Modern.az

Azərbaycanla Avropa Birliyinin viza rejimin sadələşdirilməsinə dair sazişi qüvvəyə mindi

Azərbaycanla Avropa Birliyinin viza rejimin sadələşdirilməsinə dair sazişi qüvvəyə mindi

1 Sentyabr 2014, 12:58


Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında viza rejiminin sadələşdirilməsi haqqında saziş sentyabrın 1-dən qüvvəyə minib.  Bu barədə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyindən Modern.az saytına bildirilib. Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında viza rejiminin sadələşdirilməsi və readmissiya haqqında danışıqların 4 rəsmi mərhələsi 2012-ci il fevralın 7-dən 2013-cü il iyulun 5-dək Bakıda və Brüsseldə keçirilib.

2013-cü il noyabrın 29-da Vilnüsdə keçirilən Avropa İttifaqının sammiti çərçivəsində Azərbaycan və Aİ arasında viza rejiminin sadələşdirilməsi haqqında saziş imzalanıb. Fevralın 28-də isə Azərbaycan Avropa İttifaqı ilə readmissiya haqqında saziş imzalayıb.

Bir müddət əvvəl tərəflər bir-birilərini sazişin reallaşdırılması üzrə daxili prosedurların başa çatması barədə məlumatlandırıblar.

Məlumatda deyilir ki, Böyük Britaniya, İrlandiya və Danimarka müqaviləyə aid deyillər. Yeni qaydalar qüvvəyə mindikdə vizaların verilməsi haqqında qərar 10 gün ərzində, təcili hallarda isə iki gün və daha az müddətdə qəbul ediləcək. Ərizə Azərbaycan vətəndaşlarına 35 avroya başa gələcək, lazımi sənədlərin siyahısı isə əhalinin bəzi kateqoriyaları, o cümlədən yaxın qohumlar, rəsmi nümayəndə heyətlərinin üzvləri, tələbələr, müəllimlər, iş adamları, alimlər və jurnalistlər üçün qısaldılacaq. Readmissiya və viza rejiminin sadələşdirilməsi haqqında sazişlərin imzalanması Aİ-nin "Şərq tərəfdaşlığı" proqramında nəzərdə tutulub.

Saziş Azərbaycan vətəndaşları, xüsusilə daha çox səyahət edənlər üçün Avropa İttifaqı ölkələrinin əksəriyyətinin ərazisinə sərbəst daxil olmağa və çıxmağa icazə verən qısamüddətli vizaların daha asan və daha ucuz alınmasına imkan verir. Qısamüddətli viza 180 gün ərzində ən çox 90 gün Avropa İttifaqı ölkələrində olmağa icazə verən vizadır. Sazişə uyğun olaraq, viza yığımları 60-dan 35 avroya qədər azaldılacaq və bəzi kateqoriyadan olan vətəndaşlar yığımlardan tamamilə azad ediləcək.

Tez-tez və müəyyən şərtlərlə səfər edən insanların bəzi kateqoriyaları üçün Avropa İttifaqının üzvü olan dövlətlər bir ildən beş ilə qədər çox dəfəlik vizalar verəcəklər. Diplomatik pasportların sahibləri vizanın alınması öhdəliyindən azad olunurlar. Saziş həmçinin nəzərdə tutur ki, vizanın işlənməsi üçün ərizə verənlərin müəyyən kateqoriyalarından, həmçinin rəsmi nümayəndə heyətlərinin üzvləri, 12-i yaşa qədər uşaqlardan, pensionerlərdən, alim və tələbələrdən rüsum yığılmayacaq.

Readmissiya haqqında saziş Aİ ölkələri və Azərbaycan hakimiyyətləri üçün dəqiq öhdəlikləri və prosedurları müəyyən edir.

O, tərəflərin ərazisində qanunsuz olan adamları nə zaman və necə toplamağı tənzimləyir. Onlar təkcə hər iki tərəfin ərazidə qanunsuz olan vətəndaşlarına deyil, həm də müəyyən tərəflə (məsələn, viza və ya yaşamaq üçün sənəd) dəqiq əlaqəyə malik olan üçüncü ölkələrin vətəndaşlarına və qeyri-leqal vəziyyətdə olan vətəndaşlığı olmayan şəxslərə aiddir. Readmissiya haqqında sazişin tətbiqi zamanı İnsan Hüquqları üzrə Avropa Konvensiyasında nəzərdə tutulduğu kimi, insan haqlarına hörmət edilməsinə tam zəmanət verilir.

Modern.az
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir