Modern.az

Silahlı Qüvvələrimiz bu il 77 hərbçi itirib

Silahlı Qüvvələrimiz bu il 77 hərbçi itirib

1 Sentyabr 2014, 10:00

“Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin rəsmi qurumların məlumatları və kütləvi informasiya vasitələri üzərində həyata keçirdiyi monitorinqin nəticələrinə əsasən, 2014-cü ilin geridə qalan dövründə Azərbaycan təhlükəsizlik və müdafiə sektorunun itkiləri 77 nəfər təşkil edib. Bu barədə Modern.az-a məlumat verən “Doktrina” JHAM direktoru Cəsur Sümərinli qeyd edib ki, ötən müddətdə 115 nəfər yaralanıb və ya xəsarət alıb. C.Sümərinlinin sözlərinə görə, müvafiq dövrdə dünyalarını dəyişənlərin 25-i döyüş (erməni gülləsi), 3-ü mina partlayışı, 49-u isə qeyri-döyüş itkiləridir. 
13 nəfər avtoqəzadan, 2 nəfər naməlum səbəbdən, 7 nəfər qeyri-nizamnamə (qanunazidd) hərəkətlərindən, 3 nəfər bədbəxt hadisədən (suda boğulma, elektrik cərəyanı), 9 nəfər xəstəlikdən dünyasını dəyişib. 15 nəfər intihar və ya ehtiyatsızlıq nəticəsində (asma, güllələmə, ehtiyatsızlıq) dünyasını dəyişib. Dünyasını dəyişənlərin 67-si Müdafiə Nazirliyinin, 4-ü Ədliyyə Nazirliyinin, 3-ü Daxili Qoşunların, 3-ü Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularıdır.

Yaralılara və xəsarət alanlara gəlincə (115 nəfər) C.Sümərinli bildirib ki, onların 23-ü qeyri-nizamnamə hadisələrindən (o cümlədən ehtiyatsızlıqdan) 8-i intihara cəhddən, 26-sı erməni gülləsindən, 10 nəfər mina partlayışından, 3 nəfər qumbara partlayışından, 2 nəfər təlimdə, 37 nəfər avtoqəza nəticəsində, 5 nəfər bədbəxt hadisədən (elektrik cərəyanı, yanıq) yaralanıblar.
1 nəfər zəhərlənib. 99 nəfər Müdafiə Nazirliyinin hərbi qulluqçusu, 7 nəfər Daxili Qoşunların, 7 nəfər Dövlət Sərhəd Xidmətinin, 1 nəfər Səfərbərlik və Hərbi idmətə Çağırış üzrə Dövlət Xidmətinin, 1 nəfərsə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin mühafizə alayının hərbi qulluqçusudur. Yaralıların və xəsarət alanların bir çoxu xidmət yerinə qayıdıblar.

Müvafiq dövrdə 1 nəfər hərbi çağırışçı avtomobil qəzasından dünyasını dəyişib. 
Ötən dövrdə Azərbaycanın 16 mülki vətəndaşı erməni tərəfinin gülləsindən yaralanıb, 2 nəfərsə dünyasını dəyişib. 
2 Azərbaycan mülki vətəndaşı Ermənistan tərəfindən girov götürülüb.
Eyni zamanda Ermənistanın 4 mülki vətəndaşı Azərbaycan tərəfə əsir düşüb. Bundan başqa, bir Ermənistan vətəndaşı (Müdafiə Nazirliyinin məlumatına görə Ermənistan təxribat dəstəsinin üzvü) Azərbaycan tərəfindən əsir götürülüb, bir müddət sonra onun öldüyü xəbəri yayılıb.

Modern.az 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir