Modern.az

“Qarabağ klanı”nın susdurmaq istədiyi Ermənistan jurnalistikası – FAKTLAR

“Qarabağ klanı”nın susdurmaq istədiyi Ermənistan jurnalistikası – FAKTLAR

21 Avqust 2014, 17:07

 

Ermənistanda Qarabağ müharibəsi veteranlarının silahlı diktatura rejiminin hökm sürdüyü heç kəsə sirr deyil. Ölkənin bütün ictimai-siyasi həyatını öz əllərinə alan qanlı xunta azacıq demokratiklik və müxalifətçilik meylləri nümayiş etdirən istənilən mötədil qrupu təzyiq və təqib atmosferində saxlayır. Bu total qorxu demokratik ölkələrdə “4-cü hakimiyyət” adlandırılan jurnalistika sahəsində aiddir. Cəmiyyətdə bir növ ictimai arbitr rolu oynayan jurnalistlər Ermənistanda bu peşə imtiyazlarından məhrumdurlar. “Qarabağ klanı” və onun himayəsində olan oliqarxları tənqid etmək erməni jurnalisti üçün ciddi problemlərə yol aça bilər. Müstəqil Ermənistanın jurnalistika tarixi zorakılıq, sifarişli qətllər, oğurluq və inzibati təzyiq metodları ilə zəngindir.

Modern.az Ermənistan jurnalistikasının “qara tarixi”ni təqdim edir.  

2009-cu il martın 13-də “Aravot” (“Səhər”) və “Çorord İşxanatyun” (“Dördüncü hakimiyyət”) həftəlik qəzetlərinin fotorepartyoru Qaqik Şamşyan Yerevan Dilçilik Universitetinin mühafizəçiləri tərəfindən vəhşicəsinə döyülür. Xəstəxanaya yerləşdirilən jurnalistin vəziyyətini həkimlər “orta ağır” kimi dəyərləndirirlər. O sonralar həmin günü belə xatırlayır.

“Mən Dilçilik Universitetinə daxil olub bir neçə şəkil çəkmək istəyirdim. Lakin məni mühafizəçilər saxladılar və binaya necə daxil ola bildiyimi soruşdular. Sonra isə yerə yıxaraq təpiklədilər”.

Öz xidməti borcunu yerinə yetirən jurnalisti döydüyünə görə universitetin mühafizəçisi Karen Miricanyan saxlanılsa da, həmişə belə vəziyyətlərdə olduğu kimi azad olunur. Jurnalistə zorakılıq edən şəxslərin həbs olunaraq qanuni cəzalarını çəkmələri praktikası Ermənistan femidası üçün yad bir anlayışdır.


Son illərdə jurnalistlərə qarşı edilən hücumların qısa xronologiyasına nəzər yetirsək jurnalistlərə qarşı zorakılıq miqyasının dəhşətli səviyyədə olduğunu görə bilərik. 2008-ci il noyabrın 17-də “Araşdırmaçı jurnalsirtlər” Birliyinin sədri Edik Baqdasaryan maşınına minərkən 3 naməlum şəxs tərəfindən hücuma məruz qaldı. Ağır xəsarətlər alan jurnalistin həyatını həkimlər xilas edə bilirlər. Ona edilən hücum 2008-ci il fevral seçkilərindən sonra “Qarabağ klanı”nın müstəqil mediaya qarşı başladığı repressiya dalğasının tərkib hissəsi idi.

Çünki bundan əvvəl 2008-ci il avqustun 19-da “Azadlıq Radiosu” Yerevan ofisinin rəhbəri Qraç Melkumyan paytaxtın mərkəzində idmançı görünüşlü naməlum şəxs tərəfindən döyülür. Bundan bir həftə əvvəl – avqustun 11-də isə “Aykakan Jamanak” qəzetinin müxbiri Lusine Baseqyan yaşadığı evin qarşısında 2 naməlum şəxs tərəfindən amansız şəkildə döyülür. Maraqlıdır ki, bu aşkar zorakılıq faktları ilə bağlı hüquq-mühafizə orqanları lazımi araşdırma aparmır və daha çox cinayətkarlı himayə etməyə çalışır. 


Xunta və ayrı-ayrı nüfuzlu oliqarx-kriminal elementlər bəzən “tərs” jurnalisti yola gətirməkdən bezir. Bu zaman müəmmalı qətllər yaxud bədbəxt hadisə adı altında ölüm hadisələri baş verir. Məsələn, politoloq və jurnalist Tiqran Ayrapetyanın faciəvi taleyi buna misaldır. Tunisdə “Həbibə Buqriba” adına universiteti bitirən Ayrapetyan Ermənistanda ərəb dilini bilən əsas mütəxəssislərdən sayılırdı. O, 1991-ci ildə Yerevanda siyasi və beynəlxalq tədqiqatlarla məşğul olan mərkəzə rəhbərlik etməyə başlayır. Ölkə həyatının bütün sahələrinə sirayət edən xaos və hərc-mərclik Ayrapetyanın politoloq və jurnalist kimi yazılarında hərtərəfli tənqid olunurdu. 1997-1998-ci illərdə prezident Levon Ter-Petrosyan və “Qarabağ klanı” arasında gedən qarşıdurma onun tərəfindən Ermənistanın sonu kimi dəyərləndirilirdi. Çünki Tiqran Ayrapetyan SSRİ-nin buxovlarından azad olunmuş xalqının “Qarabağ klanı”nın nəzarəti altına düşməsini istəmirdi. Koçaryan komandasının ara-sıra etdiyi zənglər, hədələr, pul təklifləri onu tənqidi yazılarından döndərə bilmir. Səbri daşan “Qarabağ klanı” bədbəxt hadisə imitasiyası yaradaraq Ayrapetyanın ölümünə fərman verirlər.


1999-cu il martın 9-u gecə saatlarında Yerevanın Kanaker-Zeytun rayonunda yol qırağı ilə hərəkət edən zaman Tiqran Ayrapetyan yüksək sürətlə hərəkət edən maşın tərəfindən qəsdən vurulur. Xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmur. Hadisəni törətməkdə ittiham olunan Andranik Maşakaryan məhkəmənin hökmü ilə 4 il müddətinə azadlıqdan məhrum edilir.

Bundan sonra onun izi də itir. Məsələ ilə bağlı bir sıra qaranlıq məqamlar, o cümlədən Maşakaryanın sükan arxasında olub-olmaması ilə bağlı müxtəlif versiyalar səslənsə də “yuxarı”ların marağı işin obyektiv araşdırılmasına mane olur. Beləliklə, erməni jurnalistikasının daha bir müstəqil səsi həmişəlik susdurulur.

Ayrapetyanla müqayisədə digər müstəqil jurnalist Argişti Kiviryanın bəxti daha çox gətirib. Planlaşdırılmış maşın qəzasının qurbanı olan həmkarında fərqli olaraq abxaz erməni Kiviryan açıq, maskalanmamış hücuma məruz qalır. 2009-cu il aprelin 30-da gecə radələrində öz mənzilinin qarşısında başından güllələnir. O, ölkə iqtidarını sərt dillə tənqid edən, ifşa materialları dərc edən “Armenia Today” informasiya agentliyinin baş redaktoru idi. Döyülən, daha sonra güllə xəsarəti alan jurnalist böhranlı vəziyyətdə xəstəxanaya çatdırılır. Bir neçə aylıq müalicədən sonra onun həyatını xilas etmək mümkün olur. Dəfələrlə müxtəlif ictimai aksiyalarda polis tərəfindən döyülən Kiviryan belə bir hücumu gözlədiyini etiraf edir. Lakin hakimiyyətinin onu aradan götürmək üçün belə açıqca cəhd edəcəyini gözləmədiyini də əlavə edir.

Müəyyən beynəlxalq təzyiqlərdən sonra Yerevandaki hərbi xunta Kiviryana erməni jurnalisti üçün nadir olan güzəştlərdən birinə gedir. Bu gün də “Armenia Today” öz fəaliyyəti ilə Sarksiyan iqtidarını narahat edən faktorlardan birinə çevrilib.                  

Vüqar İsmayılov    

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi