Modern.az

"Molla Nəsrəddin" məktəbi

"Molla Nəsrəddin" məktəbi

15 İyul 2010, 11:55

 

 



İsa HƏBİBBƏYLİ,
Naxçıvan Dövlət Universitetinin rektoru, Milli Məclisin deputatı, akademik 


Azərbaycan ədəbi-ictimai fikrinin çoxəsrlik tarixində mətbuat əsasında iki möhtəşəm məktəb yaranmışdır: "Molla Nəsrəddin" və "Füyuzat" ədəbi məktəbləri. Əvvəla, "Molla Nəsrəddin" və "Füyuzat" jurnalları hərəsi öz istiqamətində Azərbaycan milli-demokratik mətbuatın zirvələri idi. Ötən bir əsrdən artıq dövr ərzində hələlik satirik-demokratik mətbuatın inkişafı sahəsində "Molla Nəsrəddin"dən, romantik istiqamətdə isə "Füyuzat"dan uca zirvə fəth edilməmişdir. "Molla Nəsrəddin" və "Füyuzat" Azərbaycan ədəbi-ictimai fikrinin qoşa qanadları, möhtəşəm yanaşı zirvələridir.

Cəmi bir il fəaliyyət göstərən, bütövlükdə 32 sayı çap olunan "Füyuzat"ın ədəbi məktəb yarada bilməsi böyük hadisədir. "Füyuzat"ın qısa zaman ərzində ədəbi məktəbə çevrilməsinin əsas səbəblərindən biri də XX əsrin əvvəllərində Azərbaycanda çoxəsrlik romantik meyillərin ilk dəfə olaraq romantizm ədəbi cərəyanına çevrilməsi prosesinin getməsi ilə əlaqədar idi. Azərbaycan romantizmi hələ XVIII əsrdən başlayaraq gələn dünya romantizm epoxasının axırıncı dalğalarından biri idi. "Füyuzat" keçən əsrin başlanğıc dövrü ictimai-siyasi hadisələrinin və ədəbi axınlarının doğurduğu romantizm hərəkatının əsas cəbbəxanasını təşkil etmək vəzifəsini yüksək səviyyədə həyata keçirə bilmişdi. 1906-cı ilin noyabr ayında fəaliyyətə başlayan "Füyuzat" jurnalı bir ildən sonra qapanmışdı. Lakin füyuzatçıların fəaliyyəti sonralar da davam etdi, füyuzatçılıq romantizm cərəyanının ədəbi-ideoloji əsası kimi yaşamaqla zaman baxımından bu istiqamətin ömrünün uzanmasına təkan verdi. Bu mənada "Füyuzat"ın 1 noyabr 1907-ci ildə çıxan axırıncı, 32-ci sayı onun "son tamaşasının enən pərdəsi" yox, romantik düşüncəli füyuzatçılığın ideallaşdırılmış ucalan bayrağı kimi görünməyə başlamışdır.
"Molla Nəsrəddin" jurnalını da XX yüzilliyin əvvəllərindəki ictimai-siyasi proseslər meydana gətirmişdi. Cəlil Məmmədquluzadə özü də etiraf edirdi ki, "Molla Nəsrəddin"i təbiət özü yaratdı, zəmanə özü yaratdı". Lakin "Molla Nəsrəddin" jurnalı üçün xarakterik olan satira elementləri bu jurnaldan əvvəl "Əkinçi" qəzetində, yaxud "Kəşkül" jurnalında da müəyyən səviyyədə var idi. Hətta keçən əsrin başlanğıcında "Şərqi-Rus" qəzetində də satirik ünsürlər görünməkdə idi. "Şərqi-Rus"da geniş yer tutan "dərdimiz və dərmanımız" motivi ideya baxımından "Molla Nəsrəddin"in bünövrəsini təşkil edirdi. Məhəmmədağa Şahtaxtlı "Şərqi-Rus" qəzetini açarkən "dərdini söyləməyən dərman bulmaz" qənaətinə gəlmişdi. Böyük mütəfəkkir bu fikirdə idi ki, millətin tərəqqisi naminə qiyafəti yox, mənəviyyatı dəyişmək gərəkdir: "Bir qism işçilərimiz də var ki, mədənilərin əsərlərini və o səbəbə də onların rəftarlarını, hallarını xoş görüblər. Onlar kimi olmaq istəyirlər. Mədəniyyəti paltarda, dildə zənn edərək uzun arxalıqlarını, başmaqlarını çıxarıb gödək jaket, dar çəkmə geyirlər. Hər kəsin on beş-iyirmi ildə yetdiyi indiki mərtəbəyə bunlar beş-on manatla on dəqiqədə nail olurlar. Az vaxtda tərbiyəli meymunlar kimi yekə bir obrazovannı olub qurtarırlar (Qeyrətlərinə nəzər dəyməsin) ...Amma qafalarından köhnə fikri, xəbərsizliyi çıxarmayıblar. Bunlarda elmdən, mərifətdən, aləmdən xəbər yox".
Bu, Azərbaycan mətbuatını "Molla Nəsrəddin"ə gətirən böyük yolun ərəfəsinin əks-sədası idi. "Əkinçi"dən "Şərqi-Rus"a qədər davam etməkdə olan milli düşüncə XX əsrin əvvəllərində daha açıq şəkildə səslənməyə başlamışdı. Az sonra birinci rus inqilabının baş verməsi və məşhur 17 oktyabr manifestinin meydana çıxması ilə milli mətbuatdakı o vaxtaqədərki yarıaçıq düşüncələr daha qabarıq və kəskin formada ifadə olunmaq imkanı qazana bildi. Beləliklə, həm də zəmanə "Molla Nəsrəddin"i yaratdı. Fikrimizcə, "Molla Nəsrəddin" jurnalı hər şeydən əvvəl, onun yaradıcısı Cəlil Məmmədquluzadənin ədəbi-siyasi düşüncələrindən doğulmuşdur. Böyük demokrat ədibin sözlərini yadımıza salaq: "On yeddi oktyabrın azadlıq suru çalınanda və Nikolay padşahın şəkli xoruz şəklində jurnallarda çəkilən zaman... biz də vaxtdan istifadə edib özümüz üçün bir zəminə axtarırdıq ki, orada dərdi-dilimizi deyə bilək". Fikrimizcə, hələ XIX əsrin axırlarında "avamdan gilaylı qalanların" ədəbi cəbhəsinə qatıldığını bəyan edən Cəlil Məmmədquluzadənin "Danabaş kəndinin əhvalatları" povesti (1894) "Molla Nəsrəddin" jurnalının "bir yüngülvari müqəddiməsidir".
XX əsrin əvvəllərində yazılmış məşhur "Poçt qutusu" (1903) hekayəsi "Molla Nəsrəddin" jurnalının manifestidir. Məhəmmədhəsən əmi və Novruzəlinin simasında mollanəsrəddinçi ədəbi obrazlar "Molla Nəsrəddin"dən əvvəl doğulmuşdu. Bunların ardınca fürsət düşən kimi "Molla Nəsrəddin" tipli bir fəaliyyətin başlanğıcına böyük zəmin hazırlanmışdı. Bununla belə, "Molla Nəsrəddin" ideyası həm də böyük Mirzə Fətəli Axundovdan başlayıb gələn maarifçi demokratik prinsiplərin, "Əkinçi"dən qida alan milli mənafelərin, qəzetçilik ənənələrinin zəminində formalaşmışdı. "Molla Nəsrəddin" jurnalı ədəbiyyatda və mətbuatda özünəqədərki satirik meyillərin məntiqi yekunu, böyük, yetkin, kəskin ictimai satiranın başlanğıcıdır. Nizami Gəncəvi epik mənzum dastançılıq məktəbinin, Məhəmməd Füzuli lirika məktəbinin, Mirzə Fətəli Axundov milli dramaturgiya məktəbinin banisi olduğu kimi, Cəlil Məmmədquluzadə də mollanəsrəddinçi satirik məktəbinin yaradıcısıdır. Cəlil Məmmədquluzadənin yaratdığı "Molla Nəsrəddin" məktəbi Azərbaycanda satirik ədəbiyyatın əsas cəbbəxanası və başlıca hərəkətverici qüvvəsidir. Mollanəsrəddinçilik - milli satirik ədəbiyyatın ədəbi təlimidir. Mollanəsrəddinçilik - ictimai satira vasitəsilə cəmiyyəti dəyişmək, yeniləşdirmək, məmləkəti irəli aparmaq, milli-mənəvi özünüdərk proseslərini dərinləşdirmək deməkdir. Mollanəsrəddinçilik - "Molla Nəsrəddin"in məsləki və proqramıdır.
Ədəbi məktəbin formalaşmasının mühüm və zəruri şərtlərindən biri müəyyən olunmuş təlimin, konkret istiqamətin ətrafına eyni məsləkə, baxışlara, yaxud üsluba malik yaradıcı qüvvələrin cəmləşdirilməsindən ibarətdir. Cəlil Məmmədquluzadə "Molla Nəsrəddin" jurnalı vasitəsi ilə bu vəzifəni də ardıcıl olaraq həyata keçirmişdir. Daha doğrusu, Cəlil Məmmədquluzadə XX əsrin əvvəlləri Azərbaycandakı satirik yazıçıların müəllimidir. "Molla Nəsrəddin" jurnalı satirik ədəbiyyatın və publisistikanın mükəmməl dərsliyidir. Cəlil Məmmədquluzadə Azərbaycan ədəbiyyatının Molla Nəsrəddinidir. "Molla Nəsrəddin" jurnalı Cəlil Məmmədquluzadənin şah əsəridir. "Molla Nəsrəddin" jurnalı ətrafında toplaşan yazıçı, şair, publisist, rəssam və mürəttiblər, ilk növbədə, Cəlil Məmmədquluzadənin məslək və sənət dostlarıdır. Bu ədəbi qüvvələr, eyni zamanda, Azərbaycan ədəbiyyatının "Molla Nəsrəddin" dövrünün görkəmli yaradıcılarıdır. Cəlil Məmmədquluzadə "Molla Nəsrəddin"in "əziz və qiymətli qələm yoldaşlarından" ibarət ədəbiyyat ordusunun baş komandanı, sərkərdəsi, digər görkəmli mollanəsrəddinçi yazıçılar və publisistlər isə, necə deyərlər, ayrı-ayrı "qoşun növlərinin" başçıları və ya görkəmli təmsilçiləridir.
Mollanəsrəddinçi yaradıcı qüvvələrin böyük bir qismi Cəlil Məmmədquluzadənin və "Molla Nəsrəddin" jurnalının kəşfidir. Mirzə Cəlil "Molla Nəsrəddin" jurnalı vasitəsilə gələcək mollanəsrəddinçilərin əksəriyyətini axtarmış, üzə çıxarmış, istiqamətləndirmiş, tanıdıb məşhurlaşdırmışdır. Bu mətləb Cəlil Məmmədquluzadənin 1927-ci ildə Əli Nəzminin "Sicimqulunamə" kitabına yazdığı müqəddimədə özünün gerçək ifadəsini tapmışdır: "Molla Nəsrəddin"in birinci ilinin birinci nömrəsində "Molla Nəsrəddin" şivəsinə yaraşan məzhək şeirlərindən bir nümunə çap olunmuşdu: "Lisan bəlası"... Necə ki, məlumdur, bu şeiri yazan əsla şair deyil idi ("Lisan bəlası" şeiri Cəlil Məmmədquluzadəyə məxsusdur - İ.H.). Bu, bir nümunə idi ki, bunu birinci nömrədə dərc etməklə biz həqiqi "Molla Nəsrəddin" şairini axtarırdıq. Biz Sabiri və Məşədi Sicimqulunu axtarırdıq. Bir tərəfdən birinci nömrəmizi şeir babətindən yarımçıq buraxmaq istəmirdik və digər tərəfdən də Sabirin və "Məşədi Sicimqulunun dünyada varlığından xəbərdar deyil idik... Sabir mərdi-mərdanə özünü tulladı "Molla Nəsrəddin" meydanına və elə bir nərilti və gurultu ilə dalbadal yazmaqda davam etdi ki, hətta... Məşədi Sicimqulunu da bir vaxt sükutda saxladı".
Digər mollanəsrəddinçilərin ədəbi taleyində də Cəlil Məmmədquluzadənin və "Molla Nəsrəddin"in danılmaz xidmətləri vardır.
"Molla Nəsrəddin" ədəbi məktəbi geniş anlayış olub, özündə bir neçə məktəb səviyyəsində ümumiləşə bilən istiqaməti cəmləşdirir. "Molla Nəsrəddin" ədəbi məktəbi məktəb içində məktəblər yaratmışdır. Azərbaycan satirik poeziyasının zirvəsində dayanan Mirzə Ələkbər Sabir "Molla Nəsrəddin" satirik şeir məktəbinin yaradıcısıdır. Sabir və "Molla Nəsrəddin" münasbətlərini mollanəsrəddinçi ədib Əbdürrəhimbəy Haqverdiyev aşağıdakı kimi izah etmişdir: "Sabirlə mənim yaxın rəfaqətim var idi... Sabir həqiqət şeirdə böyük məharət yetirmiş bir şair idi. Sabir "Molla Nəsrəddin"dən çox qabaq şeirlər yazardı. Nəhayət, Sabiri Sabir edən "Molla Nəsrəddin" oldu. Təb Sabirin idi, qafiyə Sabirin idi, istedadi-şeiriyyə Sabirin idi, fəqət mövzu verən "Molla Nəsrəddin" və Mirzə Cəlil idi".
Azərbaycan mollanəsrəddinçi, tənqidi-realist ədəbiyyatının satirik şeir qolunu yüksək səviyyədə təmsil edən Əli Nəzmi, Əliqulu Qəmküsar, Əli Razi Şamçızadə, Mirzəli Möcüz Şəbüstəri, Əli Məhzun və başqaları üçün canlı nümunə və örnək missiyasını Mirzə Ələkbər Sabir uğurla həyata keçirmişdir. Məhz Sabirin simasında mollanəsrəddinçi satirik şeir məktəbi formalaşmışdır. Məşhur "Hophopnamə" təkcə Mirzə Ələkbər Sabirin yox, bütövlükdə "Molla Nəsrəddin" satirik şeir məktəbinin ucalığını göstərən mənalı və dəyərli bir külliyyatdır.
"Molla Nəsrəddin" ədəbi məktəbi daxilində satirik nəsr məktəbini əsasən Cəlil Məmmədquluzadə və Əbdürrəhimbəy Haqverdiyev formalaşdırmışlar. Eyni ədəbi məktəbə aid olmalarına baxmayaraq, Cəlil Məmmədquluzadə və Əbdürrəhimbəy Haqverdiyevin nəsr əsərləri, üslubları fərqli xüsusiyyətlərə də malikdir. Cəlil Məmmədquluzadənin nəsrində satira, Əbdürrəhimbəy Haqverdiyevin yanaşmasında yumor üstünlük qazanmışdır. Mirzə Cəlilin bədii nəsri üçün davamlı epik təhkiyə, Əbdürrəhimbəy Haqverdiyevin nəsr əsərlərində isə həm də liro-epik təzahürlər səciyyəvidir. Cəlil Məmmədquluzadənin "Poçt qutusu", "Usta Zeynal", "İranda hürriyyət", "Nigarançılıq", "Yan tütəyi", "Saqqallı uşaq" hekayələri ilə Əbdürrəhimbəy Haqverdiyevin "Şeyx Şaban", "Bomba", "Mirzə Səfər", "Həmşəri pasportu" hekayələri mövzu və ideya etibarilə yaxındır, yazı tərzi, üslub baxımından fərqli xüsusiyyətlərə də malikdir. Bunlar "Molla Nəsrəddin" nəsr məktəbinin üslub zənginliyini əks etdirən, bu məktəbin müxtəlifliklərin vəhdətindən ibarət olduğunu göstərən əlamətlər kimi mühüm əhəmiyyətə malikdir. Görkəmli Azərbaycan yazıçıları Məmməd Səid Ordubadinin, Yusif Vəzir Çəmənzəminlinin, hətta Eynəli Sultanovun satirik nəsr nümunələrində fərdi üslub özünəməxsusluğu qorunub saxlanılmaqla mollanəsrəddinçi bədii nəsrin ənənələri daha da zənginləşdirilmişdir. Azərbaycan ədəbiyyatında mollanəsrəddinçi satirik nəsr ənənəsi XX əsr boyu yaşamış və yeni keyfiyyətlər qazanmışdır.
Qüdrətli yazıçı və şairlərin adları ilə bağlı olan ədəbi məktəblərdən fərqli olaraq, "Molla Nəsrəddin" mətbuat məktəbini bədii ədəbiyyatın təmsilçiləri ilə yanaşı, rəssamlar da təmsil edirlər. "Molla Nəsrəddin" jurnalı karikaturalı jurnal kimi özünü bəyan etdiyindən bu ədəbi məktəbdə şair, yazıçı və publisistlər qədər karikaturaçı satirik rəssamların da əhəmiyyətli yeri və mövqeyi vardır. "Molla Nəsrəddin" jurnalı Azərbaycan satirik rəssamlığının yaradıcısıdır. Mollanəsrəddinçi satirik qrafika əsasında Azərbaycan karikatura məktəbi yaranmışdır. "Molla Nəsrəddin" jurnalının 1906-cı ildə çıxan birinci sayının üz qabığındakı Oskar İvanoviç Şmerlinq tərəfindən çəkilmiş və mollanəsrəddinçiliyin təməl prinsiplərini əks etdirən "Müsəlman dünyasının oyanışı" rəsmi Qafqazda, o cümlədən Azərbaycan ölkəsində karikaturanın yaranması və oyanışının paroluna çevrildi. Jurnalın baş redaktoru Cəlil Məmmədquluzadənin sifarişi ilə çəkilmiş bu nadir karikatura təsviri sənətin yeni qolunun yaranması və inkişaf etməsi ilə nəticələnmişdir. Məhz cəlbedici və düşündürücü karikaturalar vasitəsi ilə "Molla Nəsrəddin" jurnalı geniş xalq kütləsinin bütün təbəqələrinin içərisinə yol tapa bilmiş, ümumxalq ehtiramı qazanmaq imkanı əldə etmişdir.
"Molla Nəsrəddin" jurnalı zəminində meydana çıxan Əzim Əzimzadə Azərbaycanda milli karikatura sənətinin banisi səviyyəsinə yüksəlmişdir. Xəlil Musayev, İsmayıl Axundov, Hüseyn Əliyev, Qəzənfər Xalıqov, Nəcəfqulu və başqaları "Molla Nəsrəddin" karikatura məktəbinin görkəmli nümayəndələri kimi məşhurlaşmışlar.
Azərbaycanda satirik publisistika "Molla Nəsrəddin" jurnalı vasitəsilə məktəb səviyyəsinə yüksəlmişdir. Milli mətbuatımızın banisi Həsənbəy Zərdabinin "Əkinçi" qəzetini yaradarkən irəli sürdüyü çağırışlar əslində yeni dövrdə mətbu sözün realist-satirik tərzdə ifadəsinə yol açırdı. Görkəmli ədəbiyyatşünas, AMEA-nın müxbir üzvü Əziz Mirəhmədovun vaxtilə yazdığı kimi: "Təkcə ideya-mövzu cəhətdən deyil, satirik üslub, kinayə və istehza ilə yazmaq, xalq gülüş vasitələrindən və bu sahədəki klassik irsdən istifadə cəhətdən də "Əkinçi" mollanəsrəddinçilərin ən yaxın, ən doğma sələfi olmuşdur". Eyni sözləri "Əkinçi" ilə "Molla Nəsrəddin" arasında çıxan "Kəşkül", "Ziya", "Ziyayi-Qafqaziyyə", "Şərqi-Rus" qəzetləri, yaxud Azərbaycanda da bəlli bir oxucu qrupu olan İsmayılbəy Qaspıralının "Tərcüman"" qəzeti haqqında da demək mümkündür. Bununla belə, gerçək Azərbaycan satirik publisistikası "Molla Nəsrəddin" jurnalı ilə yaranmışdır. Mollanəsrəddinçi publisistika Azərbaycan satirik publisistikasının zirvəsidir. Cəlil Məmmədquluzadə Azərbaycan mətbuatı tarixinə Azərbaycan satirik publisistikasının yaradıcısı kimi daxil olmuşdur. Böyük ədibin "Molla Nəsrəddin" jurnalının birinci sayında çıxmış "Sizi deyib gəlmişəm" məqaləsi təkcə mollanəsrəddinçi publisistikanın deyil, bütövlükdə milli satirik publisistikanın proqramı kimi səslənir. Cəlil Məmmədquluzadənin "Bizim obrazovannılar", "Niyə məni döyürsünüz", "Axund və keşişin vəzi", "Ustalipin", "Mikroblar", "Necə qan ağlamasın", "Bikarlar bayramı", "Rus məxrəci", "Millət", "Tüstü", "Rəndə", "Yer yoxdur", "Neft fəhlələri", "İspalkom imtahanı", "Şura qadınları" və sair publisist əsərləri Azərbaycan mətbuatına yeni dəyər və səviyyə gətirən örnəklərdir. Cəlil Məmmədquluzadənin bədii yaradıcılığı kimi mətbu fəaliyyəti və publisistikası da azərbaycançılıq üstündə köklənmişdir. Məşhur "Azərbaycan" məqaləsi Azərbaycan vətənimizin Cəlil Məmmədquluzadənin nadir qələmi ilə publisistikada çəkilmiş xəritəsidir. "Qələmin müqəddəs vəzifəsi xalqın xöşbəxtliyi yolunda xidmət etməkdədir" kəlamı Cəlil Məmmədquluzadənin Vətən və xalq qarşısında əməlləri ilə təsdiq olunmuş bəyanatıdır.
"Molla Nəsrəddin" jurnalının taleyində böyük publisist Ömər Faiq Nemanzadənin rolu və xidmətləri ayrıca qeyd edilməyə layiqdir. Ən çətin məqamlarda Cəlil Məmmədquluzadə ilə eyni mövqedə dayanan Ömər Faiqə görə də "Molla Nəsrəddin"in gedəcəyi yol birdir ki, o da hər şeydən artıq öz qüsuratımıza, öz üstümüzdəki ləkələrə, tərəqqiyə mane olan öz cahilanə adətlərimizə acı-acı gülüb millətin səadətinə çalışmaqdır". Seçdiyi "Dərdimənd" təxəllüsü Ömər Faiq Nemanzadənin təkcə gizli imzasını deyil, məsləkini də dolğun şəkildə ifadə edir. "Bizə hansı elmlər lazımdır" , "Cəhrəçi xala", "Bir arvadın cavabı", "Oyun-oyuncaq", "Axır çərşənbə", "Qəribə qutu" və sair kimi məqalə və felyetonlar Ömər Faiq Nemanzadənin "Molla Nəsrəddin" məktəbindəki yerini müəyyən edən dəyərli publisistika nümunələridir. Təqdim olunan mövzuya şərhçi mövqedən yanaşmaq, problemlə yanaşı, çıxış yollarına da işarə etmək, sualdan çox cavab notlarını mənalandırmaq onun mollanəsrəddinçi publisistikadakı özünəməxsusluğunu uyğun şəkildə nəzərə çarpdırır.
Məmməd Səid Ordubadinin "Molla Nəsrəddin" jurnalındakı publisist əsərləri hələlik toplanılıb kitab halında çap edilməmişdir. Şair kimi məşhurlaşan Əli Nəzminin və Əliqulu Qəmküsarın satirik publisistikası "Molla Nəsrəddin" publisistika məktəbinin qiymətli örnəkləridir. "Molla Nəsrəddin" publisistika məktəbi" adlı elmi tədqiqata və topluya ciddi ehtiyac vardır.
Azərbaycan jurnalistikası "Molla Nəsrəddin" publisistika ənənələri ilə böyük zənginlik qazanmış və kamala çatmışdır. Azərbaycançılıq, yüksək vətəndaşlıq amalı, mübarizlik, milli mövqe, cəsarət, sadəlik, yığcamlıq və sair kimi xüsusiyyətlər "Molla Nəsrəddin" jurnalı vasitəsilə milli mətbuatın və publisistikanın ali dərəcəli vəzifələri və keyfiyyətləri səviyyəsinə yüksəlmişdir. "Molla Nəsrəddin" jurnalı Azərbaycan satirik jurnalistikasına bir çox yeni janrlar gətirmişdir. Felyetonu publisistika janrları sırasında "Molla Nəsrəddin" jurnalı formalaşdırmış və möhkəmləndirmişdir. Azərbaycanda kiçik hekayə Mirzə Cəlilin "Poçt qutusu"ndan doğulduğu kimi (Mir Cəlal), satirik publisistika janrlarını da "Molla Nəsrəddin" jurnalı dünyaya gətirmişdir. "Poçt qutusu" hekayəsi ilə ilk dəfə kiçik adamı və kiçik hekayəni dünyaya gətirən Cəlil Məmmədquluzadə "Molla Nəsrəddin" jurnalındakı "Poçt qutusu" adlandırdığı yazılar silsiləsi ilə "Əkinçi"dən gələn "Məktubat" bölməsinin yeni bir istiqamətini yaratmağa nail olmuşdur. "Molla Nəsrəddin"in "Poçt qutuları" mollanəsrəddinçiliyin sənət dərslərindən ibarət idi: "Vladiqafqazda "Müsafir"ə: Məqaləniz çox şirindir, adam oxuyanda yuxusu gəlir"; "Şamaxıda "Döşü medallı" xana: şeiriniz çap olunmayacaq"; "Bakıda "Aşiq"ə: Eşqinizin təsirindən imzanızı da yaddan çıxarıbsınız"; "Batumda "Namərd"ə: Bayat sözlərin ləzzəti yoxdu"; "Dəli Mehdilidə S.R. cənablarına: Başa düşmədik". Beləliklə, mollanəsrəddinçilərin yeni nəsli "Molla Nəsrəddin"dəki "Poçt qutusu"ndan çıxmışdır. Həmçinin qramatikaya aid olan lüğət anlayışını Cəlil Məmmədquluzadə satirik publisistikanın janrları sırasına əlavə etmişdir. Məsələn: "Əncümən - yəni incimə məndən"; "Nitq - yəni beistilahi-rus, "Nitka" (yəni sap kimi) uzun-uzadı söz danışmaq"; "İxtira - müsəlman içində istemal olunmağı caiz deyil. Amerika və Germaniyada çox işlənən sözdür"; "İstibdad - füqəranın və qürəbanın dadına yetişmək". Hətta 1907-ci il üçün çox məsuliyyətli və təhlükəli ola biləcək çar Rusiyasının Baş naziri Stolıpin sözünün də mollanəsrəddinanə izahını vermək Cəlil Məmmədquluzadənin yeni icad etdiyi lüğət janrı daxilində nə qədər cəsarətli fikirləri ifadə etdiyini göstərir.
Müşahidələr göstərir ki, Cəlil Məmmədquluzadə "Molla Nəsrəddin"in nəşr edildiyi 25 il ərzində səyahətnamə, atalar sözləri, teleqramlar və sair kimi anlayışlara da janr məzmunu və forması gətirə bilmişdir. Beləliklə, Azərbaycan publisistikasının "Molla Nəsrəddin" janrları yaranıb inkişaf etmiş, buradan digər mətbuat orqanlarına da ayaq açmışdır.
"Molla Nəsrəddin" məktəbi milli-ictimai fikirdə, ədəbiyyatda və mətbuatda azərbaycançılığın baş meydanıdır. "Molla Nəsrəddin" məktəbi - azərbaycançılıq məktəbi deməkdir. "Hər kimin ürəyində bir cüzi din, namus, vətən hissi varsa, oranın (Azərbaycanın - İ.H.) qeydinə qalmalıdır" çağırışı Cəlil Məmmədquluzadənin, "Molla Nəsrəddin" jurnalının və mollanəsrəddinçilərin məslək işinin ifadəsidir. Və "Molla Nəsrəddin" məktəbinin baş mövzusu milli istiqlala xidmətdən ibarətdir. "Molla Nəsrəddin" jurnalı Azərbaycan xalqının istiqlal kitabıdır. "Molla Nəsrəddin" milli istiqlal məktəbidir. Və "Molla Nəsrəddin" məktəbinin istiqlal ideyaları bu gün də ölkəmizdə dövlət müstəqilliyinin daha da möhkəmləndirilməsinə, inkişafa, milli-mənəvi özünüdərkin dərinləşdirilməsinə böyük uğurla xidmət edir.
Bu mənada, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin milli mətbuatımızın 135 illiyi haqqında qəbul etdiyi 10 iyun 2010-cu il tarixli sərəncamda deyildiyi kimi, digər mətbuat orqanları ilə birlikdə "Molla Nəsrəddin" jurnalı da xalqımızı "yüksək ideallar uğrunda mübarizəyə səsləmiş, milli oyanış və özünüdərk prosesinin aparıcı nümunələri kimi tanınaraq şöhrət qazanmışdır". Möhtərəm Prezidentimizin mühüm tarixi əhəmiyyətə malik olan sərəncamı, eyni zamanda, Azərbaycan ictimai fikrində və milli mətbuatında böyük və çətin sınaqlardan çıxaraq formalaşmış mollanəsrəddinçi ənənələrin daha da inkişaf etdirilməsinə meydan açır. Bu isə geniş mənada Azərbaycan xalqının taleyində mühüm rolu olan "Molla Nəsrəddin" məktəbinin əbədiyaşarlığına verilən yüksək qiyməti və böyük dəyəri dolğun şəkildə ifadə edir.

"Azərbaycan"

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Rusiyanın Ermənistandakı bazasına hücum edildi