Modern.az

“O məni, Anarı və Fikrət Qocanı güllələməklə hədələyib“ – AYB-də QALMAQAL

“O məni, Anarı və Fikrət Qocanı güllələməklə hədələyib“ – AYB-də QALMAQAL

Ədəbi̇yyat

3 Sentyabr 2014, 17:17

Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın müşaviri Rauf Aslanov qurumun üzvi Ramiq Muxtarı məhkəməyə verib. Buna səbəb Birlik üzvi olan yazıçının son mənzil paylaşımında fərdi mənzil ala bilməməsi ucbatından Yazıçılar Birliyi rəhbərliyi, o cümlədən Rauf Aslanovu şərləməsidir.

Modern.az-a açıqlamasında sədrin müşaviri Rauf Aslanov münaqişənin nədən qaynaqladığını belə izah edib: “2007-ci ildə AYB-nin mənzil növbəsində 49 adam var idi. Növbəyə yazılış dayandırılandan sonra bir nəfər də növbəyə qəbul edilmədi. Azərbaycan Yazıçılar Birliyi ilə “Abidə” şirkəti arasındakı razılaşmaya əsasən, tikinti şirkətinin inşa etdiyi binanın 10 faizi, yəni 9 mənzil  Yazıçılar Birliyinə ayrıldı. Bu, Anar Rzayevin şəxsi layihəsi idi.

O, mənzillərin  növbədə dayananlar arasında paylanmasını təklif etdi. Beləliklə, 9 mənzil 34 nəfər arasında bölündü. Ramiq Muxtar növbədə duranların arasında 12-ci yerdə idi. O etiraz etdi ki, xeyr, bir mənzili tam olaraq almalıyam. Halbuki Yazıçılar Birliyinə verilən mənzillər 105 kvadrat metr sahəsi olan 2 ortaqlılar di. Ramiq Muxtar iki mənzil tələb edirdi. Deyirdi ki, mən 4 otaqlıya növbəyə durmuşam, ailəm böyükdür. Ona dedik ki, əgər sən bütöv mənzil almaq istəyirsənsə, onda ərizə yaz və dörddə birdən imtina et, növbəti mənzili gözlə. Çünki siyahıda 12-ci yerdə olduğun üçün sənə ayrıca mənzil əslində çatmayacaqdı. Dedi ki, yox, dünya dağıla mən bu dəfə ev almalıyam. O da müəyyən instansiyalara müraciət elədi. Gəlib mənzil məsələləri üzrə müəyyən sənədləri araşdırdılar və gördülər ki, hər şey qaydasındadır. Bundan sonra Ramiq Muxtar Yazıçılar Birliyini şərləməyə başladı”.  

R. Aslanovun sözlərinə görə, R. Muxtar “Mizrab” adlı jurnal təsis edib və həmin nəşrdə Yazıçılar Birliyi rəhbərliyi haqqında şər və böhtan dolu yazılar dərc etdirib. “Anar müəllimə dedilər ki, onun adını Birliyin üzviliyindən çıxaraq. Lakin AYB sədri bir daha humanistlik göstərərək dedi ki, səbrli olun! Qoy o, öz pisliyini etsin, biz də yaxşılığımızı edək. Jurnalın birinci nömrəsi çıxandan sonra Ramiq Muxtar öz nümayəndəsini Birliyə göndərib dedi ki, ya mənim məsələlərimi həll edin, ya da mən jurnalı bütün Azərbaycana yayacağam. Biz də jurnalla bağlı Mətbuat Şurasına müraciət etdik. Şurada da ona xəbərdarlıq edildi. Bundan sonra Anar müəllimə müraciət etdim ki, onun barəsində məhkəməyə müraciət etməliyəm. Çünki bu şər-böhtanın axırı olmalı idi. Bəli, o, bir neçə dəfə deyib ki, əgər mən ev almasam gəlib, Anarı da, Fikrət Qocanı da, Rauf Aslanovu da güllələyəcəyəm.

Məhkəmədə iddia qaldırmışam ki, Ramiz Muxtarın bütün əmlakını araşdırsınlar. Çünki bildiyimizə görə onun bir neçə evi var.

Artıq sentyabrın 9-da məhkəmə iclası olacaq. Məhkəmədə mənim vəkillərim də iştirak edəcək. Mən ondan mənim və Azərbaycan Yazıçılar Birliyinin nüfuzuna xələl gətirməyə cəhd etdiyi, şantaj və şərləmək istədiyi üçün maddi təzminat və cinayət işi açılmasını tələb edəcəyəm.

Əminəm ki, məhkəmə bu işi ədalət müstəvisində qaydasına qoyacaq”.

AYB sədrinin müşaviri bildirib ki, gələcəkdə yenə də yazıçılara mənzillər verilə bilər. “Anar müəllim də bu barədə müraciət edib. Ehtimal var ki, Yazıçılar Birliyi üçün kooperativ bina tikilsin”.

Qeyd edək ki, AYB sədrinin müşaviri R. Aslanovun məhkəməyə verdiyi 72 yaşlı şair R. Muxtar (Nağıyev) 1980-ci ildən SSRİ Yazıçılar İttifaqının üzvü, “Rəsul Rza” Beynəlxalq mükafatının laureatı və prezident təqaüdçüsüdür. Gürcü-Azərbaycan xalqlarının dostluğundan bəhs edən “Şəhərli kürəkən” pyesinə görə Gürcüstanın ali ordeni olan “Şərəf” ordeninə layiq görülüb.

Elmin Nuri

Twitter
Sizə yeni tvit var
Keçid et
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı