıda ikrah doğurur, qəzəb yaradır!

Xoruz döyüşdürməsini" xatırladan "El içində"

Müəllif mövzunu davam etdirərək məqaləsində daha sonra yazır: “Qeybəti, mənəvi cılızlığı "Çal-çağır şou" ilə efirə çıxarıb, düşüklüyü tirajlamaq azmış kimi, artıq neçə illərdir ki, evimizə "El içində" ilə ucuz dedi-qodu da "qonaq" gəlir. Ümumilikdə, kolbasa istehsalını tənqid edib, istisna kimi yalnız bir sexi təqdir eləyib, iki aydan sonra onun reklam çarxına çəkilmək, yaxud da sponsor olan tibb mərkəzi ilə bağlı el içində (!) olan kütləvi narazılıqları ört-basdır etmək üçün digər tibb müəssisələri haqqında "tənqidi" veriliş aparmaqla işimiz yox, bu, proqram və kanal rəhbərlərinə dəxli olan məsələdir! Fəqət, "xoruz döyüşdürməsini" xatırladan "El içində"nin aparıcısının tədqiqatçısı olduğu sənətşünaslıq elmi prizmasından görəsən, bu verilişə necə rəy vermək olar? Mövzu bir kənarda qalır, iştirakçılar aparıcı tərəfindən biri-birləri ilə məcburi qalmaqala sövq edilir, bərkdən qışqırana meydan verilir, abırından utanan isə məzəmmət edilir ki, niyə sən də buna cavab vermirsən, bunu söymürsən, axı, söymək sənin haqqındır (?). Yalançıların qışqırtısı ilə doğruların bağrının yarıldığı bu verilişdə müəllif-aparıcı özündən meyarlar müəyyənləşdirir, arbitr kimi çıxış edir, prokuror kimi ittiham irəli sürür, hakim kimi hökm verir... "Həqiqət axtarışına" çıxan verilişin hər bölümündə həqiqət axtalanır, ədalət prinsipi pozulur! Titullu və titulsuz boşboğazlar tamaşaçıya "görkəmli ictimai xadim, ziyalı" kimi təqdim olunur! (Bu hal ATV-nin digər verilişlərinə də xasdır)... Sonda isə hər münaqişə nəticəsiz bitir...”

"Son xəbər" və "Həftə" ATV-nin bütün yayımına örnək ola bilər

İ.Hüseynli sual edir: “SMS-lərlə qazanılan milyonlardan bir hissə görəsən, hansısa maarifçi verilişin hazırlanmasına yönəlsə, ATV çoxmu kasıblayar? Biz heç kəsin cibindəki pullarını saymaq niyyətində deyilik. Amma görəsən, həqiqətən "Yeni ulduz", "Xalq ulduzu", "Nömrə bir", "Meyxana" yarışması... gecə saatlarında əhalini tapmaca variantlı fırıldaqla soyan proqramlardan, bütün gün ərzində ekranın aşağı hissəsində yayımlanan mesajlardan toplanan "çox cüzi qəpik-quruşun" bir qismi ilə SMS-lərin deyil, professional münsiflər heyətinin seçdiyi bir vokal yarışma proqramı yaratmaq, intellektual veriliş açmaq mümkünsüzdürmü? Yuxarıda sadaladığımız və onlara əlavə olan "Performans", "ATV-Maqazin", "106 house", eləcə də digər bu kimi verilişləri ATV özünün siması kimi müəyyənləşdirib! Biz bu simanı qəbul etmirik! Biz ATV-yə səviyyəli proqramlar, keyfiyyətli verilişlər hazırlamağı arzulayırıq! Ölkə teleməkanının ictimai-siyasi-xəbər proqramları arasında lider mövqedə olan "Son xəbər", "Həftə" verilişlərində nümayiş etdirilən qabiliyyət və bacarıq, peşəkarlıq və dinamizm ATV-nin bütün yayımına örnək ola bilər.

”Lider” "ekstra hisslərlə" cəhalətə, geriyə sürükləyir

Müəllifin tənqidinə tuş gələn növbəti kanal “Liderdir.
-
Bu gün Mirzə Cəlil yaşasaydı, şübhəsiz ki, "Molla Nəsrəddin"in bir neçə sayı XXI əsrin tamaşaçılarını "ekstra hisslərlə" cəhalətə, geriyə sürükləyən "Lider"ə həsr olunardı. Ana adını bilməklə və bir kağız parçası üzərində cızma-qara etməklə 20 saniyəyə insanların gələcək talelərini müəyyənləşdirmək absurduna "Lider"in mənsublarının inanıb-inanmadığını bilmirik, amma bu səfsəfəyə xalqı inandırmaq üçün bütün dünyada yayımlanan bir kanal xüsusi səy göstərməklə, özünü "Molla Nəsrəddin"in cəhalət tör-töküntüləri ilə bir sıraya qoyur! Bayağılıq, cılız məişət yönümü, qeyri-peşəkarlıq bu kanalın əyləncəli verilişlər konsepsiyasının qayəsini təşkil edir.

Tənqid hədəfində “Xəzər” və “Space”dir

-"Xəzər" öz "Mix şou"sunda bir neçə yeniyetmənin tərbiyəsiz və əxlaqsız tərzdə səhnəciyini göstərməklə nə eyib etdiyinin fərqindədirmi? "Ay Zaur"dan danışmağa dəyməz! Rəzalətin telemənzərəsi olan bu proqramdan qazanılan gəlir görəsən, "Xəzər"in rəhbərliyi üçün itirdiyi tamaşaçılardan daha önəmlidir? Bu kanalın başbilənləri "Eldən-elə", "Ulduzlu xəzər" verilişlərinə əvvəldən sonadək baxmağa görəsən, özlərini məcbur edə bilərlərmi? İnanmağımız gəlmir! "Space" kanalında bu sahədə kütləvi qarma-qarışıqlıq olmasa da, "Bazar" proqramını və onun əlavəsini, maqazin ruhlu digər verilişlərini reklam tarifləri əsasında deyil, tamaşaçı istəyi üzərində qursalar, daha məqsədəuyğun olar.

ANS-də nə baş verib?

-Hər bir verilişə maraq yaradan, onun keyfiyyətini göstərən əsas amil aparıcının qabiliyyəti və bacarığıdır...
...Bu sahədəki çatışmazlıq ANS kanalı üçün xüsusilə səciyyəvidir. Özəl teleyayımın "qaranquşlarından" olan ANS kanalında bu gün bayquş ulartısını xatırladan sədaları eşitmək vaxtilə "lider kanal" kimi onu böyük maraqla izləyən biz tamaşaçılar üçün həqiqətən, böyük itkidir. Uzun müddət özünü səviyyəsiz şou-proqramlardan qoruyan ANS-in də artıq iki-üç mövsümdür ki, müqaviməti qırılıb. Tamaşaçısına səhərlər "Günəbaxan"la qeybət, süni qalmaqallar "yedirdən", axşamlar isə müxtəlif yeni proqramlarla səviyyəsiz mükalimələr, mənəviyyata sığmayan fikirlər, avantüralar təqdim edən ANS-in "Qırmızı"lığı da ayrı aləmdir! Həftənin ən mühüm mədəniyyət xəbəri kimi müzakirə olunan mövzu orta səviyyəli xanım müğənninin qızının nişan üzüyünün qaytarılması idi! Görəsən, ANS mənsubları həqiqətənmi inanırlar ki, iki gəncin münasibətlərindəki anlaşılmazlığın milli mədəniyyətimizə təsiri ola bilər?! Azərbaycan mədəniyyətini bu həddə qədər cılızlaşdırmaqla kanal hansı məqsədi gerçəkləşdirir? Vaxtilə Azərbaycanın özəl teleməkanının "vizit kartına" çevrilərək, Mirşahin, Xəyal Tağıyev kimi simaları ilə öyünən bu kanal indi Elgizin, Turanın, Turalın... simasındadır, onların günündədir!
Məqalənin sonunda İxtiyar Hüsenyli “məsuliyyəti kimlər daşıyır?”-deyə, sual edir. Elə ardınca da məsuliyyətin konkret ünvanı göstərilir-teleşirkət rəhbərləri. Müəllif üzünü onlara tutaraq səsləyir: “Artıq Azərbaycan telekanallarını küçə ticarəti mərkəzi kimi fəaliyyətdən xilas edib, əsl maarifçilik missiyasına yönəltməyin vaxtı çatıb!”

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?