Modern.az

Leninin papirosu, Stalinin qəlyanı, Brejnevin siqareti - MARAQLI

Leninin papirosu, Stalinin qəlyanı, Brejnevin siqareti - MARAQLI

Mədəni̇yyət

4 Sentyabr 2014, 22:49


Bəzən böyük bir dövlətə rəhbərlik edən, ölkəsinin vətəndaşlarına cavabdeh olan liderlər özləri ilə bacara bilməyiblər. Leninin papirosu, Stalinin qəlyanı, Brejnevin siqareti buna sübutdur. Həkimlərin qadağasına baxmayaraq, SSRİ-yə rəhbərlik etmiş liderlərdən bu üçü sağlamlıqları üçün təhlükə yaradan tütün ehtirasından əl çəkə bilməyiblər. Düzdür, Lenin Stalin və Brejnevlə müqayisədə bir az iradəli olub, gec də olsa çəkdiyi papirosun ziyanını dərk edərək onu tərgidib.



Modern.az
saytının məlumatına görə, Vladimir İliç çox erkən yaşlarından, 17 yaşından papiros çəkməyə başlayıb. Uşaqlıqdan səhhətində tez-tez problemlər yaranan Leninə həkimlər bu vərdişdən əl çəkməyi tövsiyə etsələr də dünya proletarlarının rəhbəri ağxalatlıların məsləhətinə qulaq asmayıb. Ancaq bir müddətdən sonra sağlamlığında yaranan problemlər rəhbəri ciddi narahat edəndə Lenin siqaretə birdəfəlik yox deyib. Hətta 1920-ci ilin mayın 1-də keçirilən tarixə düşmüş məşhur iməcilikdə qısa fasilə zamanı fəhlələr papiros cəkəndə Lenin onların qarşısında tütünün ziyanları ilə bağlı qısa, ancaq gurultulu bir nitq də söyləyib.

Leninin davamçısı olan İosif Stalin isə nə az, nə çox düz 50 il sevimli qəlyanından əl çəkməyib. O daha çox “Herseqovina Flor” tütününə üstünlük verib. Filmlərdə və şəkillərdə Stalin həmişə qəlyanla əks olunub. Ancaq o papiros da çəkib. Həkimlər Stalinə qəlyan çəkməyi qadağan edəndə o başı ilə razılığını, yəni daha çəkməyəcəyini bildirsə də heç də bu yasağa məhəl qoymayıb. Bağındakı otaqda Stalin papiros çəkərkən pəncərənin nəfəsliyini açıb və külü ordan həyətə atıb. O bunu ona görə edib ki, külqabı təmiz qalsın və həkimlər elə bilsin ki, Stalin onların dediklərinə əməl edir. Digər bir tərəfdən Stalinin mühafizəçilərinə də qəlyan, yaxud papiros çəkib-çəkməməyi ilə bağlı tapşırıq verilib ki, bu haqda həkimlərə məlumat versinlər.



Günlərin birində mühafizəçilərdən biri pəncərənin alt hissəsinə vurulmuş taxtaya işarə edərək Stalinə göstərib ki, orda kül var. Stalin başını yelləyərək mühafizəçisinə deyib: “Bağışlayın, günahkaram. Amma bu günah məxfi qalmalıdır”.

Stalinin olduğu bütün otaqlarda, iş, yataq, yemək otaqlarında, hətta hamamda belə onun əyləşdiyi kürsünün yanına qoyulmuş stolun üstündən heç vaxt qəlyan, müxtəlif papiros qutuları, siqar, tütün, kibrit əskik olmayıb.

Stalin siqardan tütün kimi istifadə edib. O siqarı üç yerə bölüb qəlyanına doldurub.

Ölümünə təxminən üç ay qalmış həkimlərin ciddi təkidindən sonra Stalin sevimli qəlyanından əl çəksə də onun həyatını xilas etmək olmayıb.

Özünəməxsus yaşam tərzi olan Breynev isə sözün əsl mənasında həyatını siqaretsiz təsəvvür edə bilməyib. Hələ müharibə illərindən bu vərdişin aludəçisi olan Leonid İliç ən çox “Novost” siqaretinə üstünlük verib.



Həkimlərin siqaret qadağasını Brejnev faciə kimi qəbul edib. Bu qadağadan sonra Baş katibin ətrafına da qadağalar qoyulub ki, Brejnev heç bir yolla siqaret əldə edə bilməsin. Leonid İliçin yeganə çıxış yolu imkan düşəndə, təbii ki, evdə yox, Kremldə olarkən kimdənsə siqaret istəmək olub. Baş katibin kürəkəni Çurbanov xatirələrində bu haqda yazıb: “Rəsmi tədbirlərin birində fasilə zamanı Brejnev məndən siqaret istədi. Mən o vaxt “Kent” çəkirdim. Qutudan bir siqaret çıxarıb verdim və alışqanla yandırdım. Leonid İliç tüstünü acgözlüklə sinəsinə çəkirdi. Siqareti çəkib qurtardıqdan sonra mənə dedi ki, belə siqaret çəkməyim. Yəqin ki, “Kent” xoşuna gəlməmişdi. O tünd siqaretləri xoşlayırdı. Bu hadisədən sonra mən cibimdə iki qutu siqaret saxlayırdım. Bir qutu “Kent” özüm üçün, bir qutu “Paytaxt” qayınatam üçün”.

Uzun illər Brejnevin tərcüməçisi işləmiş Viktor Suxodrevin Baş katibin tütün ehtirası ilə xatirələri də maraqlıdır: “Brejnevi bu vərdişdən ayırmaq mümkünsüz bir iş idi. Həkimlər ona siqaret çəkməməyi məsləhət görəndə o qəqara almışdı ki, çəkdiyi siqaretlərin sayını azaltsın. Bunun üçün Dövlət Təhlükəsislik Komitəsinin əməkdaşları Brejnevə xüsusi siqaretqabı düzəltmişdilər. Belə ki, bu qab yalnız 45 dəqiqədən bir açılırdı. Qabdan siqaret götürüldükdən sonra o bloka düşürdü və yenidən açılması yalnız 45 dəqiqədən sonra mümkün olurdu. Sonralar Brejnevi siqaretdən tam məhrum edəndə, Baş katibin ən yaxın ətrafındakılar ona bir dənə olsun belə siqaret “qıymayanda” Leonid İliç yeni üsula əl atdı. O siqaret çəkən mühafizəçilərindən, köməkçilərindən xahiş edirdi ki, siqareti onun yanında çəksinlər və tüstüsünü ona tərəf buraxsınlar. Ən qəribə fakt odur ki, Brejnev Siyasi Büronun iclasında da mühafizəçisini öz yanında otuzdururdu və göstəriş verirdi ki, siqaret çəksin. Bir dəfə xarici ölkə liderləri ilə görüş keçirilirdi. Görüşün arasında Brejnev qəfil özünü narahat hiss etməyə başladı. Ətrafına boylandı. Xarici qonaqlar siqaret çəkmirdilər, bunu Brejnev əvvəlcədən müəyyənləşdirmişdi. SSRİ tərəfindən görüçdə Qramıko iştirak edirdi ki, o da siqaret çəkən deyildi. Baş katibin köməkçisi də həmçinin siqaretdən uzaq adam idi. Görüşdə iştirak edənlərin arasında siqaret çəkən yalnız mən idim. Leonid İliç üçünü mənə tutdu:

- Vitya, sən ki siqaret çəkənsən. Yandır birini, xahiş edirəm.

Mən siqaret yandırdım. Tüstüsünü kənara buraxırdım. Hər halda qonaqların yanında, rəsmi görüşdə siqaret çəkmək mənim üçün bir o qədər də rahat və xoş deyildi. Bu dəfə Brejnev səsinin tonunu bir az qaldırdı:

- Vitya tüstünü mənə tərəf...

Bu səhnə heç vaxt yadımdan çıxmır. Tərcüməçi oturub başda, çəkdiyi siqaretin tüstüsünü piləyir SSRİ kimi nəhəng bir dövlətin başçısının sifətinə...”

İlham Cəmiloğlu

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar