Modern.az

“Rusiyaya güc tətbiq ediləcək, Putin hakimiyyətdən kənarlaşdırılacaq” - Sensasion ŞƏRH

“Rusiyaya güc tətbiq ediləcək, Putin hakimiyyətdən kənarlaşdırılacaq” - Sensasion ŞƏRH

Aktual

29 Avqust 2014, 11:25

“Rusiya prezidenti Vladimir Putin diplomatik görüşlərin getdiyi bir zamanda qoşunlara hücum etmək haqqında əmr verir. Bu, rusların praktikasında tez-tez  istifadə edilən metoddur. Ancaq rəsmi Moskva Ukrayna məsələsinin nə qədər mürəkkəb və Rusiya üçün baha başa gələcəyini anlamır”. Bunu Modern.az saytına politoloq Qabil Hüseynli Ukraynanın Şərq vilayətlərinə Rusiyanın hərbi texnika yeritməsini şərh edərkən deyib. Ekspert Rusiyanın özündə çox ciddi bir arxayınlıq olduğunu bildirsə də, bu güvənin arxasında real resursların dayanmadığı qənaətindədir. Onun sözlərinə görə, Ukrayna partizan müharibəsinə başlayıb.

Qabil Hüseynlinin fikrincə, NATO-nun sentyabrın 4-5-də keçiriləcək Kardif sammitində Rusiya ilə bağlı ciddi qərarlar qəbul ediləcək. O, Rusiyaya güc tətbiqinin də gündəmdə olacağını istisna etməyib.

“Rusiyaya güc tətbiqi barədə qərarlar qəbul edilə bilər. Belə olan halda Rusiyanın imkanlarını şişirtməyə dəyməz. İqtisadi böhran Rusiyanı daxildən parçalamağa başlayıb. Üstəlik, Rusiya öz potensialına görə elə də güclü dövlət deyil. Rusiya Ukrayna sərhədinə maksimum 30-40 minlik qoşun yığa bilər. Bunu dəf etmək üçün Ukraynanın özünün hərbi imkanları var. Hesab edirəm ki, NATO da bundan sonra Ukraynaya ən müasir hərbi texnikalarla kömək edəcək”.

Politoloq qeyd edib ki, Ukrayna məsələsi Vladimir Putinin hakimiyyətdən kənarlaşdırılması ilə paralel şəkildə həll olunacaq:
“Bu proses bir az ləngiyə bilər, amma bu mütləq baş verəcək. Rusiya hakimiyyətinin və dövlət siyasətinin dəyişilməsi üçün Qərb planlar hazırlayır. Artıq dünyada 70-ə yaxın ölkənin Rusiyaya qarşı sanksiyalara qoşulacağı gözlənilir. Putin bütün bu həmlələr qarşısında davam gətirə bilməyəcək. Ukrayna əhalisi özü də ciddi surətdə partizan müharibəsinə hazırlaşır. Partizan müharibəsinin planını isə ABŞ hazırlayır”.

Qeyd edək ki, Rusiya hərbi texnikalarını Ukraynanın şərq regionlarına yeridib. Ukrayna prezidenti Pyotr Poroşenko isə bunu Rusiyanın Ukraynaya hərbi müdaxiləsi kimi dəyərləndirib.

Vəziyyətin gərginləşdiyi və müharibə təhlükəsinin qaçılmaz olduğu bir vaxtda Kreml rəhbəri Vladimir Putin Ukraynadakı ruspərəst separatçılara müraciət ünvanlayıb. Rusiya lideri müraciətində Donbassdakı rusmeylli yaraqlıları Ukrayna hərbçilərinin mühasirəsini yarmağa və orada humanitar dəhliz açmağa çağırıb.

Aqşin Kərimov

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı