Modern.az

Türkiyənin Gülhanə Akademiyasına azərbaycanlı müdavimlərin qəbulu başlayır

Türkiyənin Gülhanə Akademiyasına azərbaycanlı müdavimlərin qəbulu başlayır

Təhsil

20 İyul 2010, 13:15

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunları Baş İdarəsi ilə Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahı arasında imzalanmış 2010/2011-ci təlim-tədris ili üzrə kurs planına əsasən, 2010/2011-ci tədris ilində Türkiyənin Gülhanə Hərbi Tibb Akademiyasının Ali Tibb Fakültəsinə müdavimlərin qəbulu üçün müsabiqə elan olunub.

Modern.az-ın TQDK-ya istinadla verdiyi məlumata görə, müsabiqədə 2010-cu ildə mülki ali məktəblərin IV ixtisas qrupu üzrə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamış, 19 yaşınadək olan oğlan abituriyentlər iştirak edə bilərlər.

Müsabiqə əsasında 1 nəfər namizədin seçilməsi üçün 3 nəfərin siyahısı müəyyənləşdirilərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunları Baş İdarəsinə təqdim olunacaq.

Türkiyə Respublikasının Gülhanə Hərbi Tibb Akademiyasının Ali Tibb Fakültəsində təhsil müddəti 7 ildir. Kursantlar təhsil müddəti ərzində tam dövlət təminatındadırlar. Gülhanə Hərbi Tibb Akademiyasını müvəffəqiyyətlə bitirmiş şəxslər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında müvafiq vəzifələrə təyin olunacaqlar.

I kursda kursantlar hərbi and içir və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları sırasına daxil edilirlər. Fakültədən xaric edilən kursantlar geri qaytarılır və qanunvericilikdə nəzərdə tutulmuş qaydada müddətli həqiqi hərbi xidmətə çağırılırlar.

Müsabiqədə iştirak etmək istəyənlər  TQDK-ya müraciət etməlidirlər. 
***

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi təhsil sahəsində bağlanmış müqaviləyə əsasən, 2010/2011-ci tədris ilində Türkiyənin Gülhanə Hərbi Tibb Akademiyasının Ali Tibb Fakültəsinə 14 nəfərin qəbulu üçün də müsabiqə elan olunub.

Müsabiqədə 2010-cu ildə mülki ali məktəblərin IV ixtisas qrupu üzrə qəbul imtahanlarında 550-dən yuxarı bal toplamış, 19 yaşınadək olan oğlan abituriyentlər iştirak edə bilərlər.

Müsabiqə əsasında 45 nəfərin siyahısı müəyyənləşdirilərək seçim üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinə təqdim olunacaq.

Türkiyə Respublikasının Gülhanə Hərbi Tibb Akademiyasının Ali Tibb Fakültəsində təhsil müddəti 7 ildir. Kursantlar təhsil müddəti ərzində tam dövlət təminatındadırlar. 1-ci kursda onlar hərbi and içir və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları sırasına daxil edilirlər. Fakültədən xaric edilən kursantlar geri qaytarılır və qanunvericilikdə nəzərdə tutulmuş qaydada müddətli həqiqi hərbi xidmətə çağırılırlar.

Müsabiqədə iştirak etmək istəyənlər  TQDK-ya müraciət etməlidirlər. 

Modern.az
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə