Modern.az

Azərbaycanlı həkimlər niyə xaricdə işləyə bilmir? - Bir sual-iki cavab

Azərbaycanlı həkimlər niyə xaricdə işləyə bilmir? - Bir sual-iki cavab

4 Sentyabr 2014, 14:31


“İlk növbədə bu, onunla bağlıdır ki, xarici mütəxəssisləri özümüzdən üstün tuturuq”. Bunu Modern.az-a tibb elmləri doktoru, professor Adil Qeybulla deyib. Onun sözlərinə görə, Azərbaycanda peşəkar mütəxəssislərimizin olmasına baxmayaraq, xarici həkimlərə üstünlük vemə psixoloji ənənədir:

“Açıq etiraf etmək lazımdır ki, Qərb təbabətinin standartları baxımından Azərbaycan həkimlər onları qane etmir. Məsələn, ginekologiya üzrə qərb təbabəti prinsipləri əsasında hazırlanan bir mütəxəssis  konkret ayrı-ayrı xəstəliklərin hansı protokollarla aparılmasını Dünya Səhiyyə Təşkilatlarının prinsipləri əsasında mənimsəyib. Amma sovet təbabətindəki bəzi prinsiplər tamamilə fərqlənir. Standartlar fərqli olduğundan mütəxəssislərimizə xaricdə az önəm verilir”.

Səhiyyə Nazirliyi mətbuat xidmətinin rəhbəri Anar Qədirlinin sözlərinə görə isə hər il Səhiyyə Nazirliyi və Dövlət Tibb Universitetinin xətti ilə 450-yə yaxın həkim təcrübəsini artırmaq üçün xarici ölkələrə göndərilir. Bununla yanaşı, özəl qurumların hesabına da təcrübə artıranlar var.

“Xaricdə bizim həkimlərə o qədər də önəm verilmir” fikri doğru deyil. Rusiyada Azərbaycan həkimlərinə çox etibar edirlər. Əlbəttə, Almaniya ilə müqayisə yersizdir. Çünki oranın səhiyyə sistemi çox güclüdür. Orada başqa ölkədən gələn həkimlərə məhdudiyyət qoyulur, daha çox yerli mütəxəssislərə üstünlük verilir”.

Nazirlik rəsmisinin sözlərinə görə, bu məhdudiyyət Azərbaycanda var:

 “Bura gələn xarici mütəxəssislər Səhiyyə Nazirliyindən rəsmi icazə almadan fəaliyyət göstərə bilməzlər. Nəzərə almaq lazımdır ki, Azərbaycana gələn həkimlərin əksəriyyəti adlı-sanlı olur. Əgər Rusiya, Türkiyə, İrandan Amerikaya bir həkim gedirsə, o heç vaxt ilk gündən “birinci əl” ola bilməz. Bunun üçün həmin həkim müəyyən proseduralardan keçərək imtahan verməli, icazə almalıdır. İcazə və lisenziya aldığı təqdirdə “ikinci əl” kimi fəaliyyət göstərməz. İcazə olmadan isə orada fəaliyyət göstərən həkim köməkçi kimi çalışa bilər. Burada söhbət həkimin peşəkarlığından yox, rəsmi icazədən gedir. Əfsus ki, vicdanlı, səviyyəli həkimlərlə yanaşı, səviyyəsiz, fırıldaqçı həkimlər də var. İnsanların onlara etibar etməsində isə reklam amilini unutmaq olmaz. Bəzən insanlarımız savadı az, reklamı güclü olan həkimlərin qurbanına çevrilir”.

Gülşən RAUFQIZI

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi