Modern.az

Arvad... İlham pərisi... Hacıbalanın nur saçan işıqları

Arvad... İlham pərisi... Hacıbalanın nur saçan işıqları

2 Sentyabr 2014, 01:19

Arvad... İlham pərisi... Hacıbalanın nur saçan işıqları

MAHİR QABİLOĞLU - SEVİNC

- Sevinc, təzə yazı yazmışam. Gəl oxu.

- Day sənsən də... oxuyaram.

Notbukumu həyat yoldaşım Sevincə verirəm. Birinci gileylənməyə başlayır:

- Bu nədir? Hamıdan yazırsan – Tellidən, Kəmaləddindən, Leyladan. Bir dəfə də məndən yaz da...

- Yazaram.

- Nə vaxt?

- İlhamım gələndə.

- İlhamın nə vaxt gələcək?

- Bilmirəm.

Yaxşı, deyib ümidlənir. Yazımı oxumağa başlayır. Yazıda ailə həyatımızdan da fraqmentlər var.

- Mahir, - deyə məni səsləyir.- Bu nədir yazmısan – “arvadım Sevinc”.

- Bəs nə yazım?

- Yaz ki, həyat yoldaşım, ömrüm-günüm, uşaqlarımın anası. Belə daha yaxşı çıxır. Yoxsa ki, “arvad”.

- Yaxşı yazaram. Yazaram ki, nəvələrimin nənəsi.

- Yazma. Elə arvad yaxşıdır.

Acıq eləyir. Nənəliyin boynuna almır. Amma sonacan oxuyur. “Yaxşıdır”- deyə qiymətin də verir. Sevinirəm. Senzuradan keçdim deyərək. Notbuku əlindən alıb bir də oxuyuram. Qramatik səhvləri düzəldib sayta göndərirəm.

QABİL VƏ HACIBƏYİM

- Bəyim, ay Bəyim!

- Nədir?

- Gəl oxu. Şeiri qurtardım.

- Oxumuram. Səhərdən it kimi qapırsan məni.

- Neyləyim axı. Yazının şirin yerində gəlirsən ki, bəs “Qabil, çay dəmləmişəm, gəl iç. Sonra desən ki, soyuyub – təzədən dəmləyən deyiləm” deyirsən. Qovursan ilhamımı.

Anam əlində qələm oxuyur. Qramatik, daha doğrusu durğu işarələriylə bağlı buraxılan səhvləri gözdən keçirir. Birdən:

- Qabil, bu nədir yazmısan? Utan e. Yaşından utan. Ayıbdır e səninçün. Oxuyub güləcəklər sənə:

Onsuz da ömrümün xəzan çağıdır...
Xəzanın üstünə xəzan gətirmə!
Ürəyim mehə bənd gül yarpağıdır...
Onu qoparmağa tufan gətirmə!

- Bəyim, yenə də başladın?

-Kimə yazmısan bunları?

Sükut. Cavab sükut idi. İlhamı hardan almışdı Qabil? Buna sual yox idi. Sual yox idisə, cavab da verilmirdi. Bayırda hərbi senzura, evdə mənəvi senzura.

HÜSÜ HACIYEV 19

Hüsü Hacıyevdə binamızın qabağında daynmışam. Balkonlara, pəncərələrə baxıram. Bəzilərindən işıq gəlir. Bəziləri qaranlıqdır. Görəsən bu binada belə söhbətlər nə qədər olub? Bilmirəm.

Bina təmir olunub. İşıqlandırma sistemi quraşdırılıb. Bərq vurur. O vaxt isə belə deyildi. Yalnız küçə işıqlanırdı. Amma bina nura boyanmışdı. Ordan Qabilin ilhamı qanad çalırdı, bu yandan Bəxtiyar Vahabzadənin. O yandan İsa Hüseynov öz Allahı ilə danışırdı, bu yandan İlyas Əfəndiyev indi həsrətlə baxdığımız büllur sarayları uçurdurdu. Qasım Qasımzadə Qubadlıya uçurdu, Əhməd Cəmil “Can nənə, bir nağıl de” yazıb mürgüləyən oğlu Eldarın üstünü örtürdü. Əliağa Kürçaylı qapının şüşəsində qızı Ülkərin körpə əllərinin əksini görüb qabağına qaçaraq, qucağına götürüb, aparıb çarpayısına yatızdırıb yenidən ilhamıyla danışmağa gəlirdi. Salam Qədirzadə su pərisi Mariananı göz önündə canlandırıb kağıza köçürürdü. Bayram Bayramovun qonaqları isə

Cəlil Məmmədquluzadəylə Həmidə xanım Cavanşir idi. İsmayıl Şıxlı isə tərəddüd edirdi - Cahandar ağanı öldürsün, ya yox? . Abdulla Şaiqin tülküsü isə Həccə təzəcə yola düşürdü. Zeynal Xəlil, Mirmehdi Seyidzadə, İsi Məlikzadə də oyaq idi. Hamısı da yazısını ilk olaraq həyat yoldaşlarına oxuyurdu. Çünki ilham pəriləri məhz onlar idi. İlham Pəriləri bütün binamızı sarmışdı, Hüsü Hacıyev 19-a sarılmışdı. Küçə qaranlıq idi, binamız isə nura boyanmışdı. Mən isə o vaxt dərin yuxudaydım. Bunları başa düşmürdüm. Bu gün isə başa düşürəm. Çünki özümün ilham pərim var.

Binamızın qabağındayam. Hacıbala Abutalıbov buranı gözəl təmir edib. İşıqlandırma sistemi də qurub. Bina bərq vurur. Amma çifayda. Nə onlar var, nə də ki, onların ilham pəriləri.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər