Modern.az

Baş redaktor: “Göyəzən” yeganə qəzetdir ki, xüsusi poçtalyonu var”

Baş redaktor: “Göyəzən” yeganə qəzetdir ki, xüsusi poçtalyonu var”

21 Avqust 2014, 11:36


Modern.az saytının “Bölgə mətbuatı” adlı yeni layihəsinin budəfəki qonağı Qazax rayonunun rəsmi orqanı “Göyəzən” qəzetidir. Hazırda Qazax rayonunda nəşr olunan qəzetlə bağlı baş redaktor Elçin İsmayılla söhbət etdik.      

  “80-ci illərdə qəzetin tirajı 14000 olub”

“1932-ci il martın 12-də  rayonda “Kommuna yolu” adlı qəzet nəşr olunmağa başlayıb. 1968-ci ildə isə qəzet “Qalibiyyət bayrağı” adı altında çap edilib. 1988-ci ildən bəri “Göyəzən” adı ilə çıxmağa başlayıb.  1980-ci illərdə qəzet öz tirajını artıraraq 14 minə çatdırıb. Lakin SSRİ-nin süqutundan sonra qəzetin fəaliyyətində müəyyən geriləmələr müşahidə edilib. Azərbaycan müstəqilliyini bərpa edəndən sonra qəzetin fəaliyyəti yenidən bərpa olunub, müxtəlif illərdə müxtəlif tirajlarla çap edilib”.  

“Göyəzən” respublikada  yeganə rayon qəzetidir...”  

“Qəzetin redaktoru vəzifəsini  2007-ci ildən icra edirəm. Həmin vaxtlar “Göyəzən” ildə 1-2 dəfə az tirajla çıxırdı. Lakin 2007-ci ildən  qəzet ayda 2 dəfə olmaqla operativ nəşr olunmağa başladı. Hazırda qəzet 3000 tirajla çap edilir. “Göyəzən” respublikamızda yeganə rayon qəzetidir ki, A-2 formatında nəşr olunur. Qəzet 4 səhifədən ibarətdir. Onu da qeyd edək  ki, son illərdə qəzetin abunəsi və maliyyə vəziyyəti bir neçə dəfə yaxşılaşdırılıb. Buna rayon rəhbərliyinin qayğısı və redaksiya kollektivinin işgüzarlığı sayəsində nail olmuşuq”.  

“Qazaxda “Göyəzən”i oxuyurlar...”  

““Göyəzən” qəzetində rayonun sosial-iqtisadi və ictimai sahələri işıqlandırılır. Kollektiv olaraq çalışırıq  ki, hər nömrədə ictimai  sahələri əhatə edən məqalələr olsun. Çalışırıq ki, heç bir sahə diqqətdən kənarda qalmasın. Bunun nəticəsidir ki, “Göyəzən” rayon sakinləri tərəfindən sevilə-sevilə oxunur. “Göyəzən”in  il ərzində müxtəlif xüsusi buraxılışları da çap olunur.  

“İldə iki dəfə abunə kampaniyası həyata keçirilir”  

“Göyəzən” qəzetinin bu günə qədər fəaliyyətində  elə bir əsaslı problemi olmamışdır. Qəzetin  əsas problemi  maliyyədən qaynaqlanıb.  Lakin hazırda bununla bağlı da  elə bir çətinliyimiz yoxdur. Abunənin vaxtlı-vaxtında və qəzeti qane edəcək qədər təşkil edilməsi  qəzetin maliyyə durumunun normal olmasını təmin edir. İldə 2 dəfə abunə kampaniyası həyata keçirilir. Rayon qəzetlərində, eləcə də “Göyəzən”də reklam olduqca az verilir. Buna səbəb isə əlaqədar müəssisə və təşkilatların, sahibkarların reklama meyl göstərməməsidir. Bizim qəzetdə əsasən elan və bildirişlər çap olunur. Qəzetin ayda 2 dəfə çap olunması onun operativliyinin göstəricisidir. Lakin biz baş verən müəyyən hadisələri, uğurlu nəticələri nəzərə alaraq hadisənin ertəsi günü operativ olaraq qəzet nəşr etdiririk. Bu günlərdə Qazax rayonunda şəhid olan İsə Almazov haqqında hazırladığımız nömrə buna əyani sübutdur.  Qazax respublikamızda şöhrətli ziyalıları, şair və yazıçıları, alimləri ilə tanınan rayonlardan biri, bəlkə də birincisidir. Ona görə də rayonda demək olar ki, ziyalılıq səviyyəsi olduqca yüksəkdir. Bu səbəbdən də rayon əhalisi “Göyəzən” qəzetini yüksək səviyyədə qarşılayır. Çünki insanlar rayon ilə bağlı bütün məlumatları qəzetdən ala bilirlər. Qarşımıza qoyduğumuz əsas məqsədlərdən biri də insanlarla sıx əlaqə yaratmaqdır. Fəaliyyətimiz dövründə demək olar ki, buna tam nail ola bilmişik. Bunun nəticəsidir ki, bu gün “Göyəzən” qəzeti ilə rayon əhalisi arasında sıx və yaradıcı əlaqə yaranıb. Ona görə də qəzetin səhifələrində rayon əhalisinin müxtəlif təbəqələri, ziyalılar, gənclər, həkimlər, müəllimlər, ağsaqqallar və s. öz məqalələri ilə çıxış edirlər”.    

“Bütün tənqidi məqalələrə rəsmi cavablar verilir...”  

“Mətbuat cəmiyyətin güzgüsüdür. Ona görə də zaman-zaman cəmiyyətimizdə olan problemlər və çatışmazlıqlar, öz həllini gözləyən məsələlər qəzet və jurnal səhifələrində çap olunub. Bu, artıq Azərbaycan mətbuatında bir ənənəyə çevrilib. ”Göyəzən” qəzeti də bu ənənəyə sadiq qalaraq rayonumuz üçün mühüm əhəmiyyət kəsb edən məsələləri, problem və çatışmazlıqları öz səhifələrində işıqlandırır. Biz müxtəlif illərdə rayonumuzla bağlı bir sıra məsələləri diqqət mərkəzinə gətirib, bir sıra problemlər barədə tənqidi məqalələr dərc etmişik. “Göyəzən” qəzetində dərc olunan bütün tənqidi məqalələrə aidiyyatı təşkilatlar tərəfindən yazılı olaraq rəsmi cavablar verilib və onlar qəzetdə dərc edilib”.  

“Göyəzən”  heç bir dövlət qrumu ilə üz-üzə gəlməyib...”  

“Rayon qəzetləri demək olar məhkəmə problemləri ilə qarşılaşmırlar. Çünki yerli orqan olduğuna görə hüquq-mühafizə orqanları ilə heç bir problem yaşanmır. Ona görə də yerli qəzetlərin məhkəmə prosesinə cəlb olunma halları demək olar baş vermir. “Göyəzən” qəzeti də indiyə qədər belə bir problemlə qarşılaşmayıb”.

  “Göyəzən”in xüsusi  poçtalyonu var”  

“Qəzeti yaradıcı işçilərlə tam təmin olunub. Belə ki, qəzetin müxbirləri günün və zamanın aktual məsələləri, rayonda görülən işlər barədə mütəmadi olaraq məqalələr yazırlar. Kollektivdə baş redaktordan başqa şöbə müdiri və müxbir fəaliyyət göstərir. Operator və fotoqraf da qəzetin kollektivinə daxildir. Qəzetin oxuculara çatdırılması günün vacib məsələlərindən biridir. “Göyəzən” yeganə qəzetdir ki, onun xüsusi  poçtalyonu var. Kollektiv texniki işçilərlə birlikdə 7 nəfərdən ibarətdir.  “Göyəzən”in redaksiyası şəhərin mərkəzində yerləşir. İşçilərin fəaliyyət göstərməsi üçün hərtərəfli şərait yaradılıb. Mətbuat orqanının fəaliyyətində ən mühüm cəhət onun texniki avadanlıqlarla necə təhciz olunmasıdır. Bu cəhətdən redaksiyanın heç bir problemi yoxdur. Bütün işçilər kompüter, diktafon, fotoaparat və digər texniki avadanlıqlarla təmin edilib. Bunun nəticəsidir ki, “Göyəzən” qəzetinin fəaliyyətində heç bir problem yaşanmır”.  

“Qəzet Bakıda çap olunur”  

“Qəzetin fəaliyyəti onun çapı ilə sıx bağlıdır. Bir neçə il bundan öncə qəzetin materialları rayonda yazılır və baş redaktor tərəfindən həmin materiallar Bakıya aparılaraq orada çap etdirilirdi. Bu da müəyyən qədər vaxt alır, əlavə vəsait tələb edir və müəyyən çətinliklər yaradırdı. Demək olar ki, həmin dövrdə qəzeti çap etdirmək onun hazırlanmasından çətin olurdu. Artıq 7 ildən çoxdur qəzetin materialları redaksiyadakı kompüter mərkəzində yığılıb səhifələnir və maketi tutulur. Sonra həmin materiallar maketlə birlikdə internet vasitəsilə Bakıdakı mətbəəyə göndərilir. Orada isə elə həmin gün qəzetin çap variantı hazırlanaraq PDF proqramı ilə redaksiyanın kompüterinə ötürülür. Qəzet Bakıda “SQ” mətbəəsində çap olunur”.

“Göyəzən” həm də sərhəd bölgəsinin qəzetidir”  

“Göyəzən” həm də sərhəd bölgəsinin qəzetidir. Qazax rayonu Ermənistanla həmsərhəddir. 7 kəndimiz 20 ildən artıqdır işğal altındadır. 5 kənd isə ermənilər tərəfindən daim atəşə məruz qalır. Rayonumuzda xeyli sayda qaçqın və məcburi köçkün məskunlaşıb. “Göyəzən” qəzetində bununla əlaqədar mütəmadi olaraq məqalələr dərc edilir. Qaçqın və məcburi köçkünlərin problem və çatışmazlıqları, onların həyat tərzi daim redaksiyanın diqqət mərkəzindədir”.    

 Elçin İsmayıl 1984-cü ildən mətbuat sahəsində çalışır. “Əmək”, “P a n o r a ma”, “525-ci qəzet”, “Naxçıvan”, “Ağstafa” qəzetində bölgə müxbiri, şöbə müdiri, baş redaktor vəzifələrində işləyib. 2001-2004-cü illərdə “Space” telekanalının Qərb zonası üzrə bölgə müxbiri olub. 1987-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. Eyni zamanda, Azərbaycan Jurnalistlər Birliyi Qərb Zona Filialının sədridir. 2010-cu ildə prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan mətbuatının inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif olunub.

Məltəm Talıbzadə

 


 
Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir