Modern.az

O məşhur şeirin əsl müəllifi - Tofiq Fikrət, yoxsa Midhat Cemal Kuntay?

O məşhur şeirin əsl müəllifi - Tofiq  Fikrət, yoxsa Midhat Cemal Kuntay?

Təhsil

5 Sentyabr 2014, 09:43

Sizinlə 130 il bundan əvvəl dünyaya gəlmiş türk yazar, şair və hüquqçusu Midhat Cəmal Kuntay (1885, İstanbul - 30 Mart 1956, İstanbul) haqqında söhbətləşmək istəyirəm.
 
Bayrakları bayrak yapan üstündəki kandır,
Toprak, eğer uğrunda ölen varsa, vatandır!

Bu misraları türk dünyasının bütün işıqlı fikir adamları atalar sözü məqamında işlədir. Bəlkə də dünyada torpağa, onun müqəddəsliyinə, doğmalığına verilən ən doğru, ən mötəbər qiymətdir. Bu misralar  görkəmli türk şairi Midhat Cemal Kuntayın 13 beytlik  "On beş yılı karşılarken" adlı lirik məsnəvisinin sonuncu beyitidir. 
"On beş yılı karşılarken" şeirini orta məkəb dərsliklərində səhvən Midhat Cemal  Kuntayın yaxın dostu  Tofiq  Fikrətə aid edirlər. Bu şeiri Atatürkə, M.Ə.Rəsulzadəyə aid edənlər də var.
 Sizlərə təqdim olunan bu yazının yazılmasının elə bir səbəbi həm də bu yanlışlıqları aradan qaldırmaqdır.
                                                                                                
Şeir Türkiyə Cümhuriyyətinin 15 illiyinə həsr edilib. Türkiyə Cümhuriyyətinin 15 illiyinin 29 oktyabr 1938-ci ildə  keçirildiyini nəzərə alsaq, şeirin  məhz həmin tarixi gün ərəfəsində yazıldığı   məlum olur.  
"On beş yılı karşılarken" şeiri Midhat Cemal Kuntayın ən uğurlu şeirlərindəndir. İlk  dəfə şairin 1945-ci ildə nəşr olunan "Türkün Şahnaməsindən" adı ilə  nəşr olunan kitabına daxil edilib. Yeri gəlmişkən, qeyd edək  ki, M.C.Kuntayın  sağlığında cəmi  bir şeir kitabı çap olunub. 143 səhifəlik bu kitabda  şairin 82 şeiri toplanıb.

Midhat  Kuntayın ilk mətbu şeiri "Çırçır suyu" 1901-ci ildə "Məlumat dərgisi"ndə çap
olunub. Sonralar "Sirat-i Müstakim dergisi" və "Tərcümani-Hakikat" qəzetəsində  əruz vəznində  şeirləri dərc  olunub. O,  hiciv (həcv-N.N.)  türündə  də  lirik və  epik şeirlər  yazıb. Şeirlərində vətən  və  millət  sevgisi  əsas yer tutur.  

Midhat Cemalın 1943-1944-cü illərdə "Çinaratı dərgi"sində yayımlanan son dövr şeirlərində Azərbaycanla ciddi ədəbi  əlaqələri olan Yəhya Kamal  Bayatlının təsiri aydın hiss olunur. Maraqlıdır  ki, 1923- 1926 -cı illərdə Azərbaycanda  müəllimlik edən  türk alimləri- İsmayıl Hikmət,  Xəlil Fikrət, Mühitdin Birgin və başqaları ilə Midhat Kuntayın möhkəm dostluq əlaqələri var idi. Adları sadalanan elm adamlarının, eləcə də onların Tükyədəki  əqidə və məslək dostlarının   yazıları Bakı və Şəki nəşriyyatlarında çap olunan qəzet və jurnallarda müntəzəm olaraq  işıqlandırılırdı. Təkcə bir faktı  qeyd edək ki, 1924-cü ildə  Şəkidə çap  olunan "Bilgi" adı ilə  çıxarlan ədəbi, fənni, ictimai,  iqtisadi,  tərbiyəvi  məcmuədə  Yəhya  Kamala, Tofiq  Fikrətə   səxavətlə yer verilirdi. 

Midhat Kuntayın mütaliə etdiyi Azərbaycan şairləri çox idi. Türkiyənin arxivlərində ciddi araşdırmalar aparılacağı təqdirdə Midhat Kuntayın Abbas Səhhət, M.Ə.Sabir, M.Hadi, A.Şaiq ilə   birbaşa və ya dolayı ədəbi əlaqələri üzə  çıxa bilər.    

M.Kuntaydan düz 19 il  əvvəl - 1909-cu ildə Azərbycanın görkəmli şairi Abbas Səhhət 9  beytlik "Vətən" şeirində vətən haqqında dünyanın ən gözəl sözlərini dünyaya car çəkirdi:

Könlümün sevgili məhbubu mənim,
Vətənimdir,vətənimdir, vətənim...

Şeirin ən ünlü son iki beyti vətən haqqında  o vaxta  qədər  heç  kəsin demədiyi  sözlərdir.  Əlbəttə, heç kəs bu sözlərdən sonra vətən məhəbəti haqqında mübahisəyə qoşulmaq istəməzdi.

Abbas Səhhət xəbərdarlıq edirdi:

Vətən -əcdadımızın  mədfənidir  (dəfn yeridir),
Vətən-övladımızın  məskəndir.

Vətəni sevmyən insan olmaz,
Olsa, ol səxsdə vicdan olmaz.

Midhat Kuntayın "Səttar xan" adlı şeiri də var. Tədqiqatçılar bu əsərin "Tərəqqi" qəzetində çap olunduğunu yazırlar.

1885-də dünyaya gələn Midhat  Cemal  Kuntay 1956-da vəfat edib.

Nazim Nəsrəddinov,
Azərbaycan Respublikasının əməkdar müəllimi,
Avropa Azərbaycan Məktəbinin Azərbaycan dili və ədəbiyyatı kafedrasının müəllimi,
Respublika Prezidentinin Sərəncamı ilə keçirilən “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi,
Təhsil Nazirliyinin Elmi Metodik Şurasının bölmə üzvü,

TQDK-nın Azərbaycan dili fənni üzrə eksperti

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!