Modern.az

Naxış üzərində REPORTAJ-FOTOLAR

Naxış üzərində REPORTAJ-FOTOLAR

15 Avqust 2014, 11:45


Ora daxil olanda bizdə yaranan  ilk təəssürat bu oldu ki, nəinki hər bir xalçada, eləcə də o xalçaların hər bir naxışında bir qapı  var. O sehrli qapını açandan sonra sanki milli şüurun gizli kodlaşdırılmış aləminə qədəm qoyursan. Naxışların qapısını döyməmişdən qabaq gedəcəyimiz yerin məcazi  yox,  həqiqi mənada darvazasının ağzında bizi qarşılayan  Ülviyyə xanımın da ilk olaraq dediyi söz ondan ibarət oldu ki,  bizim qapımız hamının, jurnalistlərin üzünə açıqdır.

Bizim, yəni “Azərilmə” MMC xalçaçılıq sənətini yaşadan və inkişaf etdirən bu müəssisə bütün dünyada Azərbaycan xalçalarının satışı və təbliği ilə məşğuldur. 1994-cı ildə yaradılan “Azərilmə” xalça çeşidlərinin mühafizə edilməsi, satışı və təbliği  sahəsində xeyli işlər görüb. MMC-in tərkibində xalçaçılıq tədris  mərkəzi də var ki, burada da gənc xanımlara ilmələrin sirləri öyrədilir. İşlər bununla da bitmir. Ülviyyə Məmmədova (müəssisədə informasiya təminatı üzrə məsul şəxs) başqa fəaliyyət istiqamətləri barəsində danışarkən Vidadi Muradov gəlir.

O, “Azərilmə” MMC-nin sahibi, xalçaçılıq və dekorativ sənət üzrə güclü mütəxəssis Azərbaycan xalça sənətini dünyada təbliğ edən bəlkə də yeganə insandır. Elə bu yaxınlarda dünyanın bir qrup nüfuzlu muzeyləri -  Luvr, Toronto, “Viktoriya və Albert”, “Metropoliten”də olan Azərbaycan xalçalarının araşdırılması və təbliği ilə məşğuldur.

V. Muradova baxanda həmən hiss edirsən  ki, xalça da insanı  yetişdirə,  formalaşdıra bilir. Obrazlılıqdan tam çıxaraq deyə bilərəm ki, dayanmadan insanla danışan xalça öz söhbət ortağında möhkəm bir rəvanlıq, harmoniya yaradır. Həmin harmoniya Vidadi Muradovla yanaşı elə müəssisənin həyətində də hiss olunur. Yerə salınmış əl incisi olan xalıları Şərq formasında olan günbəz, divar üzərindəki maraqlı ornamentlər,  divar aşağısında sıra ilə düzülmüş və harmoniyanı  ustalıqla tamamlayan qədimi səhəng və samovarlar təqib edir. Buradakı samovarlar da elə buradakı naxışların dilində danışır. Rus dilini bilməyən adam “Tarqovi ” də necə gəzirsə, mən də bu xalçaların arasında elə gəzə-gəzə ( dillərini bilmirəm axı ) maraqlı bir yerə - xalçaların toxunduğu bir yerə gəlirik. Burada boyaq maddələrinin hazırlanması, iplərin ələnməsindən tutmuş, hazır toxunmuş xalçaların emaldan keçməsinə qədər hər iş ardıcıllıqla həyata keçirilir. Xalça toxuyan xanımlarla salamlaşandan sonra bələdçidən onların, ümumiyyətlə işçilərin sayı barədə soruşuram. Cavab verir ki, xalçaçısı, rəssamı, texniki işçisi hamısı birlikdə  750 nəfər. Təəccübdən duruxduğumu görüb əlavə edir ki, onların hamısı təbii ki, burda deyil. Sonrakı əlavəsi tərəddüdümü aradan götürür: “ Azərilmə” Azərbaycanın bütün regionları ilə sıx əməkdaşlıq edir. Xalça toxunulan hər rayonda, hətta hər kənddə belə bizim əlaqə qurduğumuz insanlar var. xanımlarımız evdə oturub bizim sifarişlərimizi hazırlayırlar. Onların gəlib burada çalışması evlərindəki qədər  effektli ola bilməz. Çünki nəinki hər kəndin, eləcə də hər evin öz ruhu var ki, xalçaya da məhz bu hopur. Xalçanın da təbiiliyi buradan yaranır.

Xalçaların toxunulub emaldan sonra yenidən yuyulma mərhələsini izləyəndən sonra əsas meydana çıxırıq. Bayaq səthi də olsa təsvir etdiyimiz bu günbəzli meydandan keçib tədris mərkəzinə yollanırıq. Məktəbi V. Muradov öz təşəbbüsü ilə qurub.

Sonda müəssisə-muzeydə bizə bələdçilik edən Ülviyyə xanımın bir sözünü xatırladaq: “Elə adlı sanlı alimlər var ki, burada biz onlara xalçanın fəlsəfəsindən , sirli naxışlardan danışanda təəccübləniblər. Soruşublar ki, həqiqətənmi belə şeylər var?! Əlbəttə ki, var! Xalçadakı simvolikanın, gizli rəmzlərin sirri hələ də açılmayıb”.
























Elmin Nuri

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü