Modern.az

Politoloq: “Ərdoğan Türkiyədə hakimi mütləqdir, Azərbaycan bu reallığı qəbul edəcək”

Politoloq: “Ərdoğan Türkiyədə hakimi mütləqdir, Azərbaycan bu reallığı qəbul edəcək”

2 Sentyabr 2014, 14:26


Türkiyədə seçkilər Rəcəb Tayyib Ərdoğanın prezidentliyi ilə başa çatsa da, hüquqi cəhətdən bütün məsələlərin prezidentin səlahiyyətlərinə daxil olduğu aydın görünür. Halbuki, Türkiyədə faktiki olaraq bir çox məsələlər baş nazirin səlahiyyətləri daxilindədir. Maraqlıdır, Ərdoğanın prezident kimi səlahiyyətlərini daha da genişləndirməsi Azərbaycan-Türkiyə münasibətlərinə necə təsir edəcək?

Politoloq Qabil Hüseynli Modern.az-a məsələni belə şərh edib: “Azərbaycan Türkiyədəki reallığı qəbul edəcək, həmin reallıqla barışacaq və Ərdoğanı artıq Türkiyədə prezident üsul-idarəsini həyata keçirən, yəni icra hakimiyyətini tamamilə prezidentin əlində cəmləyən prezident kimi qəbul edəcək və onunla danışıqlar aparacaq.  Türkiyədə siyasi sistem referendum yolu ilə dəyişməsə də, formal olaraq bu gün dəyişmiş kimi görünür. Prezident də icra hakimiyyətinin başında duran adam kimi görünür. Bəzən belə görünür ki, baş nazirin bəzi səlahiyyətlərini prezident icra edir. Bu baş nazirə məxsus konstitusiya səlahiyyətlərini prezidentin mənimsəməsi kimi də təsir bağışlayır”.  

Politoloqun sözlərinə görə, həbsxanadan çıxıb millət vəkili, sonra baş nazir olan hazırkı prezident Ərdoğan siyasi işləri özüməxsus şəkildə qurur:

“Türkiyədə keçirilən seçkilərin demokratik olmadığı hamı tərəfindən qeyd edilir. Əsas məsələ odur ki, ölkə hələ də Konstitusiyaya görə parlamentli respublika olaraq qalır. Parlamentdə Nazirlər Kabineti icra hakimiyyətinin üst qatıdır. Prezident isə ümumi səlahiyyətləri yerinə yetirir. Amma Ərdoğan işi elə qurub ki, Nazirlər Kabinetinə özünün itaətində duran şəxsi gətirib.  Adını da qoyurlar ki, baş nazirlə prezident “uyumlu” çalışırlar.

Uyumlu çalışmaq o deməkdir ki Ərdoğanın bir sözü iki olmur. Ərdoğanın Konstitusiyanı da dəyişmək fikri var. Bunu dəyişmək üçün parlament seçkiləri keçirilməlidir. Parlamentdə yerlərin ən azı yüksək hissəsinə malik olmalıdır ki, parlament Konstitusiyanın dəyişdirilməsi ilə bağlı referendum keçirilməsinə qərar verə bilsin. Xalqın səsini almaq isə çətin deyil. Ərdoğan Türkiyədə hakimi mütləqdir. AKP də onun sərəncamındadır. Halbuki, prezident partiyasız olmalıdır. Partiyalardan bərabər məsafədə dayanmalıdır. Biz isə fərqli situasiyanın şahidi oluruq”.    

Namidə BİNGÖL

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər