Modern.az

Monqollar - Dünyanı lərzəyə salmış Çingiz xanın qısır nəvələri...

Monqollar - Dünyanı lərzəyə salmış Çingiz xanın qısır nəvələri...

4 Sentyabr 2014, 16:16

Modern.az saytı dünyanın çox az bəhs edilən ölkələrindən biri – Monqolustan haqda yazını təqdim edir.

Monqolustan dedikdə ilk növbədə Çingizxanın XII əsrdə qurduğu imperiya göz önündə canlanır. Həmin vaxt monqol yürüşləri qarşısı alınmaz bəla kimi bütün Avropanı və Asiyanı lərzəyə salmışdı. 1279-cu ildə öz qüdrətinin çiçəklənən vaxtında Monqol İmperiyası dünyanın 22 faizini əhatə edirdi. Bu, tarixdə mövcud olmuş ən böyük imperiya sayılır. Lakin tarixin sonrakı gedişatı monqol xalqı üçün heç də ürəkaçan olmadı. Taxt-tac varisləri arasındakı qarşıdurmalar, imperiyanın geniş əraziləri arasında əlaqənin zəif olması, zəbt olunmuş ərazilərin sürətlə itirilməsi ilə nəticələndi. Bu azmış kimi, 1636-cı ildə mancur tayfaları istilaçı monqolları özlərinə tabe etdilər. Bununla da monqollar  vaxtilə qan uddurduqları Çinə tabe olundular.

Bu tabelilik 1921-ci ilə qədər uzandı. Həmin il inqilab ruhlu əzmkar Sovet ordusunun köməyi ilə çinlilər məğlubiyyətə uğradılır və monqol xalqı uzun əsrlik intizardan sonra müstəqillik əldə erdi.

1924-cü ildə isə Monqolustan Xalq Respublikası elan olundu. Təsadüfi deyil ki, yeni rəhbərlik tarixi paytaxt Urqanın adını dəyişərək Ulan-Bator (monqolca- qırmızı bahadır) qoydu. Beləliklə, sosializm yoluna qədəm qoyan dövlət sürətlə sənayeləşməyə başladı. Bu arada qeyd etmək lazımdır ki, Monqolustan (Xarici Monqolustan) torpaqlarının bir hissəsini – tarixən Daxili Monqolustan kimi tanınan ərazilərini Çinə güzəştə getməyə məcbur oldu.



Başqa bir faciə isə sovetləşmə zamanı meydan çıxdı. Tibetlilərin təsiri ilə buddizmə tapınan monqollar dini ehkamlarını qəbul etməyən sosializm sisteminin repressiya maşını ilə üzləşməli oldu. 30-cu illərin əvvəlləri üçün kişi əhalisinin üçdə birini buddist kahinlərin (100 min nəfər) təşkil etdiyi Monqolustanda dindarlara qarşı kütləvi repressiyalar başlandı. 750 buddist məbədi bağlandı, 36 min nəfər (ölkə əhalisinin 5 faizi) repressiyaların qurbanına çevrildi.

Sosialist Monqolustanı sürətli iqtisadi inkişaf fonunda təsir dairəsində olduğu SSRİ-dəki kimi, totalitarizm, qeyri-demokratik mühit və şəxsiyyətə pərəstişdən əziyyət çəkirdi. Lakin 1990-cı ildə dünya sosializm sisteminin qlobal böhran keçirdiyi zamanda monqol xalqı demokratik islahatlar yolunu seçdi, köhnə repressiv sistem çökdü.

Müasir günümüzdə Monqolustan region ölkələri üçün örnək olacaq demokratik quruluşa malikdir. Burada parlament respublikası bərqərar olub. Yalnız bir dəfə, 4 illik müddətə seçilmək hüquq olan prezident böyük səlahiyyətlərə malik deyil. Əsas hakimiyyət mənbəyi qanunverici orqan sayılan parlament və icraedici funksiyaları yerinə yetirən Nazirlər Kabinetidir. Əhalinin böyük əksəriyyəti ənənəvi dinə - buddizmə (lamaizm) geri dönüb. 

Ərazisi kifayət qədər böyük – 1,564 milyon kvadrat kilometr olsa da, monqol əhalisi bununla müqayisəyə gəlməz dərəcədə azdır – cəmi 2,9 milyon nəfər. Təsadüfi deyil ki, Monqolustan əhalinin ən az məskunlaşdığı ölkələrin başında gəlir. Hər 1 kvadrat kilometr monqol torpağında 1,8 nəfər yaşayır. Əhalinin gəlirləri, infrastrukturun inkişafı və s. parametrlərdə Monqolustan əhatəsində olduğu Rusiya və Çindən geridə qalır. Hər bir sakinin gündəlik yaşayış minimumu 2 dollar təşkil edir. Yol infrastrukturu zəif inkişaf edib və əsasən çınqıllı yollardan ibarətdir. Bununla bağlı maraqlı müqayisə mövcuddur. Ərazisinin böyüklüyünə görə Monqolustanda 37 Hollandiya yerləşə bilər, əvəzində Hollandiyadakı 37 yolda 67 çınqıllı monqol yolu yerləşə bilər. Ölkədəki 80 hava limanı, o cümlədən ən böyük Çingizxan adına beynəlxalq hava limanı var. Lakin bu hava limanlarının yalnız 11-i asfatlanmış uçuş-enmə zolağına malikdir.



Monqolustan sərt kontinental iqlimə malikdir. Təsadüfi deyil ki, Ulan-Bator planetin ən soyuq paytaxtalından biri sayılır. Bu səbəbdən sərt qış və quraq yay heç bir monqol üçün gözlənilməz deyil. Yayın həddən artıq isti keçməsi ölkədəki minə yaxın gölün və Selenqa, Kerulen, Onon kimi iri çayların vaxtaşırı qurumasına səbəb olur. Relyef baxımından əsas ərazisi 900-1500 metr yüksəkildə yerləşdiyi üçün monqolların böyük əksəriyyəti köçəri həyat tərzi və maldarlığa üstünlük verir. At südündən alınan kımıs içkisi köçəri monqolların ən sevimli alkoqol içkisi hesab olunur.

Ümumiyyətlə, dünyadakı gərgin geosiyasi proseslər fonunda diqqətdən yayınan Monqolustan bir sıra maraqlı özəlliklərə malikdir.

Məhz Monqolustanda dünyanın ən böyük süvari heykəli – məşhur sərkərdə Çingizxanın at belində abidəsi yerləşir. 

Müasir genetik araşdırmalarına görə, 16 milyon insan Çingizxan və onun övladlarının törəməsidir.

Monqol əhalisinin 52 faizi buddist, 3 faizi müsəlmandır. 38 faiz  monqol heç bir dini inanca sahib deyil.

1,4 milyon uran ehtiyatına malik ölkə bu göstərici ilə dünyada 5-ci yeri tutur.

Dünyanın ən nadir heyvanlarından olan qış barslarının 25 faizi monqol torpaqlarında yaşayır.



Sovet dönəmindən bəri Monqolustanda kiril əlifbasından istifadə olunur. Əsl monqol əlifbasında isə hərflər yuxarıdan aşağıya doğru yazılır.

Qara qüvvələri qovmaq üçün monqollar 3, yaxud 9 dəfə əl çalırlar.

Monqollarda içilən çayın qalığını, yaxud sümükləri yerə atmaq, yerə tökülən südü tapdalamaq, sevimli atını satmaq, bıçağı alova toxundurmaq, yaxud sol əllə kiməsə nəsə vermək qadağandır.

Onlar adətən, qonağa çayı iki əllə verməlidirlər.

Ölkənin pul vahidi tuqrik adlanır.

Hər ilin iyulunda Monqolustanda nadom bayramı – at yarışları, milli monqol güləşi və oxdan atəş üzrə yarış keçirilir.

Yaponiyanın milli idman növü olan sumo yarışlarında son 4 qalib milliyətcə monqoldur.

Çingiz xan dünyanın tarixini dəyişdi. O, təkcə Çində, Orta Asiyada və Qafqazda, Rusiyada insanları kütləvi qətlə yetirməsəydi, bu gün dünyada 7 milyard yox, 17 milyard insan yaşayardı.




Vüqar İsmayılov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir