Modern.az

5 yaşlı Modern.az-da redaktor-müxbir “QARŞIDURMASI”

5 yaşlı Modern.az-da redaktor-müxbir “QARŞIDURMASI”

1 Sentyabr 2014, 16:37

Bu gün Azərbaycan informasiya məkanında özünü təsdiq edən və ciddi xəbər portalı imicini yaradan Modern. az saytının 5 yaşı tamam olur. Bu illər ərzində portal təcrübəli redaktorlarla gənc jurnalistlərin birgə əməkdaşlığına hər zaman üstünlük verib ki, burada da qazanan ikincilər olub.  
Bu ənənə 5 yaşı tamam olan saytda hazırda da davam edir. Xəbərçilik prinsiplərini, yazının strukturlarını sıfırdan öyrənən əməkdaşlar çox keçmədən bu için bilicilərinə çevrilir. 5 yaşı tamam olması münasibətilə redaktor və müxbirlər arasında sorğu keçirdik. Qarşılıqlı səmimiyyətin və kollektivdəki demokratik ab - havanın göstəricisi olan bu sorğuda müxbirlər redaktorların, redaktorlar isə müxbirlərin razı və narazı qaldıqları tərəflərini, xüsusiyyətlərini göstərməyə çalışıb:


Başlayaq elə, baş redaktor Elşad Eyvazlıdan. Media məkanına Modern.az-ı bağışlayan baş redaktor kollektivi bu cür xarakterizə edir:

- Baş redaktor müavini Əfqan Qafarlı hər şeydən narazıdır. Bəzən adama salamı da narazı-narazı verir. Bütün bunları onun gördüyü iş görünməz edir. Modern.az-ın bu səviyyəyə gəlməsində Əfqanın əməyi əvəzsizdir.

Redaktorlardan Azər  Hüseynbala  müasir dövrlə ayaqlaşmağa çalışır. Hələ də başqa şeylər düşünür.

Əziz Rzazadə isə  özünü çox əziyyətə salan deyil. İmkan olanda hər şeyi yola verir.

Xaqani Səfəroğlu dostluğumuzdan sui - istifadə edib daha çox şəxsi işləri ilə məşğul olur.

Baş redaktorun gənc jurnalistlər haqqında dedikləri də doqquzdan dəyib:

Aqşin Kərimov özünə və işinə çox məsuliyyətlə və ciddi yanaşan dostumuzdur. Onun fikirləri ilə razılaşmasan, vay sənin halına.

Elmin Nurinin  filosofluğu olmasa, heç bir eybi olmaz. Sayt üçün bütün gücünü sərf edir.

Vüqar İsmayılovun  savadı ilə çalışqanlığı tərs mütənasibdir. Kosmopolitliyini bir az qısalda bilmişik.

Pərvin Arzuqızı redaksiyanın ən universal əməkdaşıdır. Lazım gələndə admin olur, lazım gələndə müxbir, lazım gələndə texniki işləri həll edir.

Namidə Bingöl  prinsipialdır, hətta həyat yoldaşı Aqşinin ondan yaxşı yazmasını qəbul edə bilmir.

Ulduz İbrahimovanın əlacı olsa günün 24 saatını telefonda “yatar”.

Gülşən Raufqızı  hələ də qaçır. Verilən hər bir mövzunu anında işləyir. Amma qaça-qaça.

Məltəm Talıbzadəni təcrübə müddətindən tanlısaq da, artıq yavaş-yavaş özünün təcrübəçi olduğunu unudur. 

Rufanə Günəş  ən gənc əməkdaşlarımızdandır. Amma özünü gənc kimi göstərmək istəmir.

Misranə Həsənzadədən  bu gedişlə  jurnalist olmayacaq. Savad, jurnalist duyumu – hamısı yerindədir. Amma həddən çox utancaqdır. Redaksiyamızın ən mərd əməkdaşıdır.


Baş redaktor müavini Əfqan Qafarlının təbii ki, deməyə sözü çoxdur. Saytın 5 illik tarixçəsi, soyuq otaqlarda xəbər yazmaq, istidə yazı hazırlamaq və s. hamısı onun gözləri qarşısından gəlib keçib:

- Böyük əmək və əziyyət hesabına, məhdud maliyyə resursu ilə yaşatdığımız Modern.az xəbər saytını 5 yaşına çatdırdıq. 2009-cu il sentyabrın 1-dən indiyə kimi keçdiyimiz 5 illik kələ-kötür yolda bizimlə birgə addımlamış və hazırda da yoldaşlıq edən bütün həmkarlarıma təşəkkür edir, həm iş, həm də şəxsi məsələlərdə böyük uğurlar arzulayıram.
Mini-yubileyimizlə bağlı bizi təbrik edən hər bir oxucumuza da diqqət göstərdiklərinə görə ayrı-ayrılıqda minnətdarlıq edirəm.

Özümüzü tərifləmək istəmirəm, məncə biz qeyri-adi iş görmürük, gündəlik xəbər istehsalı ilə məşğul olmaqla Azərbaycan oxucusuna doğru, qərəzsiz, etibarlı və obyektiv informasiya çatdırmağa çalışırıq ki, normalda da jurnalistika belə fəaliyyət göstərməlidir. Döşümüzə döyüb, “ölkənin ən öndə gedən xəbər portalı bizik” deyə bilmərəm, bu, təvazökarlıqdan çox uzaq olar, çatışmazlıqlarımız çoxdur, amma etibarlı sayt kimi ilk “10-luq”da yer aldığımız əminliklə söyləyə bilərəm. Onu da qeyd edə bilərəm ki, hazırda ölkənin ən aparıcı KİV-ləri bizə rəqib kimi baxırlar...  

5 illik fəaliyyətimiz dövründə xeyli həmkarlarımızla iş birliyimiz olub, onlar arasında bizimlə əməkdaşlığı davam etdirənlər də var, sağollaşanlar da çoxdur. Bu gün redaksiya əməkdaşları məndən xahiş etdilər ki, 5 il boyu birgə çalışdığımız işçilərimizi - jurnalist dostları qısaca da olsa maraqlı və məzəli  ifadələrlə, amma həm də olduğu kimi xarakterizə edim. Çox çətin xahişdir, bilsəydim, dünən – daha sərbəst vaxtın olduğu bazar günü buna hazırlaşardım. Bu gün işin-gücün qaynar çağında, iki daşın arasında hamı haqqında tez-tələsik bir neçə cümlə yazmaq, həm də elə yazmaq ki, kiminsə xətrinə dəyməsin - asan məsələ deyil. Bunun üçün ötən 5 ildə gəlmiş-getmiş, indi də birgə çalıdığımız həmkarlarımızın hər birinin işini göz önünə gətirmək, onun rolunu, oturuşunu-duruşunu ölçülü-biçili ifadə etmək, keçən günləri yada salmaq, yaşanan olayları maraqlı ifadələrlə təsvir etmək bir neçə saat aparar. Hələ “onlayn” rejimdə işləyən və xəbər məkanını izləməyə çalışan, beynində yüz cür informasiyanı “ələyən” saytın redaktoruna lap çətindir.
Tələsik yazacağım xarakteristikayla bu yubiley yaşında kiminsə xətrinə dəyə bilərəm, bunu isə heç istəmirəm. Çünki bir dəfə - ötən ilki yaşımızdakı müsahibəmizdə bir əməkdaşımız haqqında danışdığım gerçək maraqlı hadisə onun bərk küsməsiylə nəticələndi... və həddindən artıq ürəyiyumşaq olan mən hələ də təəssüflənirəm.

Ancaq adlar çəkmək istəyirəm. Çox çətin şəraitdə, balaca bir darısqal otaqda Elşad Eyvazlı, mən, Günay Musayeva, Rövşən Nəcəfovla işə başladıq. Az sonra “525-ci qəzet”dən Kəmalə Aloyeva, Aqil Lətifov, Bəxtiyar Məmmədli, Cavid Zeynallı da bizə köməyə gəldilər... və sonuncular bir neçə ay sonra halallıqla getdilər.
Sonra Mail Ağaxanov, Təhminə Paşayeva, ardınca Aytən Əliyeva gəldi, bu dürüst uşaqlarla uzun müddət birgə çalışdıq. Yollar yenidən haçalandı... Günay Musayeva “Yeni Müsavat”a, Təhminə Tiflisə oxumağa, Rövşən Nəcəfov da QHT sahəsinə getdi. Mail Ağaxanov hazırda “Binəqədi” qəzetində çalışır.
 
“525-ci qəzet”in baş redaktoru Rəşad Məcidin bizə verdiyi o darılsqal otaqda xeyli əməkdaşlarımız oldu, “Jurnalistika” oxuyan, ali təhsili yenicə bitirən, iş təcrübəsi olmayan gənclər elə bir ucdan gəlib-gedirdilər. Bəzisi bir həftə sonra “onlayn” iş rejiminə uyğunlaşa bilməyərək sağollaşırdı, kimi də aldığı mövzunu götürüb elə o gedən yoxa çıxırdı. Yadımdadır ki, adını unutduğum bir xanımın ilk iş günündə hazırladığı reportajı 90 dərəcədə dəyişdirdim. Bu da onun xətrinə dəydi və “müəllim, mən buna görə jurnalistikadan həmişəlik gedirəm” deməklə yazısını normal hala saldığıma görə məni günahkar çıxartdı...
Sonra təzə işçilər gəldi - Anar Rüstəmov, Anar Kəlbiyev, Sevinc İltifatqızı, tanınmış jurnalistlər Xaqani Səfəroğlu, Azər Hüseynbala...
İş axtaranların bəziləri redaksiyamıza gəlib, şəraitimizə baxaraq qorxub qaçırdılar. Kənardan baxanlara elə gəlirdi ki, Modern.az-ın redaksiyasında komfort şərait qurulub, biz də yumşaq kreslolarda yayxanıb pürrəngi çay içməklə xəbər hazırlayırıq... Amma yayı kondisioneri olmayan havasız, qışı “plitka” taxanda işıqları sönən birotaqlı redaksiyada çalışırdıq.

Saytın rəhbəri Elşad Eyvazlı Modern.az-ı yaşatmaq üçün çox əziyyət çəkdi...

Çox çətinliklə yeni redaksiyaya köçdük... Təzə işçilərimiz gəldi... Tanınmış jurnalist Əziz Rzabəyli, gənclər Könül Səid, Şahanə Rəhimova, Nihadə Eyyubova, Gültəkin Quliyeva, Pərvin Arzuqızı, Elçin Murad, Ulduz İbrahimova... Ardınca Elmin Nuri, Aqşin Kərimov, Namidə Bingöl, İntiqam Valehoğlu, Vüqar İsmayılov...

Deməliyəm ki, fəaliyyət göstərdiyi müddət ərzində Modern.az saytı yeni işə başlayan gənc jurnalistlər üçün bir məktəb olub. Gənclər gəlir, 4-5 ay çalşır, babat yazmağa başlayandan sonra daha sərfəli yerə gedirdilər... Bu da təbii idi. Bu gün əksər qəzet, sayt, hətta televiziyalarda Modern.az-dan başlayan xeyli jurnalist çalışır.
 
Modern.az yoluna davam edərkən gedənlərin əvəzinə Gülşən Raufqızı, Misranə Həsənzadə, Rüfanə Günəş, Məltəm Talıbzadə gəldi... 
Kənar müəlliflər - publisist yazılarıyla özünəməxsus oxucu auditoriyası qazanmış Mahir Qabiloğlu, özü demişkən, hərdən Kreml məmurlarını qəbirdən “çıxarıb” Modern.az-a “qonaq” gətirən İlham Cəmiloğlunu da yaddan çıxarmaq olmaz. Bizimlə kənar müəlliflər olaraq əməkaşlıq etmiş tanınmış qələm sahibləri Qızılgül Abdinova, Ramilə Qurbanlı, Seymur Verdizadə, Aqil Camal, Aqil Aslana da böyük təşükkürlər düşür.

Tələm-tələsik, iki daşın arasında yazdığım bu yazıda adını unutduğum həmkarlarım üzrlü saysın. Onlara redaksiya adından minnətdarlıq edirəm.

Əməkdaşlarımızı ayrı-ayrılıqda xarakterizə edən yazıya gəldikdə, söz verirəm, bunu gələn yaşımızda yazacam. İndilikdə sadəcə onu demək istəyirəm ki, hamının xətasını ayrı-ayrılıqda qeyd edirəm ki, yaddan çıxmasın. Yeri gəlmişkən, xətalardan söz düşüb, ümumi olaraq xahiş edirəm, redaktorlara yazığınız gəlsin, hər dəfə bir cümlədə eyni sözün iki-üç dəfə yazıldığını görəndə, dünənki səhv ifadəni bu gün yenidən təkrarlayanda başımıza qaynar qazan aşırırsınız. Lütfən hər dəfə “diaspor” sözünü “diaspora”, nazirlərin vəzifələrini böyük hərflə yazmayın, adamın qan təziyi qalxıb-düşür.
Bu gün yolumuza çox da böyük olmayan kollektivlə davam edirik... Bu yolda Modern.az-a, onun hər bir əməkdaşına yaradıcılıq uğurları, yaxşı güzəran arzulayıram. 5 yaşımız mübarək!



Redaktor Əziz Rzazadənin  müxbirlərdən şikayətçi olduğunu təbii ki, bu sorğudan da əvvəl bilirik. Amma nəsə əlavə bir söz qopartmaq istədik. Əziz müəllim əvvəl yaxşı gəlsə də sonra birdən dayandı:

- Hər gün işə gəlirsən, kompüteri yandırırsan, monitora baxıb qovluğa atılan yazıları bir-bir redaktə eləyirsən. İşimizin adı budur, neyləmək olar. Lap şahmatçı kimi, onlayn mediaçı da seytnotla işləyir. Tələs, haydı birdən hansısa sayt səndən qabağa düşər.

Bu qovhaqovda ən zəhləm gedən şey müxbirin daxili telefonla zəng edib “Sizə yazı atmışam, zəhmət olmasa onu oxuyun” deməsidir. Bundan da betəri redaktorların otağına gəlib eyni cümləni təkrarlamasıdır. Sanki biz, redaktorlar yazı oxumaq yerinə at nallamaqla məşğuluq.

Düzünə qalanda redaktor işi elə nalbəndlik kimi bir şeydir. Müxbirin dırnağı yeyilmiş xəbərinə redaktor əlavəsi... Hər yazıya ilk səthi baxışdan müəllifin kimliyini bilirsən. Səhifənin sonuna enməyə ehtiyac yoxdur. Eyni səhv hər dəfə təkrarlanır.

Vay o gündən ki müxbir parabeyin, ya fırıldaqçı kimi tanıdığın birindən müsahibə ala. Başımdan tüstü çıxır! Ya da illərlə vəzifəsi dəyişməyən adamın statusunu səhv sala...

Tutalım, Kulinariya Mərkəzinin direktoru Tahir Əmiraslanovdan soruşa ki...

Yox, burda dayansam yaxşıdır...

Sizin hamınızı 5 yaşa görə bağışlayıram...


Əziz müəllimin tənqidindən sonra qocaman jurnalistlərdən olan ancaq ən azından məndən və Vüqar İsmayılovdan 10 dəfə  cavan olan Azər Hüseynbalaya keçid alırıq:

-Gənc dostlarımın hamısını təbrik edir və onlara uğurlar arzu edirəm. Narazı qaldığım konkret adam isə Vüqar İsmayılovdur. Həddindən artıq tənbəldir. Adam bir dəfə də vaxtında gələr də! Elmin Nuri də hərdən özünü yaxşı aparmır. Tez-tez narazılığını bildirir. Qızlar çayı vaxtında dəmləsələr, onlardan heç bir narazılığım olmaz.


Gənc jurnalistlərin sevimli redaktoru Xaqani Səfəroğlu da dəstədən geri qalmayıb “molodoy”lar barədə danışdı:

- Müxbirlərimizə can sağlığı və yaradıcılıq uğurları arzulayıram. Modern. az gənclərlə işləməyə üstünlük verən saytdır. Gənclik isə həmişə maksimalist olur...  İnternet media gənclik qədər sürətli yaşam tələb edir. Əməkdaşlarımıza daha çox çeviklik və həmişə məqsədə çatmaq üçün iddialı olmağı arzulayıram. Sayt kollektiv iş və komanda prinsipləri ilə işləməyi tələb edir. Ayrı-ayrı vaxtlarda narazı qaldığım və razı olduğum əməkdaşlar olub. Bu narazılığı onların özünə də demişəm.


Sıra gəldi müxbirlərə. Onlar da öz növbəsində redaktorların razı və narazı qaldıqları cəhətlərini çözməyə çalışdılar. Əsasən layihələrlə işləyən və saytda müsahibləri üstünlük təşkil edən Namidə Bingölün ümumilikdə kollektiv və redaktorlardan razı qalsa da, konkret narazı qaldığı detallar da var:

- Modern.az-da işlədiyim müddətdə maraqlı hadisələr çox olub. Redaktorlarımız Elşad Eyvazlı, Əfqan Qafarlı, Əziz Rzazadə, Azər Hüseynbala, Xaqani Səfəroğlu ilə iş prosesində yaddaqalan anlar yaşamışıq. Məsələn, Əziz müəllimin zarafatlarından olmaz. Ən gərgin vaxtımızda Əziz müəllimin mimikasına baxmaq kifayətdir. O dəqiqə ürəyimiz açılır. Azər müəllim də Şəki ləhcəsi ilə bir kəlmə nəsə desə, adamın ürəyinə yağ kimi yayılır. Xaqani müəllim isə daha çox həyəcanlı çıxışları ilə hamımız tərəfindən sevilir. Əfqan müəllimə gəlincə, təmkinliliyi ilə seçilir. Təbii ki, redaktorlarımızın bizdən narazı qaldığı məqamlar qarşılıqlıdır. Məsələn, Qəzənfər Paşayevdən müsahibə götürmüşəm. Müsahibədə tanınmış baş redaktorlardan birinin adı çəkilir. Amma, müsahibəni redaktə edən redaktorlarımızdan biri o hissəni çıxarır. Sonra da Qəzənfər müəllim deyir: “Qızım, o hissə də müsahibədə getsə idi yaxşı olardı”.
Milli Məclisin deputatlarından birindən götürdüyüm müsahibə də kiçik narahatlıq yaratdı. Müsahibə uzun olduğundan müəyyən hissələrin kəsilməsi fikirlərin balansını əməlli pozmuşdu. Millət vəkili də  iradını mənə belə bildirmişdi: “Qızım, müsahibədən bir çox fikirləri kim çıxarıb bilmirəm. Amma, yazının sonunda sizin imzanız gedir. Belə olmaz!”. Düzü, belə hallar da olur. Sonda onu da demək istəyirəm ki, biz redaktorlarımızı çox istəyirik. Elşad Eyvazlı, Əfqan Qafarlı, Əziz Rzazadə, Azər Hüseynbala, Xaqani Səfəroğlu nə yaxşı ki varsınız. Nə yaxşı ki,  sizləri tanıdım. Təbriklər hər birinizə!


Gülşən Raufqızı iş yoldaşı Namidə Bingöl kimi öz kollektivini çox sevsə də balansı qoruyaraq həm razı , həm də narazı qaldığı məqamları qeyd edir:

- Modern. az- ın redaksiyası mənə iş yerindən çox ikinci evim kimidir. Çünki haradan necə başlayacağım sualı ətrafında düşündüyüm zaman Elşad Eyvazlı heç bir iş təcrübəm olmamasına baxmayaraq mənə inandı və işə qəbul etdi. Təmkinli, başadüşən olması, əsl insani keyfiyyətləri özündə birləşdirməsi burada qalmamın ilkin səbəblərindəndir. Modern. az-da çalışdığım 10 ay ərzində jurnalistika adına bilmədiyim çox şeyləri öyrəndim. Əfqan Qafarlının səbri və böyük ürəyi jurnalistikanı mənə daha da əziz etdi. Redaktorumuz Əziz Rzazadənin “qayçı”sı hesabına nəyi, necə yazmaq lazım olduğunu anladım. Baxmayaraq ki, məni “Feysbuk”da dostluqdan çıxarıb. 
Azər Hüseynbala yadımda ən çox özünü yandıran biri olan kimi “reanimasiyada olsa da, mütləq şəklini çək” deməsilə qalıb. Üzünü az-az gördüyümüz Xaqani Səfəroğlunun “Kadrarxası” layihəsinə yenicə başladığım ərəfədə yazını qovluğunda  2 aya yaxın gözlətməsi məni çilədən çıxarmışdı. Bir də informasiyanın az olduğu günlərdən birində müxbirlərin otağına gələrək “siz insan deyilsiniz, siz jurnalistsiniz, yazı tapmaq lazımdır ” deməsi hamımızın gülüşünə səbəb olmuşdu. Ən əsas da zəlzələ baş verən gün redaksiyanı hamıdan birinci tərk etməsi günlərlə müzakirə mövzusuna çevrilmişdi.

Son olaraq Modern.az yarandığı gündən burada əməyi keçən hər kəsi təbrik edirəm. Bütün çətinlikləri ilə jurnalistikanı mənə sevdirən saytım, yubileyin mübarək!.


Saytın zəhmətkeş admini  olan Pərvin Arzuqızı əvvəlki kimi öz mövqeyində qalır. Yenə də sakit və səbirli cavablar narazılığa heç bir yer qoymur:

- Bu 5 il ərzində çox böyük uğurlar əldə edilib. Burda işlədiyim 3 il müddətində saytımızın digər saytlar arasında necə nüfuz sahibi olmasını gördüm. Hər zaman geniş oxucu kütləsi və özünəməxsusluğu ilə seçilən Modern.az əldə etdiyi uğurları heç də asanlıqla qazanmayıb. Bu bizlərə əziz olan redaktorlarımızın əməyi və onların zəhmətinin bəhrəsinin nəticəsidir. Elşad Eyvazlı sözün əsl mənasında insani keyfiyyətləri özündə birləşdirən biridir. Onu öncədən də tanısam belə, işlədiyim 3 il ərzində daha da yaxından tanıdım. Modern.az-ın doğurdan da MODERN.AZ kimi olaraq qalmasının mən də bu illər ərzində şahidi oldum. Əfqan Qafarlısız redaksiyanı təsəvvür etmirəm. Əfqan müəllimlə bağlı bir şeyi deyim ki, adminliyə başladığım müddətdə ən çox məni qorxudan bir şey vardı. Əfqan müəllim yazıları çox səliqəli yerləşdirir deyə, mən də hansısa bir səhvim etməmək üçün çox götür-qoy edirəm. Amma bir şey var ki, bəzən yazıları yerləşdirəndə vallah bilmirəm nədəndi onun dediyi kimi yerləşdirsəm də, şəkil olduğu kimi düşmür. Azər müəllimin ən maraqlı xüsusiyyəti onun Vüqarla yola getməməyidir. Bilmirəm nədəndi, ama hər zaman onun bütün yazdıqlarına irad tutur. Bu da əlbəttə ki, onun peşəkar jurnalist olmasından irəli gəlir. Əziz Rzazadə  hələ də çox cavandır. “Operativ olun” kəlməsi ilə bütün uşaqları operativliyə səsləyən Xaqani Səfəroğlunun sevdiyi bir şey var ki, hər zaman yazdığı xəbərlərin manşet olmasını istəyir. Bunu hər ikimizin adminlik dövründə daha çox hiss elədim. Hansısa bir xəbəri göndərməmişdən öncə “manşetdi ha” kəlməsini deməyini xatırlayıram. Modern.az mənim doğma saytım 5 illiyi deyil, inşallah 55 illiyini qeyd edək!


Layihələri bərabər işlədiyimiz Ulduz İbrahimova da sən demə,  redaktorumuz Əziz Rzazadədən uzun müddətdir ki, narazıdır. Səbəbini isə özü belə açıqlayır:

- Keçən 5 il ərzində redaktorlarımız haqqında tək biz yox, oxucular da müsbət fikirdə olub. Bəlkə də yeganə redaksiya bizim redaksiyadır ki, burada iş birliyi ilə bərabər, güclü dostluq əlaqələrimiz də var. Tək yaxşı gündə deyil, pis gündə də bir-birimizə dəstək olmuşuq. Artıq 3 ildir ki, Modern.az kollektivinin üzvlərindən biriyəm. Çox sevinirəm ki, bu 3 ilim hədər getməyib. Başda Elşad Eyvazlı, eləcə də Əfqan Qafarlı, Əziz Rzazadə, Azər müəllim olmaqla, saytımızın inkişafı üçün əllərindən gələni ediblər. Ona görə də Modern.az respublikanın öndə olan saytlarından biridir. Modern.az haqqında yəqin ki, mənfi fikir bildirmək qeyri-mümkündür. Hər şeydən razıyıq. Amma bir şeydən narazıyıq ki, Əziz Rzazadə 1 aydır ki, bizə kabab qonaqlığı söz verib. Ancaq biz hələ də o kababı yeyə bilməmişik. Deyir ki, fransız xalqı kef eləyir. Soruşuram, Əziz Rzazadə, əgər fransız xalqı kef  eləyirsə, niyə bizim qonaqlığı vermirsiniz?


Bir müddətdir ki, aramızda olmayan və bununla da Azərbaycan informasiya məkanında operativliyin  zəifləməsinə səbəb olan Aytən Əliyeva isə bir veteran kimi Modern.az-ın ilk qurulduğu dönəmi yada salır:

- 4 ildir Modern.az-da işləyirəm. İlk redaktorlarım Elşad Eyvazlı və Əfqan Qafarlı olub. Sonra Xaqani müəllim, Azər müəllim və Əziz müəllim. Deyim ki, əvvəllər Əfqan müəllimdən çox qorxurdum, zəhmli idi. Birinci iş yerimiz olduğu üçün yazılarda səhvimiz çox  olanda hirslənirdi, amma onların sayəsində çox şey öyrənmişəm. Əksər vaxt dolanmadığım Əziz müəllim olub. Nəsə deyəndə konkret cavab vermirdi. Yazılarımı çox kəsirdi. Nəsə xəbəri olmasa da, çox ona hirslənirdim. Amma redaktorlar arasında zarafatlaşa bildiyim tək insan o idi. Xaqani müəllim yaxşı mövzular verir. Amma ona redaktəyə verilən yazılar çox gözləməli olurdu. Buna görə mənim bir yazım da it-bata getdi. Müxbirlər Xaqani müəllimə yazı verəndə tez-tez yazılarına baxmalarını xahiş edirdilər. Yazı itəndə isə təzədən yazıb göndərirdilər. Uşaqlar dəli olurdu.


Gənc kadrlarımızdan olan Misranə Həsənzadə isə öz sakit xasiyyətliyini elə burdakı qeydində də göstərir. Deyəsən, bu qızı özündən çıxarmaq müşkül məsələdir:

- Təzə gəldiyim zaman Əfqan müəllimin mənə  rubrika  etibar etməsi və həmin yazıları çox incə redaktə etməsi xoşuma gəldi. Ümumiyyətlə, Modern.az-ın əsas yükünü o çiyinlərində daşıyır. Elşad müəllimin müxbir nəsə səhv iş tutanda o işin niyə səhv olduğunu ətraflı izah etməsi, özünün də yeri gələndə müxbirlik etməsi (məsələn, cəbhə bölgəsinə getməsi) xoşuma gəlir. Əziz müəllimdə  bəyəndiyim cəhət odur ki, onun qovluğuna  yazı atan kimi baxır, heç vaxt zəng vurub xəbər vermirsən. Əziz müəllimin zarafatları yorğun vaxtlarımda kefimi açıb. Azər müəllimin siyasi fikirləri mənə maraqlı olub. Xaqani müəllimin verdiyi maraqlı mövzular və optimist gəlişi, optimist salamlaşması yadımdadır. Qalan müsahiblə aramda narazılığa səbəb olan hansısa redaktə məqamlarında narazı qalmışam. Təbii ki, müsahib haqlıdırsa.


Sıralarımıza yeni qoşulan Məltəm Talıbzadə söhbətə kövrək notlarla başladığından narazı qaldığı məqamları da unutdu:

- Elşad Eyvazlı ilə ilk dəfə praktika vaxtı qarşılaşmışdım.  Onun  səmimi, humanist münasibəti  saytı  mənim üçün doğmalaşdırdı. Elşad müəllimi  daha yaxşı Yardımlı səfərində  “mafiya”  oyununda tanıdım. Bu  oyunda əslində insan olduğundan fərqli olur,  oyunun qaydası  belədir. Amma o, o qədər saf, təmiz və qərərsiz əsaslar gətirirdi ki,   bu mənim onun  haqqında  fikrimi daha da qətiləşdirdi.

Praktika müddəti bitdi və Əfqan müəllim əlində nəsə mənə yaxınlaşdı, “götür bunu” dedi. Baxdım qonorar. Mən isə, müəllim yox axı, mən praktikantam. Nə etdim ki? Məncə,  buna layiq deyiləm. O isə, “layiqsən. Götür, gülə-gülə xərclə”.  Və mən həmin gün gizlin  ağladım. Bu sevinc göz yaşları idi. İlk dəfə öz əməyimlə pul qazanmışdım... Əziz müəllim maraqlı və sirli insandır. Sanki oxuduğu kitablarla, araşdırdığı mövzularla yaşayır. Biz isə, onu maraqlı mövzuları ilə xatırlayırıq.

Azər müəllimi son 3 aydır tanıyıram. İçindəki həyat eşqi, operativlik , gənclərlə işləmə bacarığı insanı işinə daha da həvəsləndirir. Arzu edirəm ki,  modern.az bütün yaşlarında Azər müəllimi yenə belə gümrah, pozitiv görəcəyəm.

Daha böyük uğurlu, operativ, vicdanlı illərə...!


Ən gənc əməkdaşımız Rufanə Günəşin  də razı qaldığı məqamlar daha çoxdur. Fikir verməyin, yəqin işə təzə başladığındandır:

- Modern.az-da yeni işə başlamışam. Redaktorlarımız savadlı və mehriban insanlardır. Əziz müəllim bir redaktor kimi yazılarımızda çox kömək edir. Amma bəzən yazını çox kəsir. Azər müəllimin telefonu götürüb, bəli deyəndə üzümdə təbəssüm yaranır. Azər müəllimin qovluğuna  hər yazı atanda zəng edirik. Əfqan müəllimlə o qədər də ünsiyyətimiz olmadığı üçün xarakterinə çox bələd deyiləm. Məndə çox ciddi və işini sevən biri kimi təəssürat yaradıb. Sayt rəhbəri olmaq asan iş deyil. Özümüz onların yerində olsaydıq nə edərdik deyə bilmərəm. Amma son günlər iclaslarımız azalmışdı. Şükür ki, bu gün bərpa olundu.


Modern.az-ın qarışqa kimi çalışan əməkdaşlarından olan  Aqşin Kərimov isə qeydində peşəkarlığı ustalıqla qorumağa çalışdı:

- Redaktor-müxbir münasibətlərində anlaşılmazlıqlar həmişə olur. Deməzdim ki, bu anlaşılmazlıq narazılıqdır. Çünki bəzən bizim üçün həqiqət olan onlar üçün elə də əhəmiyyətli olmur, bəzən də onların yaxşı mövzu hesab etdiklərini biz müxbirlər məqsədəuyğun saymırıq. Çox zaman isə özüm də daxil olmaqla, tərəflərin müzakirələr nəticəsində ortaq məxrəcə gəldiyinin şahidi oluram. Amma təzadlar, ziddiyyətlər, hadisələrə, fərqli yanaşmalar həmişə mövcud olub və bundan sonra da belə davam edəcək. Redaktorlardan elə ciddi narazılığım yoxdur. Sadəcə, bir az yekə çıxmasın, iradlarım da var. Redaktorlarımız yazılara oxunaqlı, cəlbedici başlıq qoysunlar. Bir də yazıları diqqətlə oxusunlar ki, hərf səhvləri az olsun. Mən də müxbir kimi hərf səhvlərinə yol verirəm və bu işdə məsuliyyətim var. Ancaq yazı redaktorun əlinin altından keçirsə, məncə onu daha diqqətlə oxumalıdır. Bütün kollektivi 5 yaş münasibəti ilə təbrik edirəm!



Xəbər portalında əgər bir gün işə gecikməzsə adına qurban boyun alınan Vüqar İsmayılov isə çox maraqlı bir məqamdan narazıdır:

- Mən Modern.az saytında fasilələrlə 1 ilə yaxındır ki, çalışıram. Çox təcrübəli redaktor heyətimiz, çalışqan müxbirlərimiz var. Xəbərlərə çox seçici yanaşırıq, istənilən xəbər peşəkar redaktorlarımızın çoxillik təcrübə süzgəcindən keçməlidir. Bunun sayəsində dezinformasiyalar saytımızın xəbər lentində demək olar ki, yoxdur. Mənfi cəhət kimi redaktorların şou-biznes xəbərlərinə geniş yer verməmələrini qeyd etmək istərdim. Çünki bu tip xəbərlər daim oxucuların diqqət mərkəzində olur.


Sonda ən nəhayət bəndənizin də bir - iki qeydi var ki, onlara sırf yaradıcı müstəvidən yanaşılacağına və işdən qovulmayacağıma əmin olmaq istəyərdim:

- Modern. az xəbər portalı Azərbaycan mediasında jurnalistikanı öyrənmək üçün ən unikal  məkandır. Təcrübəli redaktor heyəti ilə çalışqan gənc jurnalistlərin sintezi uğurlu nəticələrə gətirib çıxarıb.  Baş redaktor Elşad Eyvazlı peşəkar bir jurnalist kimi saytın imicini çox ustalıqla formalaşdırıb. Saytda şou, erotika, qalmaqal, ucuz idman yazılarının olmaması, ciddiliyə meyl etmə məhz onun baxış bucağının məhsuludur. Saytın onurğa sütunu olan Əfqan Qafarlı haqqında da yalnız xoş sözlər demək olar. Ağsaqqal adlandırdığımız iki jurnalist - Əziz Rzazadə və Azər Hüseynbala haqqında qeydlərim ondan ibarətdir ki, bu insanlar çox təcrübəli və çox informasiyalıdırlar. Çağdaş Azərbaycanın siyasi tarixi onların gözləri qarşısından keçib. Amma Əziz müəllim tərəfindən bəzən yaradıcı zövqümü öldürən redaktələr də olub. Bu özünü həm müsahibə, həm də araşdırmalarda əks etdirib. Fərqli formatda təqdim etmək istədiyim yazı kəsilərək sayta yerləşdirilib. Öz yazı  manevrlərim redaktə zamanı itib, yox olub.  Amma bəzən bir cümlə və yaxud müsahibə verdiyim sual elə ustalıqla düzəldilib ki, öz-özümə fikirləşmişəm ki, nə yaxşı ki, bu cümlə mənim yazımdadır. Bir də narazı qaldığım məqam odur ki, bizim redaktorlar həqiqətən sanballı olan yazılarında öz imzalarını qoysunlar. Axı hər şey, 25-30 yaşında bitməyib?! Bu gün də gənc nəsil yazının altında Azər Hüseynbala, Əziz Rzazadə imzasını görməlidir. Onları daha da tanımalıdır. Özümdən çox narazıyam. Elşad Eyvazlı və Əfqan Qafarlının yerinə kim olsa idi məni çoxdan işdən xaric etmişdilər. Mən yaradıcı adam kimi bir mövzuya qapılanda ondan qopa bilmirəm. Bədii tryukların əsirinə çevrildiyim zaman saytda çox az məhsuldarlığım olub. Buna baxmayaraq hər zaman onlardan tənqid yerinə dəstək almışam. Modern.az-ı,  redaktor və jurnalist dostlarımı tanıdığım üçün özüm-özümlə fəxr edirəm.

Elmin Nuri

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!