Modern.az

Hər kəs 100 illiyədək yaşamasa…

Hər kəs 100 illiyədək yaşamasa…

2 Sentyabr 2014, 16:01

BDU-nun təsis edilməsi haqda Azərbaycan Parlamentinin 1 sentyabr 1919-cu il tarixli iclasında Əqdnamənin –yəni qərarın qəbul edilməsi böyük tarixi hadisə idi. Təxminən iki illik gərgin müzakirələrdən sonra bu qərarın qəbul edilməsi ilə müsəlman Şərqində ilk dünyəvi ali məktəb yarandı. Lakin bu məsələyə sadəcə bir iclasın qəbul etdiyi növbəti  bir qərar kimi yanaşmaq lazım deyil. Bu, bir çox tarixi və   böyük hadisələrin qanunauyğun nəticəsi idi. İlk növbədə  XIX əsrin sonlarında yaranan Bakı burjuaziyasının vətənpərvər nümayəndələrinin qəbul etdiyi çox müdrik bir qərarı ilə bağlı idi. Bu qərarla Azərbaycan xalqının 100 nəfərədək istedadlı gənci Avropanın aparıcı Universitetlərinə təhsil almağa göndərildi. Həmin gənclər, yəni Fətəli xan Xoyski,Nəsib bəy Yusifbəyli,Əhməd bəy Pepinov,Camo bəy Hacınski,Əli Mərdan bəy Topçubaşov,Səməd bəy Mehmandarov, Əlimərdan bəy Topçubaşovvə başqaları ( bunların arasında bir Məmməd Əmin Rəsulzadə ali təhsil almamışdı) universitetlərdə yetkinləşərək tarixi məqam düşən kimi Azərbaycanda milli dövlət qurdular, bu dövlətin atributlarını, hüquqi əsaslarını yaratdılar. Yəni onların Universitet təhsili xalq üçün misli olmayan işlər görməyə əsas yaratdı. Digər tərəfdən onlar dövlət quran kimi  Universitetin xalqın həyatında nə dərəcədə böyük rolu olduğunu bildikləri üçün burada Universitet yaratmağı ali məqsəd kimi qarşılarına qoydular. Bu, əlbəttə çətin proses idi. Universitet üçün nə bina var idi, nə yazı lövhəsi, nə parta, nə kitablar, nə də müəllimlər... Ən təhlükəlisi isə onun yaranmasına mane olan qüvvələr idi. Bu qüvvələr kim idi? İlk növbədə xarici düşmənlər. Onlar Universitetin yaranmasını  Azərbaycanın böyük bir addımla qabağa sıçraması olduğunu dərk etdikləri üçün mane olmağa çalışırdılar. Gah Universiteti Yerevanda açmaq təklif edirdilər, gah bunun guya iqtisadi problemlər yaradacağını proqnozlaşdırırdılar, gah da xaricdə universitetlər ola-ola yeni universitet açmağı artıq iş hesab edərək canyanalıqla çıxışlar edirdilər. İkinci qüvvə daxildə olan konservatorlar idi. Onlar xristian müəllimlərin bizim gəncləri yoldan çıxaracaqlarından, onlara Avropa əqidəsi tərbiyə edəcəklərindən narahat idilər. Üçüncü, dördüncü qüvvələr də var idi, onlar da universitetin mahiyyətini başa düşmədən sadəcə mane olurdular.  Belə bir çətin vəziyyətdə, gənc dövlətin quruculuğu ilə məşğul olan vətənpərvər dövlət xadimləri  Universitetin yaranmasını zərurət hesab edərək, bu məsələdə israrlı idilər. Nəhayət, 1919-cu il sentyabrın 1-də bu yüz illərin arzusu gerçəkləşdi. Maraqlı odur ki, Azərbaycan Xalq Cümhuriyyəti dövründə bir çox vacib dövlət atributları, təşkilatlar, idarələr yaradıldı, ancaq 1920-ci il aprel hadisələrindən sonra şimaldan əsən küləklər bu yaradılmışların demək olar ki, hamısını məhv etdi, yalnız Bakı Dövlət Universiteti sönməyərək 95 ildir ki, bu xalqa xidmət edir. Məhz 1919-cu il sentyabrın 1-də Parlamentin həmin tarixi qərarından sonra tribunaya qalxan böyük rus alimi, sonralar BDU-nun ilk rektoru olmuş V.V. Razumovski gözləri yaşararaq demişdi: “Şərqlə Qərbin qovşağında bir məşəl yandı, bu – Bakı Dövlət Universitetidir.”

İkinci bir məqamı qeyd etmək istəyirəm: bu gün biz dünyanın 800-900 il yaşı olan universitetləri ilə elm-təhsil mübadiləsi edirik. Bizim cəmi 95 illik tariximiz ola-ola on dəfə bizdən yaşlı universitetləri ilə münasibətlərdən sıxılmırıq ki? Mən cavab verirəm-xeyr. Çünki, bizim xalqımızın elm tarixi çox qədimlərə gedib çıxır. Bizim 10-11-ci əsrlərdə dövlət tərəfindən təsis edilmiş universitetimiz olmasa da, hərəsi bir universitet olan Nizami, Nəsirəddin Tusi, Bəhmənyar, Nəsimi, Xətai kimi böyük şəxsiyyətlərimiz olub və bizim Universitet həmin bazanın üzərində qurulmuş bir elm mərkəzidir.

Cəmiyyət daim inkişaf edən canlı orqanizmdir. Dünənki yüksək dəyərlər bu gün adi bir hadisəyə çevrilə bilir. Böyük şairimiz Bəxtiyar Vahabzadə demişkən, “axı dünya fırlanır...” Cəmi 100 il bundan əvvəl olimpiya rekordu olan bir hündürlük həddi bu gün orta məktəb şagirdləri üçün normativdir. XX əsrin əvvəllərində Yeni Zellandiya ilə böyük dünyanı birləşdirmək üçün rabitə xətləri çəkməyə milyard dollarlarla sərmayə qoydular, bir az sonra sputniklər kəşf olundu və həmin kabellər okeanın altında heç kəsə lazım olmayan əşya kimi qaldı. Yəni demək istəyirəm ki, hər şey dəyişir, inkişaf edir, dəyərlər, baxışlar, meyarlar yenilənir. O cümlədən Universitetlər də. Əgər 95 il bundan əvvəl Universitet əsasən, xalqı maarifləndirmək üçün yaradılmışdısa, bir az sonra xalqın ziyalı təbəqəsini formalaşdırmağa başladı, alimlər yetirdi, milli-mənəvi dəyərlər, vətənpərvərlik məktəbinə çevrildi, çətin məqamlarda dövlətçiliyin qorunmasında  sosial  baza oldu. Əgər bir zamanlar universitetə yalnız təhsil mərkəzi kimi baxılırdısa, son  50 ildə onun mahiyyətinə həm də elm mərkəzi olmaq missiyası düşdü. Bu gün universitetimiz həm də iqtisadi səmərə verən bir quruma çevrilmək əzmindədir. Dünya universitetləri ilə ayaqlaşmaq üçün bizim də texnoparklar, mühəndis evləri yaratmaq ideyalarımız var. Məsələn, ABŞ-ın Texas Universitetinin Fizika fakültəsinin illik gəliri 15 milyard dollardır. Təsəvvür edirsinizmi, bir universitetin bir fakültəsinin gəliri Ermənistan kimi ölkənin büdcəsindən 3-4 dəfə artıqdır. Bu, yalnız nəzəri biliklərin istehsalata tətbiqi, tələbə gənclərin istedad və bacarıqlarının texnoparklara yönəldilməsi hesabına əldə edilir. Biz tələbələrimizin auditoriyalarda smartfonlardan, aypadlardan, telefonlardan istifadə etməməsi üçün inzibati yollar axtarırıq, onlar isə bu potensialı iqtisadi səmərə əldə etməyə yönəldiblər. Onsuz da, gənc öz İKT maraqlarını hansı formadasa ödəməlidir, bunu özünün də, universitetin də maraqlarına yönəltmək müasir tələblər sırasındadır. Bu gün dünyada belə bir aforizm var: “Amerika universitetləri ona görə nüfuzlu deyil ki, onlar qüdrətli dövlətin universitetləridir, Amerika ona görə nüfuzludur ki, onun qüdrətli universitetləri var”. Bu deyim təsadüfi söz deyil. Həqiqətən, hansı ölkədə ki, elmin istehsalata tətbiqi düzgün qurulmuşdur, yəni universitetlərdə olan potensialdan səmərəli istifadə olunur,  o ölkələrin universitetləri dünya reytinq cədvəlində öncül yerlərdədir və həmin ölkə güclü iqtisadiyyata malikdir. Bu gün Azərbaycanda da möhtərəm prezidentimiz cənab İlham Əliyevin çağırışı ilə “İqtisadi potensialı intellekt kapitalına çevirmək” istiqamətində köklü islahatlar aparılır. Biz inanırıq ki, BDU-nun 100 illik yubileyi ərəfəsində bizim texnoparklarımız, yataqxanalarımız  istifadəyə veriləcək və biz dünya reytinq cədvəlində BDU-nun adını daha yüksək yerlərdə görəcəyik.

Beləcə, böyük ümid və məqsədlərlə BDU-nun 100 illik yubileyində görüşənədək...

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir