Modern.az

Şairlərdən Sərdar Cəlaloğluya İRAD: “Gündəmdə qalmaq üçün başqa yol seç!”

Şairlərdən Sərdar Cəlaloğluya İRAD: “Gündəmdə qalmaq üçün başqa yol seç!”

5 Sentyabr 2014, 16:15



Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu mətbuat səhifələrində tarixi qəhrəmanları ara-sıra tənqid etməsi ilə yadda qalır. Bu dəfə də o, Azərbaycan və Şərq klassik şeirinin banilərindən olan Məhəmməd Füzuli və onun poeziyası haqqındakı iradlarla gündəmə gəlib. Modern.az-ın sorğuladığı yazarlar da Sərdar Cəlaloğlunun bu addımını əsasən ictimai gündəmdə qalmaq üçün edilən cəhd kimi dəyərləndirdilər. 


Faiq Balabəyli:
“Sərdar Cəlaloğlu ixtisasca həkimdir. Deyilənlərə görə, xəstələrə şəfa verə bilmədiyinə görə ölülərin üstündə həkimliyini sınaqdan keçirib. Ölüləri kəsib-doğrayırmış, görünür bu onun şakəridir. Çünki Rəsul Quliyevin partiyasının icraçı direktoru-sədri olandan bir neçə il sonra kəsim işi ilə məşğul oldu, partiyanı yarı böldü. Nə isə bu onun öz işidir. O ki,  qaldı tarixi şəxsiyyətlərimizə əl atmağa, atsın da hansının qohumu, əqrəbası, topu, tüfəngi, polisi, həbsxanası var ki,  çıxa qabağına deyə ki, Sərdar bəy, dediklərinizdə haqq yoxdur. Sözsüz ki,  partiya sədri olaraq gündəmdə qala bilmədiyindən Sərdar bəy bu yolu seçib. Amma bir söz də deyim, onun iki kitabını oxumuşam, sözün həqiqi mənasında yaxşı fikirləri ilə qarşılaşmışam”.


Elçin Mirzəbəyli:
“Bu gün üçün sözü olmayanlar adətən dünəni topa tutmaqla gündəmdə qalmağa çalışırlar. Tarixi, tarixi şəxsiyyətləri isə topa tutmaq çox asandır. Nə Füzuli, nə Səməd Vurğun, nə də Sərdar Cəlaloğlunun adını çəkdiyi digər yaradıcı və tarixi şəxslər hörmətli ADP sədrinə cavab verəcəklər. Sərdar Cəlaloğlu sıradan bir adam deyil, kifayət qədər mütaliəlidir və istedadlıdır. Lakin seçdiyi istiqamət, bədii yaradıcılığa münasibəti yanlışdır. Füzulinin şeirlərini predikat, yaxud dialetik məntiqlə təhlil etmək kökündən yanlışdır. Poeziyada sadaladığım arxaik və çağdaş kateqoriyalar üzrə məntiq axtarışına çıxmaq istənilən poetik nümunəni məhv edə bilər. Azərbaycanda Füzuli poeziyası haqqında Sərdar Cəlaloğlu kimi düşünənlərin sayı az deyil. Təbii ki söhbət mütaliəli adamlardan gedir. Amma Sərdar Cəlaloğluya Nizami Gəncəvi haqqında sual verilərsə, tamamilə fərqli fikirlər səsləndirəcək. Çünki Nizaminin poeziyasında mistika yoxdur, ruh yoxdur, dəqiq, ölçülü-biçili kateqoriyalar var. Mənə görə Nizami şeir yazmayıb, dövrünün fəlsəfi traktatlarını, dünyagörüşünü nəzmə çəkib. Bəlkə də vəznə salınmış ilkin publisistika da adlandırmaq olar Nizaminin yaradıcılığını. Amma mən Sərdar Cəlaloğlu kimi nə Füzulini, nə də Nizamini tənqid atəşinə tuta bilərəm. Çünki ədəbiyyat zövq məsələsidir və hər iki dahi o qədər nəhəngdirlər ki, onların yaradıcılığını məhdud kateqoriyalardan yanaşmaq kifayət qədər qüsurludur. O ki qaldı Koroğluya, Koroğlu mifik qəhrəmandır. Xalqın arzularından doğan bir dastanın qəhrəmanı. Robin Qud kimi. Amma Avropada heç kim Robin Qudu məsxərəyə qoymur. Çünki Robin Qud öz zəmanəsinin qəhrəmanıdır. Robin Qud ədalətli kral, səlib yürüşlərinə başçılıq edən imperatorlarla bağlı miflərin dağıldığı bir zamanda yaranıb. Sosial düşüncənin formalaşdığı ilk dövrlərdə təzahür edib, yaxud uydurulub. Koroğlu da həmçinin. Koroğlu dastanının son hissələri sonradan uydurulub. Çünki “tüfəng çıxdı, mərdlik əldən getdi” məsələsi Koroğlu dastanının sosial mahiyyətilə uyğun gəlmir. Koroğlunun məqsədi ədalətsizliyə qarşı mübarizə aparmaq idi, o bir xalq qəhrəmanıydı. Dəyərlərə söykənən zadəgan deyildi. Ona görə də tüfənglə bağlı məsələni dastanın süjet xəttinə və mahiyyətinə yamaq sayıram. Tüfənglə bağlı hissə Koroğlunu Robin Qudluqdan çıxarıb Don Kixot çərçivəsinə salır. Sərdar Cəlaloğlunun fikirlərinin əksəriyyətini bölüşmürəm və üslubunu da bəyənmirəm. Amma bu məsələlər ətrafında fikir mübadiləsinin aparılmasını da mümkün sayıram. Təbii ki, təhqirə, aqressiyaya yol vermədən”.


Vüqar Əhməd:
“Alim faktoqraf olmalıdır. Sərdar bəy populist danışır, mənbə və məxəzləri göstərmir. Belə getsə Sərdar bəy ədəbiyyatımızı heç etdiyi, şairlərimizi dılğır, kafir adlandırdığı kimi tariximizi, milli qəhrəmanlarımızı, folklorumuzu siləcək. Elə çıxacaq xalqımızın ədəbiyyat, tarixi saxtakarlıqla doludur. Mən həmişə Sərdar bəyə güclü təfəkkürü olan insan kimi hörmət bəsləyirəm. Prezident seçkilərində çıxışlarını izləyirdim, xoşuma gəlirdi. Bu yaxınlarda oxudum ki, dünyaya səs salacaq elmi kəşfi var. AMEA-nın prezidenti onu qəbul etdi, kəşfilə tanış oldu. Mənim ona rəğbətim daha da artdı. Fikirləşdim ki, Vətənimizə şöhrət gətirəcək. Hörmətli Sərdar bəydən yaşda kiçik olsam da, arzu edərdim populist, milli dəyərlərimizə xələl gətirən mülahizələrinə son qoysun. Mən ondan böyük kəşflər gözləyirəm”.

Elmin Nuri 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər