Modern.az

“Yeni SSRİ” üçün yeni təhlükələr - TƏHLİL

“Yeni SSRİ” üçün yeni təhlükələr - TƏHLİL

1 Sentyabr 2014, 09:32

Rusiya Qazaxıstanda öz “Ukrayna metodu”nu işə sala bilər


Araq qoxulu Yeltsin Rusiyasından qan iyi verən Putin Rusiyasına qədər keçilən yol  

Rusiyanın regionda hegemonluğunu bərqərar etmək üçün Kremldə siyasi meydana hesablanan metod və texnologiyalar Rusiyanın özünə də təsirsiz örüşmür. Soyuq başla hakimiyyətə gəlib postsovet məkanına imperiya nəfəsi vermək istəyən Rusiya prezidenti Vladimir Putinin bundan sonra hansı addımlar atacağı maraq doğurur. Heç şübhəsiz, Putinin Rusiya kimi nəhəng ölkəni iqtisadi bataqlıqdan və dövləti süqut etmək təhlükəsindən xilas etməsi onun üçün üçün asan olmayıb.  

Rusiyaya 2000-ci ildən rəhbərlik edən Vladimir Putinin dövründə ölkə iqtisadiyyatının dirçəlməsi və Moskvanın MDB məkanındakı “Yeni SSRİ” xəyalları sonradan Gömrük və Avrasiya İqtisadi İttifaqında özünü daha aydın biruzə verdi.

Yeltsin dövründə “araq qoxusu” verən Rusiyanın birdən-birə siyasi səhnədə və beynəlxalq aləmdə dönüş yaratdıqdan sonra SSRİ-nin və Rusiyanın kəşfiyyatında xidmət etmiş Vladimir Putin  bütün diqqəti imperiya şinelindən çıxmış ölkələrə də yönəltməklə özünün agentura şəbəkəsini dövriyyəyə buraxdı.  

2008-ci il Gürcüstan olaylarının timsalında Rusiyanın hərbi-siyasi yolla regionda məqsədlərini müəyyən qədər reallaşdırmasını söyləmək olar.   Lakin Ukrayna hadisələrinin fonunda Putinin imperiya ambisiyalarının dalana dirənməsi Rusiya üçün sonu sual altında olan proqnozlar söyləməyə əsas verir. Düzdür, Rusiyanın Ukrayna ərazisi olan Krımı özünə ilhaq etməsi, daha sonra Ukraynanın şərq regionlarında separatizmi alovlandırması, Kremlin bölgədə münaqişə ocaqları yaratmaqdakı məharətindən və bunun Moskvanın maraqlarına müəyyən mənalarda xidmət etməsindən xəbər verir. Təbii ki, ortada ABŞ və digər Qərb dairələrinin Rusiyaya tətbiq etdiyi sanksiyalar faktoru olmasa idi, Ukraynadakı ruspərəstlər hesabına Kreml tam gücü ilə siyasi dividentlər qazanacaqdı. Lakin Qərbin sanksiyalar paketini işə salması onu göstərdi ki, Rusiya öz maraqlarının təmin edilməsində hələ çox enişli-yoxuşlu yollar qət edəcək. Çünki Qərbin iqtisadi, siyasi embarqoları Rusiya iqtisadiyyatında durğunluq yaradıb.


Pula möhtac Rusiya  

Hesablamalara görə, təkcə rusiyalı iş adamları Moskvanın Ukrayna siyasətinin nəticəsi olaraq Qərbin tətbiq etdiyi sanksiyalardan 14 milyard dollar itirib. Bütün bu itkilərə baxmayaraq Putinin emosional hərəkətlərini davam etdirməsi və buna görə yeni sanksiyalar paketinin gündəmə gəlməsi Rusiyanın gələcəkdə dünya iqtisadiyatında mövqelərini olduqca zəiflədə bilər. Bu, Rusiya bazarlarında yaranan böhran və bunun iqtisadi sahədə maliyyə itkilərinə gətirib çıxarması fonunda SSRİ xələfinin dünya iqtisadiyyatında mövqelərinin sıfıra enəcəyinə işarədir.

Bu yaxınlarda nüfuzlu “Forbes” jurnalının Krımın Rusiyaya daxil edilməsinin əlavə xərclərə səbəb olacağı barədə iddia ilə çıxışı isə Moskvanı düşündürməyə vadar edir.

“Forbes” yazır ki, Rusiya 2014-cü ildə işğal etdiyi Krıma 8 milyard dollar məbləğində pul xərcləyəcək. Hər il Moskva büdcəsindən bu bölgəyə ayrılan vəsaitlərin artırılması, üstəgəl 2014 –cü ildə Ümumdünya Daxili Məhsulunda Rusiyanın payının bərbad vəziyyətdə olacağı (hesablamalara görə bu, 1% olacaq – A.K) proqnozları ölkənin iflic olmasına zəmin yaratması fikirlərinə yol açır.   Bu azmış kimi, Rusiya hələ Ukraynada başlatdığı müharibəni də bitirməyib və Donetsk, Luqanskdakı ruspərəst separaçılara hərbi-maliyyə dəstəyi verir. Bu isə xarici borcu təxminən 629 milyard dollar olan Rusiyaya iqtisadi sferada əlavə xərclərdən başqa bir şey deyil. Bununla paralel olaraq Qərbin hər gün yeni sanksiyaları işə salacağı barədə mesajları da Rusiyanı Yeltsin zamanındakından da pis böhranla üzləşdirə bilər. Görünür, Putin hədəflərinə çatmaq üçün maliyyə xərcləri də daxil olmaqla hər şeyi gözə alıb və o, iqtisadi maraqları tamamilə arxa plana ataraq Rusiyanın regionda, dünyada əzələ nümayişini davam etdirir.

Bununla Putin siyasi liderlik statusunu qazanmaq və “imperiya” qurmaq iqtidarında olduğunu güc yolu ilə göstərmək istəyir. Təki Ukraynada qərbmeylli qüvvələr iqtidardan devrilsin və Moskvanın diktəsi ilə hərəkət edən qüvvələr hakimiyyətə gəlsin. Ruspərəstlərin aktivləşdiyi Ukraynanın Şərq vilayətlərində aşkar üstünlük əldə etməsi Moskvanın yalnız təxribat planlarına xidmət edir. Bütün bunların Rusiya iqtisadiyyatına xeyir gətirməsindən isə danışmaq mümkün deyil. 

Nazarbayevdən Putini əsəbiləşdirən açıqlama: Növbə Belarusundur  

Vəziyyətin qəlizləşdiyi bir zamanda 2015-ci ilin yanvarından “Yeni SSRİ” modeli hesab olunan Avrasiya İqtisadi İttifaqının reallaşması məsələsi mürəkkəb xarakter alır.   Rusiyanın iqtisadi birlik kimi qələmə verdiyi təşkilatın Ukrayna hadisələrinin Moskvaya vurduğu külli miqdarda ziyandan sonra hansı güclə fəaliyyətə başlaması maraq doğurur. Təşkilata üzv Belarus da əsasən, aqrar sahədən iqtisadi gəlir əldə edən ölkədir. Çətin ki, o da Avrasiya Birliyində aparıcı iqtisadi amil kimi çıxış edə bilsin.  

Təşkilatın digər üzvü Qazaxıstanın isə ümumiyyətlə Kremlin layihəsindən kənarlaşması gündəmə gəlib. Qazaxıstan prezidenti Nursultan Nazarbayev bəyan edib ki, ölkəsi Avrasiya İttifaqı dövlətləri ilə qurum daxilində qərarların qəbulunda razılaşmazsa, rəsmi Astana “Yeni SSRİ”-dn çıxacaq.

Qazaxıstan lideri onlar üçün müstəqilliyin əsas dəyər olduğunu vurğulamaqla Putinə mesaj göndərməsi Rusiyanın bundan sonra bir az ehtiyatlı davranmaqdan başqa çarəsinin olmadığını göstərir. Çünki, Qazaxıstan kimi müttəfiqin “Avrasiya”dan çıxması Rusiyanın bölgə üçün yeni təhdid mənbəyi olaraq yaratdığı “Avrasiya”nın perspektivini şübhə altına alar. Onsuz Ukraynanı Viktor Yanukoviçin hakimiyyətdən devrilməsi ilə Avrasiya İttifaqında görmək arzusunun suya düşməsi ilə Qazaxıstanın da itirilməsi Rusiyanı dalana salacaq. Qazaxıstan iitifaq tərkibindən çıxarsa, Rusiyaya birlik daxilində ən yaxşı maliyyə dəstəyini Belarus verə bilər ki, bu da Moskvanı bəladan çıxara bilməyəcək. Avrasiya Birliyinə əlacsızlıqdan üzv olmaq istəyən Ermənistan, Qırğızıstan kimi ölkələr isə özü Rusiyadan iqtisadi və siyasi asılı olan dövlətlərdir.   

Bəs Rusiya Avrasiya İttifaqını qoruyub saxlaması üçün bundan sonra hansı strateji planları işə salacaq?  

Hər halda Vladimir Putinin Qazaxıstanın dövlət kimi varlığını təhdid edən bəyanatı onu göstərir ki, Kreml Nazarbayev kimi tərəfdaşını əldən buraxmaq riskini gözə alıb. Belə hesab etmək olar ki, Kremlin Avrasi İttifaqı ilə bağlı “B” planı da mövcuddur. Heç şübhəsiz ki, Rusiyanın Qazaxıstanda yaşayan rus əhalinin nüfuzundan istifadə edib, etnik zəmində siyasi təxribatlar yaratmaq cəhdləri gündəmdə ola bilər. Əvvəki illərdə istifadə edilən bu təcrübə Ukrayna hadisələrində də özünü göstərdi. “Avrasiya İttifaqı reallaşacaqmı” sualına isə indiki siyasi şəraitdə birmənalı cavab vermək olmaz. Çünki hadisələrin gedişi hələ ki, Rusiyanın əleyhinə işləyir.

Ukraynadakı proseslər daha qanlı məcraya yönələrsə, çox güman ki, Belarus da Avrasiya İttifaqını ya tərk edəcək, ya da onun adıçəkilən təşkilatda üzvlüyü formal xarakter daşıyacaq. Çünki Belarus da Qazaxıstan kimi Ukrayna məsələsində Rusiyanı tam olaraq dəstəkləmir.   Belarussuz, Qazaxıstansız isə ən yaxşı halda Rusiya Qırğızıstan, Ermənistan kimi kasıb ölkələrlə yanaşı keçmiş sovet məkanındakı separatçı rejimləri (Dağlıq Qarabağdakı, Abxaziyadakı, Cənubi Osetiyadakı, Dnestryanıdakı separatçı qurumları)  “Avrasiya”ya cəlb edə bilər. Təşkilatın bu tərkibdə olması isə onun varlığı ilə yoxluğunu fərq etməyə imkan verməyəcək. Siyasi dilemma qarşısında qalan Rusiya üçün ən yaxşı variant elə Qazaxıstanla münasibətləri normal templə inkişaf etdirməkdir.

Aqşin KƏRİMOV   

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir