Modern.az

Əlillərə 88 ədəd “Slavuta” markalı minik avtomobili verilib

Əlillərə 88 ədəd “Slavuta” markalı minik avtomobili verilib

Təhsil

20 İyul 2010, 16:54

İyulun 20-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2010-cu ilin birinci yarısının yekunlarına həsr olunmuş kollegiya iclası keçirilib.
Tədbirdə nazir Füzuli Ələkbərov bildirib ki, hesabat dövründə 132 min 945 ailə ünvanlı dövlət sosial yardımı alıb. Hər ailəyə ayda orta hesabla 112,98 manat ödənilib. 41 min 206 ailə ilk dəfə ünvanlı sosial yardım alır. Bu da yardım alanların 31 faizini təşkil edir. 2009-cu ildə ünvanlı sosial yardım təyin olunmuş 144 min 844 ailədən 87 min 871 (60,7 faiz) ailə hazırda yardım almaqda davam edir. Yardımla əhatə olunmuş ailələrdən 94,9 faizi vəsaiti plastik kartlar vasitəsilə alır.

F.Ələkbərov deyib ki, cari ilin ilk 6 ayında Lənkəranda 36, Cəlilabadda 16 və 36, Bakının Qaradağ rayonunda 81 mənzilli yaşayış binaları inşa etdirilərək əlil və şəhid ailələrinin istifadəsinə verilib. Bakının Yasamal, Sabunçu və Xəzər rayonlarının hər birində 81, Gəncə şəhərində, Balakən, Quba və İsmayıllı rayonlarının hər birində 36 mənzilli yaşayış binalarının tikintisi davam etdirilib. İndiyədək 3 mindən artıq əlil və şəhid ailəsi dövlət hesabına mənzillə təmin olunub. Hesabat dövründə əlillərə 88 ədəd “Slavuta” markalı minik avtomobili verilib. Ümumilikdə, indiyədək 2 min 700-dək əlil dövlət hesabına minik avtomobili ilə təmin edilib.
Nazir diqqətə çatdırıb ki, məşğulluq xidməti orqanlarına 21 min 416 nəfər işaxtaran vətəndaş müraciət edib. Onlardan 11 min 159 nəfəri münasib işlə təmin edilib, 815 nəfəri haqqı ödənilən ictimai işlərə cəlb olunub. 2 min 310 nəfər peşə hazırlığı kurslarına cəlb edilib. Hazırda respublikada fərdi icazə əsasında 87 ölkənin vətəndaşı əmək fəaliyyəti ilə məşğul olur.

Hesabat dövründə Dövlət Əmək Müfəttişliyi tərəfindən 1516 müəssisə, idarə və təşkilatda keçirilmiş dövlət nəzarəti zamanı əmək qanunvericiliyinə dair 5 min 31 qanun pozuntusu aşkar olunub. Əmək müqaviləsi olmadan işə cəlb edilmiş 2 min 718 nəfər fiziki şəxslə əmək müqaviləsinin bağlanılması təmin edilib. İnzibati xətalara görə işəgötürənlər 302 min 600 manat məbləğində cərimə olunub. Bu ilin ilk 6 ayında istehsalatda baş vermiş və istehsalatla əlaqəli sayılmış 92 bədbəxt hadisədə 23 nəfər ölüb və 77 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb. Bu cür hadisələr daha çox sənayedə (44), tikintidə (22), nəqliyyat və rabitədə (9) baş verib.

Qeyd edilmişdir ki, cari ilin birinci yarısında respublikanın 10 şəhər və rayonunda keçirilmiş yarmarkalar zamanı 861 nəfər işsiz vətəndaş münasib işlə təmin olunub. Həmçinin, 97 nəfər peşə hazırlığı kurslarına, 90 nəfər isə haqqı ödənilən ictimai işlərə cəlb edilib. Bu dövr ərzində Bakı, Sumqayıt, Naxçıvan, Gəncə və Mingəçevir şəhərlərində fəaliyyət göstərən əmək birjaları tərəfindən 1888 nəfər işsiz vətəndaş, o cümlədən 1020 qadın, 896 gənc, 82 qaçqın və məcburi köçkün, 12 nəfər əlil müvəqqəti xarakterli işlə təmin olunub.

Hesabat dövründə Bakı, Gəncə, Lənkəran şəhərlərində və Abşeron rayonunda məzun və tələbələrin əmək bazarına inteqrasiyası məqsədi ilə “Karyerada ilk addım” devizi altında keçirilən tədbirlərdə 271 nəfər məzun və tələbə münasib işlərlə təmin edilib. Dövlət məşğulluq xidməti tərəfindən cari ilin birinci yarısında 62 min 100 nəfər gəncə peşəyönümü məsləhətləri verilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə