Modern.az

Bahəddin Həziyevin quyuya atdığı daş: 14 milyonluq qrantla inqilab?

Bahəddin Həziyevin quyuya atdığı daş: 14 milyonluq qrantla inqilab?

5 Sentyabr 2014, 10:00

“Bizim Yol” qəzetində “ABŞ səfiri Qərbyönümlü fəalları necə həbs etdi?” başlıqlı təhlil yazısı medianın diqqətini cəlb edib. Qəzertin baş redaktoru Bahəddin Həziyev müəllif yazısında iddia edib ki, ABŞ Azərbaycanda müxalifət düşərgəsinə maliyyə yarımları ayırmaqla yanaşı, proseslər arzuolunmaz ssenari ilə getdikdə öz dəstəyini geri çəkir. Bu iddialar nə dərəcədə doğrudur.
Modern.az ölkə siyasətçiləri arasında sorğu keçirib.

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu Bahəddin Həziyevin iddialarını əsassız hesab edir. Onun fikrincə, ABŞ-ı Azərbaycanda inqilab hazırlamaqda ittiham edən baş redaktor əslində həbs olunan QHT və vətəndaş cəmiyyəti fəallarının tutulmasına bəraət qazandırır. 
“Qeyri-sağlam məntiqlə deyilən sözdür. İnqilabı o adamlar edir ki, onların arxasınca insanlar gəlsin. Nə Leyla Yunusun, nə İntiqam Əliyevin, nə də başqa tutulanların ətrafında insanlar var.  Böyük kütlə yoxdur ki, deyək onların vasitəsi ilə inqilab etmək istəyirlər. Bütün küçə hərakatlarının başında siyasi liderləri durur.
Həziyevin iddiaları həbs olunanların düzgün olaraq tutulduğuna bəraət qazandırmaq deməkdir. Belə çıxır ki. Amerika bunları çevrilişə hazırlayırdı, alınmayıb, indi də həbs etdirir. Tamamilə yanlış, heç bir əsası olmayan fikirlərdir”.

Milli Məclisin Müdafiə və Təhlükəsizlik Komitəsinin üzvü deputat Zahid Oruc sözügedən yazını “obtektiv müşahidələrin ehtivası” adlandırdı. Onun fikrincə, Azərbaycandakı QHT-lər xaricdən ayrılan qrantları ailə təsərrüfatına sərf edirlər. “Bir çox hallarda məlum qrant qanunvericiliyi QHT-lərin xaricdən maliyyələşməsinə yol açır. Həmin vəsaitlərin xərclənməsinə şəffaf nəzarət sistemi mümkün olmur. Hazırda Azərbaycanda müxalif cinahdan həmin qurumların fəaliyyətinə qarşı çox kəskin münasibətlər meydana çıxıb. Onlar artıq hakimiyyəti gözləmədən özləri həmin şəxsləri, ailə QHT fəaliyyətini ailə təsərrüfatı uçun istifadə etməkdə günahlandırırlar. Bunlar 3-cü sektorun köklü inkişafı üçün vacib addımlar atmayıblar. İllərlə cəmiyyəti aldatmaqla məşğuldurlar. Birləşmiş Ştatların istər 2005, istərsə də ondan sonrakı dönəmdə həmin qurumların, 3-cü sektorun təmsilçilərinin bir qisminin saxlamaq üçün çox sistemli fəaliyyət həyata keçirdiyinin şahidi olmuşuq. İlk baxışda onlar demokratiya dərsi alırlar, hansısa xarici tədbirlərə dəvət olunur, seçki prosesini müşahidə edirlər. Politoloji, siyasi nəzəriyyələrlə silahlanırlar. Əvəzində inqilabi prosesin hərəkətverici qüvvəsi kimi meydana çıxırlar. İqtidarın mövqeyini müdafiə edənlər hər hansı bir təşkilat o vəsaitləri qazana bilmir. Küllü miqdarda vəsaitlər ona yönəlib ki, meydanlarda hansısa toqquşmalar təşkil olunsun. Sonra hakimiyyət ona görə qınansın. Etnik milli mənsubiyyəti şübhə doğuranlar o vəsaitlərə layiq görülürlər”.

Politoloq Qabil Hüseynli isə Bahəddin Həziyevin fikri ilə həm razı, həm razı olmadığı məqamların olduğunu bildirdi.
“Amerika vətəndaş cəmiyyəti təşkilatları xətti ilə müxtəlif qrant layihələri hazırladı. Və bunları müxtəlif QHT-lər-ə təqdim etdi. Amma bu prosesi axıra kimi aparmadı. Müstəqillik illərində 14 milyon xərcləməklə müəyyən dəyişiklər etmək mümkündürmü? Məncə, mümkün deyil. ABŞ həmin təşkilatlara verilən pulların xərclənməsinə də nəzarət edir. Həmin təşkilatlar bunu şəxsi məqsədləri üçün istifadə edirdi. Və bir növ mənimsənirdi. Maraqlı cəhət isə odur ki, Amerika QHT-lərə pul ayırarkən onları çox xırda məbləğlərdə buraxdı. Ayrı-ayrı xırda QHT-lərə ayırdı, ryni zamanda onları istiqamətləndirə bilmədi. Amerika üçün neft aldığı ölkələrdə sabitlik olması hər cür inqilabdan daha vacibdir. Keçmiş səfir Morninqstar bizdəki sakitliyi örnək kimi başqa ölkələrə nümunə göstərirdi. Amerika bu ölkədə demokratik cəmiyyət qayğısına ürəkdən yanaşmayıb. Və əslində o layihələrin çoxu Azərbaycandakı insanların bir növ qurban verilməsinə gətirib çıxarır. İndi onlar həbsxanadadırlar. Amerikanın o layihələri Azərbaycana hansısa pozitivlik gətirmək əvəzinə, QHT-lər arasında qrant uğrunda vuruşmaya səbəb oldu. Onların səmərəliliyi olmadı. Qrantlar cəmiyyətdə müəyyən bir kriminal vəziyyətin yaranmasına gətirib çıxartdı.
Bahəddin Həziyevin dediklərində subyektiv mülahizələr yer alıb”.

Məltəm Talıbzadə

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır