Modern.az

Saakaşvili Yunanıstanda saxlanılıb

 Saakaşvili Yunanıstanda saxlanılıb

2 Sentyabr 2014, 23:55

 

Gürcüstanın baş prokurorluğu keçmiş prezident Mixail Saakaşvilinin Yunanıstan polisi tərəfindən saxlanılması ilə bağlı məlumat yayıb.

Modern.az saytı “İnterfaks” a istinadən xəbər verir ki, Baş Prokurorluğun hüquqi təminat şöbəsinin müdiri İrakli Çilinqaraşvili  Samos adasında polisin Mixail Saakaşvilinin olduğu yaxtanı saxladığını bildirib.

Onun sözlərinə görə hadisə 1 sentyabrda olub.  

Baş Prokurorluq nümayəndəsi söyləyib ki, Mixail Saakaşvili Yunanıstan sərhədini keçməyə cəhd edib.  

“Bizə onun saxlanılması barədə məlumat daxil oldu. Yunan tərəfi bizdən onun İnterpol vasitəsi ilə axtarışda olduğunu təsdiq etməyi istədi. Biz də uyğun olan sübutu göndərdik. Lakin Saakaşvili barəsində “qırmızı bildiriş” rəsmi şəkildə dərc edilmədiyindən yunan polisi onu bir neçə saat saxladıqdan sonra sərbəst buraxıb”.

Qeyd edək ki, Tiflis şəhər məhkəməsi Saakaşvili barəsində ona qarşı irəli sürülən ittihamlar əsasında qiyabi hökm çıxarıb.  

Saakaşvili prezident olduğu müddətdə vəzifə səlahiyyətlərini aşmaqda və dövlət vəsaitini mənimsəməkdə günahlandırılır.

Modern.az   


Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır